Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür
19.04.2024 09:12
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

Naxçıvan Muxtar Respublikası müstəqil  Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir. 

Ulu Öndər Heydər Əliyev

Naxçıvan dünyada ən qədim insan məskənlərindən biri hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın memarlıq inciləri olan Möminə Xatun türbəsi və Xan Sarayı da məhz Naxçıvanda yerləşir. Bu diyarda qədim tikililərə, müxtəlif əsrlərə aid tarixi abidələrə, mədəni irs nümunələrinə rast gəlmək mümkündür. Naxçıvan haqqında çox sayda rəvayətlər və əfsanələr mövcuddur.

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda bildirilmişdir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

Naxçıvan Azərbaycan xalqına və dünyaya dahi insanlar, mütəfəkkirlər, sərkərdələr bəxş etmişdir. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz dünya lideridir. O, həyatı boyunca doğma Vətəninə, xalqına sadiqlik nümunəsi göstərib, ölkəmizin tərəqqisi, yüksəlişi üçün əlindən gələni edib. Dahi lider Naxçıvanın davamlı inkişafını hər zaman diqqətdə saxlayıb, onun gələcəyi ilə bağlı ən vacib qərarların qəbul edilməsinə nail olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muxtar respublikanın inkişafı, burada həyata keçirilən kompleks tədbirlərlə bağlı fikirlərini bölüşərkən demişdir: “Naxçıvan hərtərəfli inkişaf edir və bu gün ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Muxtar Respublikada elmin və təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərilir, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvanda 3 ali təhsil müəssisəsi - Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Heydər Əliyev adına Hərbi Lisey, 200-dən çox ümumtəhsil məktəbi, eləcə də orta ixtisas və peşə məktəbləri fəaliyyət göstərir.

Muxtar Respublikada fəaliyyət göstərən alim və mütəxəssislər qədim diyarın tarixi, ədəbi-mədəni mühiti, memarlıq nümunələri, iqtisadiyyatı, təbii ehtiyatları və s. ilə bağlı əsaslı tədqiqatlar aparır, mühüm elmi nəticələr əldə edirlər. AMEA-nın Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclasında bildirilmişdir ki, ötən il Naxçıvan Bölməsində 12 monoqrafiya, 8 kitab, 1 metodik vəsait, 188 elmi məqalə, 93 konfrans materialı və 5 tezis olmaqla 307 elmi əsər nəşr edilmişdir. Əsərlərdən 48-i xaricdə, 190-ı nüfuzlu beynəlxalq elmi jurnallarda çapdan çıxmışdır. Məqalələrdən 3-ü “Scopus” bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc olunmuşdur.

Bu gün  Naxçıvan tarixdə ən qızıl dövrünü yaşamaqdadır. Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur.

İnanırıq ki, 100 yaşı olan qədim diyarımız Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən ziyalılar, elm adamları mühüm elmi nailiyyətləri, qlobal çağırışlara cavab verən tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayacaqlar.

Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: