Çoxəsrlik Azərbaycan tarixində vətənpərvər, dövlət idarəçiliyində önə çıxan, ziyalı adı ilə tanınan qadınlarımızın sayı çox olmasa da hər birinin Vətən qarşısında göstərdiyi xidmətlər unudulmur. Əksinə üzərindən yüzilliklər keçməsinə baxmayaraq, hələ də xatırlanan və yetişməkdə olan gənc nəsillərə örnək Azərbaycan qadınlarının xatirəsi dünya durduqca yaşayacaq. Onlardan Sara xatun, Möminə xatun, Taclı xatun, Bəyim xatun, Tuti Bikə, Behruzə, Mehircan, Pərixanın adlarını çəkmək kifayətdir ki, bəylərlə çiyin-çiyinə vuruşmuş Azərbaycanın mərd qadınları haqqında fikir formalaşsın. Tarixi mənbələr göstərir ki, Azərbaycan qadını ailəsində ana, dövlət idarəçiliyində hökmdar olacaq qədər cəsur, elm, mədəniyyət və mənəvi dəyərlərin daşıyıcısı, maarifpərvər, qayğıkeş kimi ali dəyərlərə sahib olmuşdur. Azərbaycanın bütövlüyü, onun düşmənlə mübarizəsində bəzən silaha sarılan qadınlarımız tarixi yer üzündə yazmış və özlərindən sonra şərəfli iz qoymuşlar. Müasir dövrdə də Azərbaycan qadını yeni tarix yazmağa davam edir. Bu tarix uzun illər, əsrləri geridə qoyaraq göylərdə yazılan alın yazısı kimi Vətənimin mərd qızı, işinin peşəkarı, şərəfli peşəsini yerinə yetirərkən qəhrəmanlıq göstərmiş və dövlət başçısı tərəfindən respublikanın milli qəhrəmanı yüksək adına layiq görülmüş Hökümə Əliyevadır.
8 avqust 1991-ci ildə Azərbaycanın cənnət guşəsi Kəlbəcərin Susuzluq kəndində həyata göz açan Hökümə Əliyevanın uğur hekayəsi iki yaşında, 1993-cü ildə tərk etdiyi doğma kəndindən başlayır. Bir müddət, 6-cı sinfə qədər Rusiyada təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Azərbaycana qayıdan Hökümə daha yüksək, ali təhsil almaq üçün qəbul imtahanında topladığı 612 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçir və uğurlu karyera həyatı yaşayır. Ailə qurur, həm də onu anlayan, həyatda böyük dayağı olan Etibar Əliyevlə. Bir zmanlar, I Qarabağ müharibəsi illərində doğulduğu kəndindən, elindən, obasından qaçqın düşən Hökümə uzun illər sonra Vətən həsrətini geridə qoymuş, azad Azərbaycanın mərd övladı olaraq başı dik, qürurla gəzərdi.
Azərbaycanın təbiət incisi Kəlbəcər otuz ilə yaxın dövr ərzində Hökümənin valideynlərinin, qohumlarının yuxularında yaşadıqları Vətən həsrətinin bitməsi ilə hər kəs kimi onun da həyatında yeni səhifə açmışdı. Lakin 25 dekabr 2024-cü il tarixli qəfil təyyarə faciəsi Əliyevlər ailəsini dərindən sarsıtdı və köz bağlamış yaralarını yenidən qanatdı. Bu dəfə övlad itkisi, Hökümənin yoxluğu ilə barışa bilməyən ailənin qəlbində sağalmış Vətən yarasının yerini növbəti itki əvəz etdi. Artıq Hökümə bir ailənin yox Azərbaycan boyda məmləkətin qəhrəmanına çevrildi. Cəsarəti ilə yaşıdlarına, hər kəsə örnək olan Hökümə evdən yox, eldən getdi, həm də göylərə ucaldı və yüksəklərdə şərəf tarixi yazdı.
Müasir Azərbaycanın Aviasiya tarixinə ilk qadın milli qəhrəmanı kimi daxil olan Hökümə Əliyevanın qəza anında göstərdiyi cəsarət, səbr və möhkəm iradə ölümdən qayıdan xeyli insana yaşamaq gücü verdi. Hökümənin saatlarla havada asılı qalan təyyarədə sərnişinlərə aşıladığı ümidlə dolu sözlər və “hər şey yaxşı olacaq” sədaları hazırda böyükdən kiçiyə hər kəsin yaddaşında dərin iz buraxmışdır. Elə bir iz ki, sanki düşmənlə mübarizə cəbhəsində komandirin əsgərinə verdiyi komandaya – “hazır ol, ruhdan düşmə, irəli addımla” devizinə bənzəyirdi. Əslində Azərbaycana məxsus təyyarənin vurulmasından sonra, sükan arxasında pilotun, kabinədə isə sərnişinlərin rahatlığını təmin edən şəxslərin saatlarla havada verdiyi mücadilə döyüş meydanında baş verənlərdən fərqlənmir. Əgər düşmənlə mübarizə cəbhəsində silahlar öz sözünü deyirsə, burada qəlbə məlhəm olan və yaşamaq ümidini ölməyə qoymayan kəlmələr insanların psixoloji vəziyyətinin son anadək stabil qalmasına kömək etmişdir. Qəza enişi anında peşəkarların anlayıb ətrafına yansıtmadığı, əksinə sərnişinlərdə ruh düşkünlüyü yaratmamaq üçün göstərdikləri şücaət yalnız təqdir oluna bilər. Belə qəhrəmanlardan biri, zamana hökm edən Hökümə Əliyevanın özünü itirmədən, qorxmadan insanları sakitliyə səsləməsi göylərdə yazılacaq yaxın tarixdən xəbər verirdi. Elə bir tarix ki, hələ bənzəri olmamış və bəlkə də olmayacaq şanlı tarix.
Kim deyə bilərdi ki, 25 dekabr Hökümənin son uçuşu olacaqdı. Həyat dolu, uğurlu karyeranın başlanğıcında, alimlik dərəcəsinin bir addımlığında olan, gözəl ailəsi və həyat yoldaşı ilə fəxr edən cəsur Azərbaycan qadını göylərdə olüm-dirim mübarizəsi aparacaqdı. Anasının, elə özünün də qorxduğu başına gəldi. Amma, Hökümə həmin anda cəsarətini toplayıb hər kəsi sakitliyə və təlimata riayət etməyə səslədi. Pilotların və ekipajın birgə verdiyi mücadilədə sərnişinlərin xeyli hissəsini faciədən xilas etmək mümkün oldu. Nəticədə bütün peşakarlığını və gücünü səfərbər edərək canlarından keçdilər ki, insanlar yaşasın. Bununla da neçə-neçə ailələrə sanki yenidən doğulan körpə müjdəsi, sevinc göz yaşları bəxş etdilər.
Hökümə ixtisasca psixoloq olmasa da yiyələndiyi hüquqşünas təhsili, həmin sahədə layiq görüldüyü magistr dərəcəsi və ali təhsilin yüksək doktorantura pilləsində qazandığı nəzəri biliklər, praktikada onun əzm və dəyanətlə, təyyarənin yerə çırpıldığı son ana qədər dözüm və iradə nümayiş etdirdiyini göstərdi. Qəzadan sağ qurtulan sərnişinlər Hökümənin onlarla necə peşəkar davrandığını, insanlara qayğı göstərdiyini dönə-dönə təkrar edrilər. Hökümənin: “Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər təlimata uyğun hərəkət etin...” sözləri bir ömür boyu sağ qalanların ağrılı xatirələrini dilə gətirəcək. Qəhrəman Azərbaycan qadını haqqında valideynlərinin, həyat yoldaşının, qardaşının söylədiyi fikirlər Hökümənin təkcə işində yüksəldiyini təsdiq etmir, həm də ailəsi və yaxın çevrəsi ilə münasibətlərinin sağlam və möhkəm olduğunu göstərir. Bütün deyilən fikirlər Hökümənin sosial xeyirli vətəndaş kimi yetişdiyindən xəbər verir. Valideynlərinin gözəl ad, yüksək tərbiyə, ali təhsil verdiyi və qəhrəman kimi böyütdükləri qız illər sonra dövlətin həqiqi milli qəhrəmanı kimi göylərdə tarix yazmaq haqqı qazanır.
Hökümənin anası Kəmalə xanım müsahibələrinin birində qəhrəman övladını belə xatırlayır: “Çox sevirdi işini, deyirdi bundan sonra, istər mənə vəzifədə versələr ayıra bilməzlər. Deyirdi ki, məni işimdən ayırmaq olmaz. Mən həmişə internetdə təyyarə qəzalarına baxırdım, balamın hər gününə hazır idim, bilirdim balam belə olacaq. Deyirdim getmə, deyirdi ay mama mən hüquqşünas olmuşam, qorxduğum üçün bəlkə də məni aldadırdı, deyirdi istəsəm könüllü ölkələri gəzərəm. O, Hindistanın, İtaliyanın tarixi məkanlarında şəkillər çəkdirib gülə-gülə. Elə sevinirdi ki, ölkələri gəzirdi. Deyirdi ay mama mənimlə fəxr elə. Uşaqlıqdan mən Qənirə Paşayeva olacağam deyirdi”. Hökümə Qənirə Paşayeva kimi mərd Azərbaycan qadınını, ictimai-siyasi, elmi-ədəbi, mədəni fəaliyyəti ilə gənc qızlarımıza örnək olan bir şəxsiyyəti özünə nümunə seçmişdi. Böyük uğurlara imza atacağını təxmin etsə də Hökümə bəlkə də nə vaxtsa Azərbaycan dövlətinin milli qəhrəman kimi yüksək ada layiq görüləcəyindən xəbərsiz idi və bu, baş verdi. Hökümə öz cəsarəti və dözümlülüyü ilə son ana qədər mübarizəni davam etdirdi, taleyin oyununa təslim olmadı. Mərd Azərbaycan qadını bir daha təkrar edirəm – zamana hökm etdi. O, üzərində daşıdığı adı kimi mərd olub amansız ölümə meydan oxudu, zamana qarşı hökümlü olduğunu və sonsuza qədər yaşayacağını öz əməli ilə sübut etdi.
Əzizlərinin, onu yaxından tanıyanların Hökümə haqqında söylədikləri yüksək fikirlər, qəhrəman Azərbaycan qadınını vəsf edən səmimi düşüncələr və xoş xatirələr onu əbədiyyət ünvanı qazanan şəhidlik məqamına yüksəltdi. Ekipajla vəda mərasimində, qəhrəman Hökümənin atası Cəlilin qəhərdən boğularaq, yaşlı gözlərlə övladı haqqında söylədiyi sözlər də hamımızı kövrəltdi: “...Bu ağır itkini mənimlə xalqım, dövlətim, millətim bərabər çəkir, onların hamısına təşəkkür edirəm, xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm, qoy həmişə, daim yaşasın, mən onu çox istəyirəm...”. Azərbaycan dövlətinin Hökümənin ailəsinə, əzizlərinə göstərdiyi diqqət son dərəcə vacibdir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın milli qəhrəman adına layiq görülmüş, mən deyərdim şəhidlərimizin ailə üzvləri ilə görüşü onların tək olmadıqlarını, arxalarında dövlət və xalqın dayandığını bir daha təsdiq etdi.
Hökümənin həyat yoldaşı Etibar Əliyev də öz kövrək xatirələrini media ilə bölüşərək demişdir: “Ən gözəl nə sözlər desəm azdır, tərbiyəli, qanacaqlı, əxlaqlı, oturuşuna-duruşuna, geyiminə, savadına, danışığına, qabiliyyətinə, ...nə bilim hər bacarığı, biliyi, elmi, helmi haqqında nə desəm azdır. Dövlətə, vətənə xidmət etmək, dövlət qulluqçusu olmaq istəyirdi. ...Doktoranturanın son mərhələsində idi, bir məqaləsi çap olunmalı idi xaricdə. İşlə bağlı o qədər baş qarışıqlığı, yorğunluq olurdu deyə vaxt ayıra bilmirdi elmi fəaliyyətə. Dəfələrlə imtahanlara aparmışam onu Bakı Dövlət Universitetinə. Onun özünün tərbiyəsi ...bir nümunə idi. Vəzifə öhdəliklərini layiqincə və düzgün şəkildə icra edirdi hər zaman. İnsanlara ürək-dirək, təsəlli verirdi, başa salırdı, izah edirdi ki, qorxmağa, narahatçılığa heç bir əsas yoxdur, hamımız birlikdə gedirik, hamımız da birlikdə qayıdacağaıq, çətin bir şey olmayacaq. Bacım dedi ki, iş qrupunda bildirilib ki, təyyarə qəzaya uğrayıb. Eşidəndə dizlərim qırıldı. Nə sözümüz olub həmişə səmimi olmuşuq, həmişə bir-birimiz ilə açıq sözlü olmuşuq. Nə fikrimiz, nə sözümüz olubsa, həmişə bir-birimizə demişik, bildirmişik. ...Var ömür-gün yoldaşı, birdə var ömrüm-günüm, o mənim ömrüm-günüm idi. ...Həyatım getdi, ömrüm getdi, nə deyim, ürəyim getdi. Cəsarətini, şücaətini bütün Azərbaycan xalqı..., ...dünya gördü. ...Biz həmişə bir-birimizə dayaq idik, həmişə çətin anlarda bir-birimizin əllərindən tuturduq, ...fikirlərimizi, dərdlərimizi bölüşürdük. Bütün Azərbaycan xalqının başı sağ olsun, böyük faciədir, xalqımız, millətimiz, dövlətimiz yanımızda oldu. Ürəyi, şirin sözləri üçün darıxacam, o qədər mətləblər var, hansı birini deyim. Ona elə mələyim deyirdim həmişə, sevgimi nə qədər göstərsəm də nə qədər bildirsəm də az oldu. Allahdan arzu edirəm ki, onun kimi şərəfli ölümü mənə də qismət eləsin. Gülləri, çiçəkləri çox sevirdi, ona gülüm, gül baxçam deyirdim. Hansı ölkəyə gedirdi, oradan fərqli meyvələr və toxumlarını gətirirdi, ...fərqli-fərqli güllər, çiçəklər, ...hər gün sulayırdıq sonra çıxıb gedirdik”. Həyat yoldaşının Hökümə haqqında söylədiyi səmimi sözlərə, duyğulu anlara, boğazında düyümlənən kəlmələrə adi müsahibə kimi qulaq asmaq çox çətindir. Kişilər ağalamaz deyib böyüklərimiz, amma Hökümənin yarımçıq qalan arzuları, yarı yolda qırılan uğur hekayəsi və yoxluğu ilə barışa bilməyən həyat yoldaşının keçirdiyi sarsıntı, kimliyindən asılı olmayaraq hər kəsin gözündən yaş gətirdi. Belə şərəfli ölümü özünə də arzu edən Hökümənin həyat yoldaşı, ömrüm-günüm adlandırdığı qəhrəmanın dövlət uğrunda, insanların yaşaması naminə canından keçdiyini yaxşı anlayır.
Qardaşı Coşqunun bacısının dəfn mərasimində, titrək səslə söylədiyi sözlər də hər kəsi duyğu selinə, göz yaşlarına qərq etdi: “Fəxr edin ki, Hökümə kimi Azərbaycan qadını var. Azərbaycan qadını bir Hökümə deyil, onun kimi minlərlə Azərbaycan qadını var. Tək mənim bacım deyil, sizində bacınızdır”. Bəli, Hökümə artıq bütün Azərbaycan xalqının, onu tanıyan və tanımayan hər kəsin qızı və bacısıdır. Coşqun qədər, onun valideynləri və həyat yoldaşı qədər biz də belə mərd Azərbaycan övladı ilə fəxr edirik. Yüzilliklər boyu, Azərbaycanın qədim tarixindən müasir dövrə qədər qəhrəman qadınları gəlib-keçmişdir. Lakin Hökümə kimi çarəsiz qalaraq, qəza anında yüksək dözüm və şücaət göstərən qadınlarımızın sayı o qədər də çox deyil. Onlardan biri, bəlkədə göylərdə tarix yazan ilk qəhrəman Azərbaycan qadını Hökümə yaddaşlarda və xatirələrdə yaşamaq haqqı qazandı. İndi Höküməni təkcə Azərbaycan xalqı deyil, bütün dünya xalqları rəhmət və ehtiram hissi ilə yad edirlər. Bunu anlamaq üçün Qərb və Avropa xəbər agentliklərinin manşetlərinə nəzər salmaq, insanların Hökümə və həlak olan digər ekipaj üzvləri ilə bağlı mesaj və paylaşımlarına, müsahibələrinə diqqət yetirmək kifayət edir.
Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində dastan yazan qəhrəman oğulları olmuşdursa, həmçinin müasir Azərbaycanın Zəfər tarixində yeni səhifə açan, zamana hökm edərək, göylərdə tarix yazan Hökümə kimi mərd qızlarımız hər daim əzizlərinin, xalqının qəlbində yaşayacaq!
Aqil ƏHMƏDOV, AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.