1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.
“Azərbaycan ədəbiyyatında soyqırımı və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar” mövzusunda keçirilən elmi sessiyada çıxışında akademik İsa Həbibbəyli “Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli ağrıları kimi dəyərləndirir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədinin azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub...” .
Fərəhli haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünə nail olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən dövlətimizin ədalətli mövqeyinin tanınması sahəsində əhəmiyyətli və məqsədyönlü işlər görülür. Elm adamları, ziyalılar bu proseslərdən kənar qalmır, öz tədqiqatları, elmi yanaşmaları, fikir və mülahizələri ilə milli varlığımızı dünyaya tanıtmaqda əsaslı tədqiqatlar aparırlar.
Sözümüz 1918-ci il Mart soyqırımı haqqındadır... Dünyanın bir sıra ölkələrində soyqırımla bağlı müsbət və mənfi dəyərləndirilə biləcək yüzlərlə biblioqrafik nəşrlər çap olunur. Bu qəbildən biblioqrafik nəşrlərin müqayisəli təhlili və elmi dəyəri və ya dəyərsizliyi haqda söz demək elm adamları ilə yanaşı biblioqraflarımızın da öhdəsinə də mühüm vəzifələr qoyur. Xüsusilə, azərbaycanlılara qarşı, o cümlədən Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvanda yerli əhaliyə qarşı soyqırımı faktlarını geniş təhlil və təsdiq edən əsərlərin biblioqrafik tədqiqinə və təbliğinə ehtiyac artmaqdadır. Həqiqi soyqırım faktlarını saxta uydurmalardan ayırıb ədaləti bərpa etmək dünya nizamınında ədalətin bərqərar olması, əmin-amanlığın ilkin şərtlərindəndir.
Hələ 1916-cı il hadisələrinin şahidi olmuş rus yazıçısı, Moskva Dövlət Universitetinin Afrika və Asiya İnstitutunun direktoru, türkoloq Mixail Meyer erməni soyqırım mifini ifşa edirdi: “Soyqırım olmayıb. 1915-ci ildə Türkiyədə 1,5 milyon erməni var idi. Məncə, 1,5 milyon erməninin məhv edilməsindən danışmaq mümkün deyil”.
Halbuki, 1918-ci ildə törədilmiş soyqırım hadisələrinin faktiki qeydiyyatı hələ də yaddaşlarda qaldığı kimi, külli miqdarda bədii-publisitik, elmi nəşrlərdə, mətbuat səhifələrində, arxivlərdəki unikal sənədlərdə qalmaqdadır.
1918-ci il Mart faciəsinin şahidləri olan Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər ziyalıların müxtəlif səpkili əsərləri məlumdur. 1918-ci ilin mart soyqırımı Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu.
Nəriman Nərimanov Şamaxı qırğını haqqında bunları yazırdı: “Əvvəllər Bakıda olan T.Əmirov və S.Lalayevin silahlı dəstələri yaşından və cinsindən asılı olmayaraq bütün azərbaycanlıları məscidlərdə qətlə yetirərək yandırdılar” .
Professor Asif Rüstəmli qeyd edir ki, “1905-1906-cı illərdə bütün Azərbaycanı faciələr bürüyəndə, Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Ordubadi isə “Qanlı sənələr” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırırıq ki, əldə etdiyimiz, haqqında məlumat topladığımız bədii əsərlərin hamısı “Mart Hadiseyi-ələmiyyəsi”ndən sonra isti-isti yazılmış, müəllifləri soyqırımı aksiyasının şahidləri və zərərdidələri olmuşdur”.
Nəriman Əbdürrəhmanlı Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan” əsərində həmin qırğınlarla bağlı məqamlara rast gəlidiyini yazır: “O əsərin xeyli hissəsi Mart qırğını ilə bağlıdır. Bu sənədli-bioqrafik əsərdir. Sırf bədii ədəbiyyatda isə o qırğınların geniş epik mənzərəsini verən bir əsərə rast gəlməmişəm”. Yazıçı Mart qırğını ilə bağlı əsərlərin az yazılmamağını müstəqillik qazanana qədər həmin mövzuda sənədlərin üzə çıxarılmamağı ilə əlaqələndirir: “Ortada erməni faktoru olub və erməni təəssübkeşləri var idi. Ona görə də həmin sənədlər üzə çıxarılmayıb. Yalnız müstəqillik qazanandan sonra bu mövzu geniş araşdırılmağa başlandı və mart qırğını haqqında sərbəst danışmaq mümkün oldu...”.
1917-ci ildə işıq üzü görmüş “Soyqirimi. Terror. Deportasiya. Biblioqrafik göstərici. Геноцид. Терроризм. Депортация. Библиографический указатель. Genocide.terrorism. Deportation. Bibliographic index” - biblioqrafik göstəricisində soyqırım faktlarını əks etdirən tarixi mənbələr və bu haqda elmi araşdırmlar əhatə olunmuşdur. Amma bədii söz yaddaşımızda bu qəbildən materialları əhatə edən informativ materialların nəşrinə də ehtiyac var. Çünki ədəbi faktlar tarixi faktlarla üst-üstə düşdükcə göz önündə ədalətin geniş və dəqiq panoramı açılır, həqiqət belədir deyən fikir yaranır. Bu ədalətin bərpası üçün bədii irsimiz, söz yaddaşımızın səhifələri müstəqil dövlətçilik tariximizin fonunda yenidən araşdırılmalı, ölkəmizdə, xarici dövlətlərin arxivlərində hələ aşkar edilməmiş mənbələr, soyqırım izləri ağ səhifələri boyamalıdır. Nəzərə almaq lazımdır ki, informasiya savaşı biblioqrafik biliklərimizdən də yan keçmir.
İnternet şəbəkələrində də qərəzli seçim yoluyla, saxtakarlıqların yer aldığı biblioqrafik “təbliğat kompaniya”ların aparılması da hamıya məlumdur. Belə nümunələrdən biri olan Kaliforniya Universitetinin professoru Eddi Yegianyanın qlobal şəbəkəyə çıxardığı Ermənilərin soyqırımı biblioqrafiyasının mahiyyəti və mənbələrin seçiminə müəllifin baxış bucağı da aydındır.
Həmin müdhiş günlərin şahidi A.J.Kluge adlı alman Bakıda baş verənləri belə təsvir edir: “Ermənilər müsəlman (azərbaycan) məhəllələrinə soxularaq hamını ard-arda öldürür, qılıncla kəsir, süngü ilə deşik-deşik edirdilər... Ermənilər uşaqlara, qocalara da aman vermirdilər”.
Qeyd edək ki, bu qəbildən həm çap, həm də elektron variantda “Геноцид армян 1915-1916 гг. Библиография” (1995), “Армянский вопрос, геноцид армян: библиография литературы на русском языке” (1877-1997), “Армянский вопрос и Геноцид армян”. Библиография на русском языке (1998-2007 гг.) və s. kimi nəşrlər internetdə ermənilərin “soyqırımının” təbliğinə xidmət edir.
Bu mənbələr idrakın və məntiqin dərk etdiyi səbəb və nəticə müstəvisində araşdırıldıqca tarixi səhnələrin əslini bədii boyada aydın görmək olar. Ədəbiyyatşünaslıq elmimizin də aşkar etdiyi bədii rakursda əksini tapmış faktları biblioqraflarımızın yaxından köməyi ilə müqayisəli-informativ təqdimi zəruri və gərəkli bir işdir. Belə biblioqrafik tədqiqat nümunələri də məlumdur. Məsələn, dünya elmi mühitində soyqırımla bağlı tədqiqatlar üzrə mütəxəssis kimi tanınmış Günter Levin “Osmanlı imperiyasında erməni məsələsi: miflər və reallıq” adlı tədqiqatında mənbələrə qərəzli yanaşma faktlarını tədqiq və təsdqi edir. Bu qəbildən nəşrlərin, eləcə də, Stiven Kats, Bernard Lyuis və b. əsərlərinin biblioqrafik istinadları - saxtalaşdırma faktlarının aşkar edilməsinii, həqiqiqəti əks etdirən mənbələrin təbliğini də asanlaşdırır.
Qardaş Türkiyədə məsələ ilə bağlı nəşr edilmiş biblioqrafik mənbələrin öyrənilməsi müştərək biblioqrafik nəşrlərin ərsəyə gətirilməsi də məqsədəuyğundur. Türkiyəli, Sabancı Üniversitetinin doktoru Candan Bademin “Türk-Ermeni Sorunu Bibliyografyası” 1878-1923-cü illərə aid ingilis, rus, erməni, fransız, alman və b. dillərdə xeyli sənədli mənbələri, monoqrafiyaları, məqalələri əhatə edir. Bu nəşrdə mənbələrə qərəzli yanaşma faktları tədqiq və təsvir edilir.
Azərbaycan internet mühitinə çıxarılmış Prezident Kitabxanasının təqdim etdiyi “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron biblioqrafik bazası arxiv sənədlərini, dövri mətbuat materiallarını, ayrı-ayrı tədqiqatçıların elmi əsərlərini və s. əhatə edir. 7 bölmədən ibarət elektron bazanın “Soyqırım” fəslinin: “Ermənilərin 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri qırğınlar”, “1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımları”, “Ermənistanın 1991-1994-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində törətdikləri soyqırım cinayətləri”, “Deportasiya” bölmələri zəngin elmi biblioqrafik informasiya yükünə malikdir.
“Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı: Sənədlər toplusu”, “Bakıda 1918-ci il mart soyqırımı”, “Quba qəzasında türk-müsəlman soyqırımı”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində erməniləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” və s. nəşrlər öz əksini tapmışdır.
Bununla belə, soyqırım məsələlərinə həsr olunmuş, daha geniş əhatədə annotasiyalı, tarixi-xronoloji, elmi-sənədli elektron biblioqrafik məlumat bazalarının, nəşrlərin yaradılması elmi gündəmdə olan məsələdir. Unutmayaq ki, bu müstəvidə araşdırılan, aşkar edilən hər bir həqiqət faktı, elmi əsər, sənəd, faktoqrafik məlumat “hədəfə açılan sərrast atəş”dir. Və bu atəş dini, irqi, milli zəmində insanlığa, humanizmə, varlığımıza, maddi-mənəvi dəyərlərimizə qarşı törədilmiş hər cür cinayətləri, vəhşilikləri, vandallığı susdurmağa yönəlmişdir.
Zakirə ƏLİYEVA, AMEA-nın Ədəbiyyat İnstitutunun Elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.