Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 13:55
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın İdarərəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının 27 Mart - Elm Gününə həsr olunmuş iclası keçirilib.

Tədbiri İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı və Elm günü münasibətilə təbrik edib. Bu əlamətdar günün əhəmiyyətindən bəhs edən alim qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə 27 Mart Azərbaycanda Elm gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. Akademik bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günlə bağlı olaraq xüsusi əhəmiyyətə malik olan Elm günü bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir.

Elmi şura üzvlərini gündəlikdə yer alan məsələlərlə tanış edən Ə.Abbasov ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqova verib.

Elmin populyarlaşdırılması və onun cəmiyyətdəki roluna həsr olunmuş məruzə ilə çıxış edən Ə.Sadıqov Azərbaycanda Elm gününün təsis olunma tarixindən, elmi nailiyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu əlamətdar günün təsis olunmasında əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunun yüksəldilməsi, alimlərin nüfuzunun artırılmasından ibarətdir. Alim son illər ərzində Azərbaycanda bu istiqamətdə həyata keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlər, müxtəlif forumlar və seminarlardan bəhs edib. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu tədbirlərin hazırlanmasında və həyata keçirilməsində aparıcı rol oynayıb.

İnkişaf etmiş, dayanıqlı cəmiyyətin yaradılmasında alimlərin rolunu xüsusilə qeyd edən Ə.Sadıqov bildirib ki, ölkədə son zamanlar elmin təbliği, onun beynəlxalq elmi məkana inteqrasiyasını sürətləndirmək məqsədilə qəbul olunan fərman və sərəncamlar Azərbaycan Respublikasında elm və təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha sübut edir.  O, elmi-texniki potensialın qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin rolunun artırılması istiqamətində dövlət səviyyəsində atılan addımları ölkə başçısı İlham Əliyevin elmin inkişafına ardıcıl olaraq göstərdiyi xüsusi diqqət və qayğısı kimi səciyyələndirib. 

Elmin müxtəlif sahələr üzrə inkişafından, aparılan fundamental tədqiqatlardan bəhs edən Ə.Sadıqov qeyd edib ki, müasir elm və texnologiyalar, əsasən, məhsuldar qüvvələrin istifadəsinin səmərəliliyini yüksəltməyə, xammal və enerji ehtiyatlarının qənaətinə, əməyi yüngülləşdirən edən texnologiyaların istifadəsinə yönəldilib. Elmin gələcək inkişafı isə istehsalatın, iqtisadiyyatın, ictimai həyatın, ekologiyanın, səhiyyənin və təhsilin bütün sahələrində tətbiq edilə bilən ən yüksək texnologiyaların yaradılmasına yönələcəkdir.

Sonra Ə.Abbasov İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının tərkibində həyata keçirilən dəyişikliklər haqqında ətraflı məlumat verərək yeni üzvləri tədbir iştirakçılarına təqdim edib və şuranın tərkibi səsə qoyularaq təsdiqlənib. 

Elmi şuranın gündəliyindən irəli gələn digər məsələ olan İSİ əməkdaşlarının 2021-ci ildəki fəaliyyətinin yekunlarına əsasən mükafatlandırılması ilə bağlı çıxış edən Ə.Sadıqov sağlam rəqabət mühitinin yaradılmasının, məhsuldar çalışan alimlərin daha da həvəsləndirilməsinin vacibliyini vurğulayıb. O, elmi fəaliyyətin qiymətləndirilməsi üçün qəbul edilmiş göstəricilər əsasında seçilən laboratoriya əməkdaşlarını elmi şuraya təqdim edib, müvafiq qərarlar qəbul olunub.

Daha sonra gündəlikdə olan növbəti məsələ ilə bağlı t.e.d. Asif Rzayev çıxış edərək fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün texnika sahəsində ali təhsili olmayan iddiaçıların dissertasiyasının profili üzrə texnikanın əsasları ümumelmi fənni üzrə doktorluq proqramı haqqında şura üzvlərinə ətraflı məlumat verib. Mövzu ətrafında suallar səsləndirilərək müzakirələr aparılıb və proqram təsdiq edilib. 

Sonda bir cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: