Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ), AR Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi (MAKA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Su ehtiyatlarının qorunması üçün müasir texnologiyaların tətbiqi” mövzusunda birgə elmi seminarı keçirilib.
Seminarda sözügedən elmi müəssisələrin idarə heyəti, müvafiq laboratoriya və şöbə əməkdaşları, professor və müəllim heyəti iştirak ediblər.
Tədbirdə Çin Xalq Respublikasının “Çin Milli Talant” beynəlxalq qrant proqramı çərçivəsində yerinə yetirilən layihə ətrafında əsas məruzəçi qismində Çinin Shaoxing Universitetinin Jean-Guy Beynəlxalq Birgə Laboratoriyasının rəhbəri, Pierre və Marie Curie Universitetinin Paris Robototexnika Laboratoriyasının (LRP) direktoru, professor Jean-Guy Fontaine və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) prezidenti, Çinin Wenzhou Universitetinin professoru Elçin Xəlilov çıxış edib.
Seminarı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov qonaqları salamlayaraq cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində baş tutan elmi seminarın önəmini qeyd edib.
“Sualtı pilotsuz aparatların və robototexnik cihazların köməyi ilə böyük su hövzələrində çirklənmənin qarşısının alınması üçün monitorinq sisteminin tətbiqi” adlı layihənin əhəmiyyətini vurğulayan Ə.Abbasov seminarın Azərbaycan və Çin arasında elmi əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib, dünya elmi ictimaiyyətini bir araya gətirən proqramda iştirakla bağlı təkliflərin hazırlanacağını bildirib.
Sonra professor J.G.Fontaine “İntellektual ekoloji monitorinqlərin aparılmasında suüstü və sualtı pilotsuz və robototexniki aparatların istifadəsi” mövzusunda çıxış edib. Su hövzələrinin çirklənməsinin qarşısının alınması üsullarından bəhs edən alim nanotexnologiyalardan istifadə olunan müasir dövrdə ənənəvi və yeni metodların birgə istifadəsinin önəmini qeyd edib. Bildirib ki, hazırda monitorinqin aktual olduğu sahələrdən biri də məhz neft hasilatıdır ki, burada robototexnikalardan istifadə etməklə effektiv nəticə əldə etmək mümkün olur.
Su hövzələrinin monitorinqində əsas nüansları nəzərə çatdıran J.G.Fontaine diqqət yetirilməli ilkin məqamların coğrafi mövqe və qanunvericilik aktları, sonra isə su hövzələrinin təmizlənməsində düzgün strategiya seçimi olduğunu vurğulayıb. Belə ki, ənənəvi üsulla hövzələrdən həftəlik və aylıq nümunələr götürülərək təhlil aparılır və müəyyən qərarlar alınır. Digər tərəfdən, dövrün tələbinə uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə yeni ölçü texnikaları və platformaların yaradılması ilə daimi və daha keyfiyyətli monitorinq aparmaq mümkündür.
Ənənəvi monitorinq strategiyasının adətən çirklənmənin aşkar olunaraq müşahidə edildiyi zaman həyata keçirildiyini bildirən professor sualtı hövzədə baş verən çirklənmənin, o cümlədən toksik maddələr, pestisitlər və s. qarşısının alınmasında isə yeni texnologiyalara ehtiyac duyulduğunu bildirib.
J.G.Fontaine insan həyatı üçün xüsusi əhəmiyyət daşıyan və içməli su mənbəyi hesab olunan göl və dənizlərin monitorinqi barədə tədbir iştirakçılarına məlumat verib. Ekologiyanın mühafizəsi, o cümlədən dəniz heyvanlarının səs dalğaları və təhlükələrdən qorunması üçün sensorlardan istifadə edərək su hövzələrinin təmizlənməsindən bəhs edib. Hövzələrdə daimi monitorinqin həyata keçirilməsi üçün su üzərində uça bilən qlayderlər, suyun təbii hərəkəti ilə irəliləyən drifterlər və avtonom şəkildə fəaliyyət göstərən cihazların köməyi ilə platformaların təşkilinin önəmini qeyd edib. Bildirib ki, suyun səthinin dayaz və ya dərin olması da monitorinqin effektiv şəkildə həyata keçirilməsinə təsir edən amillərdəndir. Burada önəmli məqamlardan biri də məlumat toplayacaq qurğunun düzgün seçilməsidir. Professor məlumatların toplanılmasında vacib vasitələrdən olan dronlar və katamaranlardan ətraflı şəkildə söz açıb.
Sualtı axınların çirklənməni hərəkətə gətirdiyi üçün dərin su hövzələrində monitorinqin həyata keçirilməsinin mürəkkəb olduğunu bildirən alim problemin aradan qaldırılmasında yeni sensorların tətbiqindən bəhs edib. Hazırda yeni ölçü üsullarının sınaqdan keçirilərək istifadəyə hazır olduğunu qeyd edən J.G.Fontaine problemin zamanında aşkarlanması və düzgün təhlilinin mülki əhalinin və təbiətin təhlükəsizliyinin təmin edilməsində xüsusi rolundan söz açıb. Professor dünyanın qabaqcıl ölkələri sırasında yer alan Azərbaycanda “Ağıllı şəhər” kimi “Ağıllı dəniz” məhfumunun yaradılmasının önəmini vurğulayıb.
Çıxışının sonunda Çinin Wenzhou Universiteti ilə birgə hazırlanan və asanlıqla transformasiya oluna bilən sistem barədə məlumat verən J.G.Fontaine hiperspektral görüntülər vasitəsilə suyun səthi və sualtı sahələrin təhlil olunduğunu, problemin aşkarlanaraq katamarana siqnalın ötürlüdüyünü bildirib. Su hövzələrində toksiki problemlərin aşkarlanmasında sistemin rolunu vurğulayan alim onun sınaqdan keçirildiyini və əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Daha sonra professor Elçin Xəlilov çıxış edərək sözügedən sistem barədə ətraflı məlumat verib. Yaşıl texnologiyalar əsasında hazırlanan bu pilotsuz sualtı sistemin lazımi tapşırığı maneə olmadan yerinə yetirə bildiyini qeyd edib.
Ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq əlaqələri çərçivəsində görülən işləri nəzərə çatdıran professor bu istiqamətdə tədqiqat mərkəzinin yaradıldığını nəzərə çatıdırıb. Sözügedən sahədə İSİ və Ekologiya İnstitutu ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına maraqlı olduqlarını bildirib. E.Xəlilov “Çin Milli Talant” beynəlxalq qrant proqramı çərçivəsində yerinə yetirilən sistemin Xəzər dənizində çirklənmənin səbəblərinin aşkarlanaraq aradan qaldırılmasında effektiv rol oynaya biləcəyini qeyd edib.
Sonra MAKA-nın Ekologiya İnstitutunun direktoru, Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəhram Əliyev çıxış edərək təqdim olunan layihənin ekosistemin qorunmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib və ölkələrimiz arasında bu sahədə əməkdaşlığın qurulmasının zəruriliyindən bəhs edib. Azərbaycanın əsas ekoloji problemləri kimi qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və şirin su qıtlığını qeyd edən professor sözügedən məsələlərin aradan qaldırılmasında dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn vəzifələrdən söz açıb.
Daha sonra seminar iştirakçıları tərəfindən təqdim olunan layihə ilə bağlı suallar səsləndirilib, geniş müzakirələr aparılıb.
Tədbirin sonunda çıxış edən Ə.Abbasov tədbir iştirakçılarına təşəkkürünü ifadə edib, təqdim olunan layihənin təqdirəlayiq hesab edildiyini bildirib. İdarəetmə Sistemləri İnstitutunda intellektual və optimal idarəetmə sahəsində həyata keçirilən işlər barədə qonaqlara məlumat verən akademik qarşıda duran perspektivlərdən söz açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.