Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.03.2022 09:44
  • A-
  • A
  • A+

MEK əməkdaşları Türkiyədə səfərdə olublar

MEK əməkdaşları Türkiyədə səfərdə olublar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Züriyə Qarayeva, Cəmilə Axundzadə və Əsmər Salalı V beynəlxalq Novruz elmi araşdırmalar konfransında iştirak etmək üçün Türkiyədə səfərdə olublar.

Antalya şəhərində baş tutan konfrans AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, Folklor İnstitutu, həmçinin Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, İran və digər ölkələrdən elm adamları, ziyalılar qatılıblar.

Konfrans müddətində iştirakçıların dünyada texnoloji innovasiyalar və onların təhsildə yansımalarına dair çıxışları dinlənilib, həmçinin baharı müjdələyən Novruz bayramının tarixi və mifoloji köklərindən, bir mədəni hadisə kimi ümumbəşəri mahiyyətindən bəhs edilib, türk xalqlarının birlik bayramı olduğu vurğulanıb.

Tədbirdə iştirak edən MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Züriyə Qarayeva “Türkiyədə hökumət sistemi dəyişikliyi kontekstində türk diplomatiyasının uğurları” adlı məruzəsində Türkiyə və Azərbaycanın regionda uğurlu geostrateji addımları, iki ölkənin qardaşlıq əlaqələrinin bölgədəki proseslərə təsir imkanlarından danışıb.

Şöbənin digər əməkdaşı Cəmilə Axundzadə “Şuşa Bəyannaməsi”nin gələcək perspektivləri” adlı təqdimatında Şuşada Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan mötəbər hadisənin gələcəkdə bütün türk dövlətlərinin siyasi, iqtisadi, hərbi əməkdaşlığında etalon olacağını bildirib.

MEK-in baş mütəxəssisi Əsmər Salalı isə xalqın yaratdığı intellektual milli sərvəti toplamaq, qorumaq və gələcək nəsillərə ötürmək missiyasını daşıyan Mərkəzi Elmi Kitabxananın da informasiya müharibəsinin fəal iştirakçısı olduğunu vurğulayaraq “44 günün salnaməsi: Vətən müharibəsi” adlı kitabın təqdimatını edib. Kitab konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Sonda əməkdaşlar MEK fondlarından, həmçinin kitabxana tərəfindən nəşr olunmuş kitabları və digər simvolik hədiyyələri qonaqlara təqdim ediblər.

Sözügedən konfransa onlayn qoşulan MEK-in Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova “Akademik kitabxanalarda informasiya texnologiyalarının tətbiqi” mövzusu ilə çıxış edərək informasiya texnologiyalarının kitabxana fəaliyyətinin təkmilləşdirilməsinə təsiri haqqında danışıb.

Qeyd edək ki, konfransın sonunda İKSAD tərəfindən bütün qonaqlara sertifikatlar və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: