Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qərbi Azərbaycanın Areal toponimləri
09.04.2024 11:34
  • A-
  • A
  • A+

Qərbi Azərbaycanın Areal toponimləri

Məlumdur ki, mənbələrdə Azərbaycan xalqının formalaşmasında əsasən iyirmi dörd Oğuz boyunun iştirak etdiyi qeyd olunmuşdur. Lakin, biz nə qədər özümüzü Oğuz hesab etsək də Azərbaycanın müəyyən regionlarında Qıpçaq tayfalarının olması yəni bu tayfaların bizim xalqımızın formalaşmasında rol oynamaları danılmazdır. Bəzən elə səhv təsəvvürlər formalaşır ki, bu təsəvvürləri aradan qaldırmaq üçün alim tədqiqatına və alim sözünə ehtiyac yaranır. Belə ki bəzən guya Oğuz və Qıpçaqların arasında antropoloji fərqlərin olması barədə müəyyən fikirlər səsləndirilməkdədir.

Lakin bu qətiyyən belə deyildir. Bu gün hansı ərazidə yaşayan əhalinin Oğuz və ya Qıpçaq mənşəli olmalarını yalnız toponimlər və dil faktları ilə sübut etmək mümkündür. Bunun üçün bu və ya digər ərazinin  əhalisinin nitqinə diqqət yetirmək və tədqiqata cəlb etmək lazımdır.

Demək istəyirəm ki, bizdə, Azərbaycan coğrafiyasında həm Oğuz, həm də Qıpçaq mənşəli areal toponimlər mövcuddur. İkinci tərəfdən həmin ərazidə mövcud olan toponimlərin adlarına elmi yanaşmaq, araşdırmalar aparmaq gərəkdir. Bu baxımdan tərəfimizdən Azərbaycan coğrafiyasında, yəni həm Güney, həm Qərbi Azərbaycanda, həm də Borçalı ərazisində tərəfimizdən etnotoponimlərdən yaranmış areal toponimlərə diqqət yetirilmişdir. Onların arasında həm Qıpçaq, həm Oğuz mənşəli tayfalardan formalaşmış etnotoponimlər vardır və bu etnonimlərə Azərbaycan türklərinin yaşadığı əksər ərazilərdə rast gəlmək mümkündür.

Məruzəmizdə Qərbi Azərbaycan mövzusunun aktuallığını nəzərə alaraq birinci növbədə burada olan toponimləri qeyd etmişik. Diqqətinizə onların bəzilərini çatdırmaq fikrindəyik. Məsələn, Qurd adlı türk tayfasının Azərbaycanın müxtəlif yerlərində yaşamaları hamıya yaxşı məlumdur. Bu tayfanın yaratdığı toponimlərə Şuşa, Ağdam, Kürdəmir, Göyçay, Şamaxı, Naxçıvan ərazilərində rast gəlinir.

Qərbi Azərbaycanda isə 17 belə toponim təsbit olunmuşdur. Məsələn, Qurdulu, Qurtqalaq, Qurdbulaq, Qurdqulaq, Qurd əmir, Qurdtəpə, Qurtlar və s. Xatırladaq ki, Qurdlar çox böyük ehtimalla Qıpçaq tayfasıdır.

Məlumdur ki, Zəngi tayfalarının adı ilə bağlı oykonimlərə Abşeron yarımadasında, Sabirabadda rast gəlinməkdədir.

Başqa faktlara diqqət yetirək.

Qədim Sak-Saka xalqı ilə bağlı Şəki-Qarakilsə rayonu, Azərbaycan Respublikasında Şəki şəhəri Zaqatala rayonu, Rusiya Federasiyasında Yakutiya_Saxa Respublikası.

Qarağalı, Dərələyəz, Vedibasar, Zəngibasar, İran İslam Respublikası, Ucar.

ABDALLAR- kənd adı. İrəvan xanlığının Karpibasar mahalında kənd adı.

Abdal oykonim, sadə.

l.Ağdam rayonunun Gülablı inzibati vahiddə kənd. Dağ yamacındadır;

2. Tovuz rayonunun Yanıxlı i.ə.v.-də kənd. Çınqıldağ silsiləsinin ətəyindədir. Oykonim abdal tayfasının adı ilə bağlıdır. Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür.

Abdal hidronim, sadə. Tovuz rayonu ərazisində çay. Zəyəm çayının qoludur. Mənbəyini Öküz dağı və Maral dağının yamaclarından götürür. Çay qədim Abdal qalasının yaxınlığından axdığı üçün həmin qalanın adı ilə adlandırılmışdır.

Abdal oronim, sadə. Ordubad rayonu ərazisində dağ. Etnotoponimdir. Abdalanlı oyk., düz. Qubadlı rayonunun Qayalı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Ocaqqışlaqdır. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salınmışdır. Tədqiqatçılara görə, kəndin adı abdalanlı adlı elatın adı ilə bağlıdır. Oykonim abdal etnonimindən, -an (far. cəm şək.-si) və -lı (azərb. mənsubluq, aidlik bildirən şək.) şəkilçilərindən düzəlib, "abdallara məxsus, abdallar yaşayan kənd" deməkdir.

 Abdallar oykonim, sadə. Laçın rayonunun Qarıkaha i.ə.v.-də (keçmiş Abdallar) kənd. Həkəri çayının sahilində, Qarabağ silsiləsinin etəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur. Etnotoponimdir.

Abdallı oykonim., düz. Oğuz rayonunun Xaçmaz i.ə.v.-də kənd. Qala çayının sahilində, dağ ətəyi ərazidədir. Mənbələrin məlumatına görə, XIX əsrdə Şəkinin Qoruqlar kəndindən köçüb gələnlər Oğuzda üç kiçik məntəqəni yaratmışdılar. Bunlar Şibili, Yemişanlı və Abdallı məntəqələri idi. Abdallı "abdal tayfasına məxsus yaşayış məntəqəsi" deməkdir. XIX əsrdə Gürcüstan ərazisində də eyniadlı iki kənd qeydə alınmışdır.

AFŞAR KƏLƏVAN- kənd adı. 1728-ci ildə İrəvan əyalətində kənd adı.

Afşar adlı oykonim Suriyada bir neçə yerdə mövcuddur. Yeri gəlmişkən orada ən çox yayılan əşirətlər Afşar, Qaraqoyunlu, Ağqoyunlu, Bayandur əşirətləridir. Əsasən Hələb və Laskiya əyalətlərində onlarla areal toponimlər mövcuddur.

Avşar oykonim, sadə.

1. Ağcabədi rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Keçmiş adı Üzeyirkənd olmuşdur. 1991-ci ildən indiki adı ilə rəsmiləşdirilmişdir;

2. Xocavənd rayonunda kənd. Oykonim oğuz tayfalarından olan avşarların adı ilə bağlıdır, etnotoponimdir.

BAYANDUR- kənd adı.

1. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzası.

2. 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı.

Bayandur hidronim., sadə. Laçın rayonunda çay. Zabux çayının sağ qoludur. Suvarma üçün istifadə edilir. Hidronim oğuz tayfalarından birinin adını daşıyır. Etnotoponimdir. Bayandır variantında da işlənir.

Bayandur oykonim, sadə. Tərtər rayonunun Səhlaabad i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonunun keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Xoruzlu və Güloğlular i.ə.v.-lərində eyniadlı iki kənd qeydə alınmışdır. Ermənistanda Bayandur, Türkiyədə Baymdur yaşayış məntəqələri vardır.

Bayandurlu oykonim, düz. Tərtər rayonunun Xoruzlu i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim "bayandurlara məxsus yer və ya Bayandur yaşayış məntəqəsindən köçüb gələnlər" deməkdir. Etnotoponimdir

BAYATDAĞI- dağ adı. Pəmbək dağ silsiləsi.

BAYATLAR qışlaq adı. Pəmbək bölgəsində.

Boyat oykonim., sadə- 1. Ağcabədi rayonunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. 1747-ci ildə Qarabağ xanı Pənahəli xan burada Bayat qalasını tikdirmişdi. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını əks etdirir. Dədə Qorqud, M.Füzuli bayat tayfasından olmuşlar; 2. Neftçala rayonunun eyniadlı i.ə.v.-də kənd. Salyan düzündədir. Toponim XIX əsrin axırlarında Şorsulu kəndindən köçüb pay torpaqlarında məskunlaşmış boyat tayfasına mənsub ailələrin adındandır; 3. Ucar rayonunun eyniadlı i.ə.v.-də kənd. Keçmişdə Boyat Məlik Umud adlanmışdır. Məlik Umud orada məskunlaşmış boyatların başçısının adı olmuşdur. Həmin ailələr 1846-cı ildə Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişlər. 4. Şamaxı rayonunun Çarhan i.ə.v.-də kənd. Kənd boyat tayfasının adını daşıyır. Etnotoponimdir.

ƏRƏFSƏ- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı

Ərəfsə oykonim, sadə. Culfa rayonunun eyniadlı i.ə.v.-də kənd. Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Ermənistanın Sisyan rayonunda azərb.- ların yaşadığı Ərəfsə adlı kənd olmuşdur. Tədqiqatçılar bu toponimin eradan əvvəl XIV əsrdə Kiçik Asiyada Xett (Het) dövlətinin hökmdarı II Murşilinin bir qayaüstü yazısında kiçik ölkə və qala kimi adı çəkilən Aripsa ilə əlaqədar olduğunu və Aripsa adının yerli forması Ərəfsə (orta əsr erməni mənbələrində Arevis) adının Naxçıvan bölgəsinə gətirildiyini ehtimal edirlər. Digər tədqiqatçılara görə, Ermənistanın Sisyan rayonunda yerləşən Ərəfsəli kənd adı kəngərli tayfasının ərəfsəli tirəsinin adından əmələ gəlmişdir.

Ərəfsə hidronim, sadə. Culfa rayonunda min. bulaq. Əlincə çayının sağ sahilində yerləşir. Az debitli içməli soyuq suyu olan bulaqdır. Hidronim Ərəfsə kəndinin adından yaranmışdır

GƏRGƏR- Əzizbəyov rayonunda kənd adı. Əzizbəyov rayonunda Arpaçayın qollarından birinin adı XX əsrin 30-cu illərində çay ermənicə Erer adlandırılmışdır.

Gərgər oykonim, sadə. Gədəbəy rayonunun eyniadlı i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. XIX əsrdə Qarqar variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsinin eramızın əvvəllərində Qafqaz Albaniyasında yaşamış türkdilli qarqar tayfasının adı ilə bağlılığı ehtimal edilir

Xələc oronim, sadə. 1. Sədərək rayonu ərazisində dağ; 2. Şamaxı rayonu ərazisində dağ. Dağ vaxtilə xələc tayfasına mənsub yaylaq yeri olduğu üçün belə adlandırılmışdır. Xalac variantında da qeydə alınmışdır; 3. Şərur rayonu ərazisində dağ. Hündürlüyü 813 m. Oronim Səlcuq oğuzlarının xələc tayfasının adını əks etdirir. Mənbələrdə XVII əsrdə Muğanda, XIX əsrin sonlarında Cavad qəzasında xələclərin yaşaması və maldarlıqla məşğul olması haqqında məlumat verilir.

 Xələc oykonim, sadə. l.Xızı rayonunun Xızı i.ə.v.-də kənd. Böyük Qafqaz dağlarının yamacındadır; 2. Qubadlı rayonunun Çardaqlı i.ə.v.-də kənd. Bərgüşad çayının sahilində, dağlıq ərazidədir; 3. Salyan rayonunun eyniadlı i.ə.v.-də kənd. Cənub-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil kəndlərdən - Aşağı Xələc 345 (1965-ci ildə Yenikənd) və Yuxarı Xələc (1965-ci ildən Xələc) ibarət olmuşdur. Mənbələrə görə, kəndin əhalisi XVIII əsrin 20-ci illərində Şamaxıdan köçüb gəlmişdir. Onlar əvvəllər köçəri həyat sürmüş, yazı Zəngəzurda, Üçtəpə yaylaqlarında, qışı Mil və Muğan düzlərində keçirmişlər; 4. Şərur rayonunun Yengicə i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; 5. Ucar rayonunun Lek i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonimlər Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII-XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də Şranda və Türkmənistan ərazisində yaşayırlar

BƏYDİLİ- kənd adı. 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı.

Bəydili oykonim, sadə. 1. Salyan rayonunun Sarvan i.ə.v.-də kənd. Bala Kür çayının sahilindədir. Tam adı Puta Bəydili ("Puta adlanan ərazidə yaşayan bəydillilər") olmuşdur. Çox vaxt Bəydilli variantında da yazıya alınmışdır; 2. Yevlax rayonunun Aşağı Bucaq i.ə.v.-də kənd. Kürsahili düzənlikdədir. Mənşəcə 130 Səlcuq oğuzlarının bəydili tayfasının adını əks etdirir. I Şah Abbas dövründə bəydillilərin bir qismi Kirmana və Şiraza köçürülmüş, hal-hazırda da bu şəhərlərin ətrafında yaşayan, maldarlıq və əkinçiliklə məşğul olan bəydillilər öz adlarını regionun toponimiyasında və Bəqdili familiyasında yaşada bilmişlər. 1933-cü ildə Biləsuvar rayonunun Xırmandalı, Ağdaş r-nunım Havarlı i.ə.v.- lərində də Beydilli yaşayış məntəqələri qeydə alınmışdır.

ƏLƏTLİ- İrəvan quberniyasının Sürməli qəzasında kənd adı

Ələtli oykonim, düz. Hacıqabul rayonu ərazisində kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır.

GÖDƏKLİ- İrəvan quberniiyasının Sürməli qəzasında kənd adı;

GÖDƏKLİ- İrəvan quberniyasının Sürməli qəzasında kənd adı;

GÖDƏKLİ- İrəvan quberniyasının İrəvan qəzasında kənd adı;

GÖDƏKLİ Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı

Gödək oronim, sadə. Tovuz rayonunun şm. hissəsində sıra dağlar. Ən yüksək zirvəsi Gürzün dağıdır. Hün. 609 m. Sıra dağlar çox hündür olmadığından belə adlandırılmışdır.

Bütün dediklərimiz bir də onu sübut edir ki, Azərbaycan deyilən ölkə Azərbaycan türkü deyilən millət qətiyyən Azərbaycan Respublikası və Azərbaycan Respublikası əhalisi ilə məhdudlaşmır. Azərbaycan və Azərbaycanlı məfhumları çox böyük anlayışdır. Eləcə sadəcə olaraq bunu toponimlərimizlə sübut edirik. Bəyəm bundan artıq sübuta ehtiyac varmı?

Elçin İSMAYILOV, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: