“Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır. Onlar insana əməksevərliklə, fədakarlıqla və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə bu və ya digər yeri tutmağa imkan verirlər. Bu insanlar ən böyük hörmətə layiqdirlər”
Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əlirza oğlu Əliyev
Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi əvəzsiz mənəvi-siyasi xəzinə Azərbaycan xalqının qarşısında duran əsas missiyalardan birinin – milli ideyanın müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli rol oynadı.
Mən də öz əmək fəaliyyətimdə bir çox görkəmli elm adamlarının həyat və fəaliyyətinə müraciət etmişəm. Bu mənim elmə marağımdan və potensialımın güclənməsindən irəli gəlir. Professor Ziyəddin Göyuşov kimi görkəmli elm xadimi haqqında yazmaqla alimin elmi irsini gələcək nəsillərə ötürməyi özümə mənəvi borc bilirəm. Ümumilikdə bəşəriyyət elmi fikrinin inkişafı cəmiyyət həyatının maddi və mənəvi ehtiyacları ilə bağlı qanunauyğun tarixi prosesdir. Elm insanların mədəniyyətinin və dünyabaxışının tərkib hissəsi olmaqla, öz inkişafında bəşəriyyətin ümumi təkamül prosesini, onun davamlı inkişaf meyillərini, ümumdünya-tarixi prosesin vəhdətini əks etdirir. Azərbaycan xalqı bəşər sivilizasiyasınının ayrılmaz tərkib hissəsi kimi dünya elm və mədəniyyəti xəzinəsinə böyük töhfə vermişlər.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə ərmağan olaraq professor Ziyəddin Göyüşovun fəlsəfə elmində əvəzsiz xidmətlərini nümunə göstərmək olar. İlk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olmuş Milli Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşovun irsinin tədqiqi Azərbaycan fəlsəfəsi tarixinin öyrənilməsi və tədrisində mühüm əhəmiyyət kəsb edir. Onun əsərlərində əxlaq, etika əsas yerdə dayanır. Ziyəddin Göyüşov ensiklopedik biliyə malik olan filosof olaraq, əxlaq nəzəriyyəsinin banisi idi. 1953-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olan və 1964-cü ildə Azərbaycan Elmlər Akademiyasının professoru seçilən Ziyəddin Göyüşovun əsərlərində insanın özünüdərketməsi problemi xüsusi diqqəti cəlb edir.
Ziyəddin Göyüşovun alim kimi onun məhsuldar dövrü Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Alimin əsərləri öz aktuallığı ilə seçilir. Ziyəddin Göyüşov qeyd edirdi ki, xoşbəxt olmaq üçün gələcəyə ümid edib, dərdini unutmalı və daima özünəgüvən hissi olmalıdır. Hər bir şəxsiyyət özü öz tərbiyəsində bilavasitə iştirak etməlidir. “Həsən bəy Zərdabinin dünyagörüşü”, “Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Əxlaqi sərvətlər”, “Sadəlik və təvazökarlıq”, “Səadət düşüncələri”, “Fəzalət və qəbahət”, “Daxilə pəncərə”, “Həzz və istirab” kitablarının, habelə “Həsən bəy Zərdabinin seçilmiş əsərləri”, “Zərdabi işığında xatirələr” və xeyli sayda əsərlərində əxlaqi ənənələr və onları öyrənmə önəmli yer tutur. Ziyəddin Göyüşov etik ideyalar tarixində xüsusi önəmi M.Sidqinin yaradıcılığının təhlilinə vermişdir. Onun diqqətini cəlb edən ideyalar sırasında M.Sidqinin insan cəmiyyətinin tarixi təkamülündə insan varlığı problemi idi.
Ziyəddin Göyüşovun elmi, etik-fəlsəfi irsi gələcək nəsillər üçün önəmli bir mənbədir. Hər alimə əsl dost, ata qayğısı göstərən professor Ziyəddin Göyüşov dünyaya baxışı, duyğu və düşüncəsi, yenilik hissiylə təkcə dünənin, bu günün yox, həm də sabahın insanı olduğunu sübut etmişdir.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.