Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncə şəhərində Elm günü münasibətilə keçirilən konfransın iştirakçılarının akademik Arif Həşimova müraciəti
28.03.2022 15:57
  • A-
  • A
  • A+

Gəncə şəhərində Elm günü münasibətilə keçirilən konfransın iştirakçılarının akademik Arif Həşimova müraciəti

Martın 18-də Gəncə şəhərində Elm günü münasibətilə keçirilən elmi-praktik konfransın iştirakçıları adından Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova müraciət qəbul olunub.

Müraciətdə deyilir:

Hörmətli Arif müəllim!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi ilə bağlı imzaladığı 9 aprel 2018-ci il tarixli Sərəncam əsasında respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində də bu əlamətdar tarixi günə həsr edilmiş elmi-praktik konfrans keçirildi.

Ümummilli liderimiz Heydər Əliyev millətinə, dövlətinə sadiqliyini elmin, təhsilin və mədəniyyətin inkişafında, elmi kadrların hazırlanmasında görmüş, Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirmiş, Akademiyanı “Azərbaycan xalqının milli sərvəti adlandırmış” və demişdir: “Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan elmi məktəblər yalnız elmi kadrların hazırlanmasında deyil, regionun sosial-iqtisadi inkişafında böyük rol oynamışdır.

Müasir dövrdə Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Dahi rəhbərimizin layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkədə elmin nüfuzu yüksəlmiş, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaranmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Sərəncamında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas inkişaf xətti kimi qəbul edilmişdir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və “Elm” haqqında qanunlarda elmin inkişafı naminə mühüm istiqamətlər öz əksini tapmış və bu da mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, yeni innovativ idarəetmə üsullarının tətbiqini zəruri edir.

Dahi Nizami yurdunda Elm gününə həsr edilmiş elmi-praktik konfrans dövlət rəhbəri cənab İlham Əliyevin elmimizə və təhsilimizə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

Son illərdə Akademiyada elmin, elmi-texniki potensialın inkişaf etdirilməsi və modernləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmin beynəlxalq məkana inteqrasiyasının sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Həyata keçirilmiş ən əlamətdar tədbirlərdən biri ölkəmizdə nüfuzlu xarici alimlərin iştirakı ilə paytaxtla yanaşı, bölgələrdə də Elm festivallarının keçirilməsidir. Həmin festival Azərbaycan elminin əldə etdiyi nailiyyətləri ictimaiyyətə nümayiş etdirdi.

Azərbaycan alimlərinin və Azərbaycanın Gənc Alimlərinin qurultaylarının keçirilməsi elmimizin son illərdə əldə etdiyi nailiyyətlərin sanballı hesabatı kimi dəyərləndirildi.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elm mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında”kı Sərəncamına əsasən, AMEA institutlarında fəaliyyət göstərən istedadlı gənc alimlər inkişaf etmiş ölkələrin müvafiq elmi mərkəzlərində təcrübə keçirlər.

Gənc elmi kadrların hazırlanması məqsədilə Akademiyada magistratura, Gənc Alim və Mütəxəssislər şuraları və nüfuzlu universitetlərin baza kafedraları yaradılmışdır.

Gənc alimləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-da 35 yaşadək elmlər doktoru elmi dərəcəsi almış gənc alimlər üçün mükafat təsis edilmişdir.

Azərbaycan elmində baş verən elmi yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, cəmiyyətdə elmin və alimlərin nüfuzunu qaldırmaq, eləcə də elmin populyarlaşdırılması məqsədilə AMEA Rəyasət Heyətinin mükafatı, Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilmişdir.

AMEA alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə “Web of Science” və “Scopus” bazalarında nəşr olunan məqalələrə görə mükafatlar təsis edilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, Gəncədə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Həmid Araslı, Həsən Əliyev, Mir Cəlal Paşayev, Əli Quliyev, Çingiz Cuvarlı, Validə Tutayuq, Mehdi Mustafayev, Vəli Axundov, Həsən Abdullayev, Musa Musayev, Maqsud Əliyev, Nurəddin Rzayev, Firudin Hüseynov, Aida İmanquliyeva kimi görkəmli alim və mütəfəkkirlərin yubileyləri qeyd olunmuşdur.

Hörmətli Arif müəllim!

Elmin inkişaf tarixi göstərir ki, bizim bütün uğurlarımız və nailiyyətlərimiz şəxsiyyət fenomeni ilə bağlıdır. İstedadlı, kreativ, parlaq zəkaya malik şəxsiyyət olmadığı yerdə nə elmi məktəbdən, nə elmi mərkəzdən, nə də elmin inkişafından danışmaq mümkün deyil.

Qədim elm və mədəniyyət mərkəzi olan Gəncə bu gün də özünün çoxəsrlik elmi ənənələrini yaşatmaqdadır. Gəncədə AMEA-nın Gəncə Bölməsi ilə yanaşı, üç universitet, dörd elmi-tədqiqat institutu, 53 məktəbəqədər tərbiyə müəssisəsi, 49 dövlət orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Gəncə şəhərində Elm günü münasibətilə keçirilən elmi-praktik konfransın iştirakçıları adından AMEA-nın Rəyasət Heyətinə elmimizin hərtərəfli inkişafı naminə yaratdığı şəraitə görə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: