Xalqımızın görkəmli ziyalılarından biri, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri (2004-cü ildən), Azərbaycan Milli Elmlər Akademiyasının (2007), Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının (2002) həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, “Şöhrət” ordenli akademik Qərib Məmmədovun doğum günüdür.
Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1965-ci ildə Amasiya rayonunda orta məktəbi başa vurmuş, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi (1980–1984), laboratoriya rəhbəri (1984–1994), institutun direktoru (1994–2000) vəzifələrində işləmişdir.
1979-cu ildə fəlsəfə doktoru, 1992-ci ildə biologiya üzrə elmlər doktoru dissertasiyaları müdafiə etmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.
Qərib Məmmədov I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-1997) seçilmiş, 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir. Akademik 2011–2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdur. 2016-cı ildən isə AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.
Professor Qərib Məmmədov torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı elmi araşdırmalar aparan görkəmli Azərbaycan alimidir. Onun tərəfindən Azərbaycan Respublikası üzrə torpaqların aqroekologiyası və bonitirovkası, torpaqların ekoloji münbitlik modelləri, torpaqların coğrafi-yayılma qanunauyğunluqları müəyyən edilmiş və xəritələşdirilməsi aparılmış, torpaq örtüyü strukturası (TÖS) tədqiq edilmişdir; landşaft komplekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılmış, ekoloji qiymət xəritəsi və 3 dildə (Azərbaycan, rus, ingilis) Ekoloji atlaslar və ilk dəfə olaraq Azərbaycanın ekoloji konsepsiyası hazırlanmışdır.
Qərib Məmmədov 700-ə yaxın elmi əsərin, o cümlədən 30 metodik tövsiyə və kitabçanın, 36 müəlliflik şəhadətnaməsi və patentin, 5 səmərəli təklifin, 20-dən çox dərslik və dərs vəsaitinin və 30-a yaxın monoqrafiyanın müəllifidir. Onun əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur.
Akademik Qərib Məmmədovun elmi-təşkilati fəaliyyətinin mühüm bir hissəsi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə bağlıdır.
Akademik Qərib Məmmədov 2001-ci ildən Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin prezidentidir.
Dövlətimizin mühüm strateji istiqamətlərindən olan ərzaq probleminin həlli məsələlərində taxılçılığın inkişafı üçün əkinə yararsız torpaqların əkin dövriyyəsinə qaytarılmasında alimin xidmətləri vardır.
Bundan əlavə, qaçqın və məcburi köçkünlərə həyətyanı kənd təsərrüfatı ilə məşğul olunması üçün torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin layihələndirilməsi və yerinə yetirilməsində Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin sədri kimi akademik Q. Məmmədovun böyük xidmətləri olmuşdur.
Akademik Qərib Məmmədov elmi, elmi-təşkilati, ictimai və siyasi fəaliyyəti ilə yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Akademik respublikanın müxtəlif ali təhsil müəssisələrində torpaqşünaslıq, ekologiya və meliorasiya ixtisasları üzrə kadrların yetişdirilməsində aktiv iştirak edir.
Hörmətli ziyalımızı ad günü münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.
Fikrət ŞİRİYEV, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.