Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2022 09:26
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Elm gününə həsr olunan elmi sessiya keçirilib

Neft və Qaz İnstitutunda Elm gününə həsr olunan elmi sessiya keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunda Elm gününə həsr olunan elmi sessiya keçirilib.

Tədbirigiriş sözü ilə açan institutun icraçı direktoru, g-m.e.d, professor Vaqif Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə Elm gününün təsis edilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb.

Tədbirdə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Neftqazçıxarmada modelləşdirmə və riyazi üsulların tətbiqi mövzusunda elmi məruzə təqdim edib. O, çıxışında gənc tədqiqatçıların öz tədqiqat işlərini yerinə yetirərkən dayanıqlı qərarların əldə edilməsi məqsədilə modelləşdirmə və riyazi üsulların tətbiqinə önəm vermələrinin zəruri olmasını qeyd edib.

İnstitutun şöbə müdiri, f-r.e.d. Ədalət Həsənov “Məhsuldar kollektorların açıq məsaməliyinin paylanması xüsusiyyətlərinin rəngli vizuallaşdırma modelin tərtibi” mövzusunda elmi təqdimatla çıxış edib. O, Neft və Qaz İnstitutunun alimlərinin Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin əməkdaşları ilə apardıqları birgə tədqiqatların nəticələri barədə danışıb.

Məruzədə Moskudinskoye neft yatağının quyu kəsilişindəki məhsuldar horizontlardan biri üçün quyu karotajının, eləcə də kern nümunələrin mikrokompüter tomoqrafiyası məlumatlarının emalı nəticələri təqdim edilib. Aparılmış araşdırmalar kollektorların tipini və məsamə boşluğunun strukturunu müəyyən etməyə imkan verib. MS Excel proqram məhsulundan istifadə etməklə ilkin verilənlər massivinin sonradan böyüdülməsi, tərkibindəki dəyərdən asılı olaraq hər bir məsamə kəmiyyətinə öz rəngini təyin etməklə nəticəni vizuallaşdırmağa imkan yaradılıb. Əldə edilən rəng vizuallaşdırma modeli kollektorun təhlil edilən həcmində açıq məsamələrin paylanması xüsusiyyətlərini qiymətləndirməyə kömək edir və kern daxilində və boyunca məsaməliyin orta dəyərləri içəridə eninə və uzununa flyuid keçirən kapilyarların mövcudluğunu əyani şəkildə təsvir edir.

Daha sonra Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Rahilə Əliyevanın “Qarabağın işıqlı gələcəyi”, Aygün Qulizadənin “Azərbaycan İqtisadiyyatında neftin rolu”, Sahilə Nəsibovanın “Palçıq vulkanı” və Məhəmməd Dadaşovun “Qara Qızıl” mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: