Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

19.04.2024 12:24
  • A-
  • A
  • A+

Xocavənddən Xankəndinə açılan yol...

Xocavənddən Xankəndinə açılan yol...

“Bu Vətən, toprağın qara bağrında

Sıra dağlar kimi duranlarındır,

Bir tarix boyunca onun uğrunda

Özünü tarixə verənlərindir...

Ardına baxmadan yollara düşən,

Şimşək kimi çaxan, sel kimi coşan,

Hüduddan hüduda yol bulub qoşan,

Cəbhədən cəbhəni soranlarındır...

İrəli atılıb sellərcəsinə,

Köksündən vurulub tam ərcəsinə,

Bir gül baxçasına girərcəsinə,

Bu qara torpağı qucanlarındır...

Tarixin dilindən düşməz bu dastan,

Nehirlər qazidir, dağlar qəhrəman,

Hər daşı bir yaqut olan bu Vətən,

Canvermə sirrinə varanlarındır…

Gökyayım, nə yazsan ziyadə deyil,

Bu sevgi bir quru ifadə deyil,

Sənin tək qəzəbi röyada deyil,

Topun namlusundan görənlərindir…

Qardaş Türkiyəmizin ünlü yazarı Orxan Şaiq Gökyayın bir şeirini oxudum və gerçəkdən şairin sanki cəngavər Azərbaycan oğullarını, Xocavənddə şəhadətə ucalan və əməlləri, igidlikləri ilə dastan yazan kəşfiyyatçı ərənlərimizi vəsf etdiyini düşündüm...

1997-ci ilin 7-10 aprel tarixində Azərbaycan Ordusunun 16 nəfərdən ibarət 2 kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd, Hadrut-Horadiz istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirir. Əməliyyatın 3-cü günü qruplardan birincisi itkisiz geri qayıdır. Lakin digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşür. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında, ümumiyyətlə, düşünmür, düşmənə əsir düşməyi ağıllarına belə gətirmir, qeyri-bərabər döyüşə atılırlar... Aprelin 7-dən 10-dək, düz üç günlük ağır döyüşlər zamanı az sayda qrup üzvləri əsl qəhrəmanlıq nümayiş etdirir, güclü müqavimət göstərirlər.

Ağır döyüş zamanı yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər döyüş sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə toplaşır, bir-birini qucaqlayaraq özlərini əl qumbarası ilə partladırlar və ən ali məqama ucalır, şəhid olurlar.

Gərgin döyüşləri və cəsarətli, mərdanə ölümləri ilə hər kəsi, hətta erməni komandirləri belə heyrətə salan o ərənlər - qrupun komandiri leytenant Elxan Ataxan oğlu Ağayev, qrup üzvləri - leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar - Anar Üzeyr oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Fariz Şəmil oğlu Cavadov, Nizami Səfi oğlu Ələkbərov, Aqşin Əli oğlu Həsənov idi...

Kəşfiyyat dəstəsinin komandiri, polkovnik Xətai Baxışovun sözlərinə görə, bu qeyri-adi hadisə ermənilərdə şok effekti yaradıb. Bu qəhrəmanlığı öz hərbçilərinə də nümayiş etdirmək üçün həmin 7 nəfəri Hadrutda şəhid olduqları yerdə təntənəli şəkildə dəfn ediblər və orduya çağırılan gənc erməni əsgərlərinin andiçmə mərasimini onların qəbirləri üstündə təşkil ediblər. Bununla da tanıtmaq istəyiblər ki, səngərin o biri tərəfindəki Orduda məhz belə igidlər xidmət göstərirlər...

Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı XTQ aslanlarının möcüzəvari döyüş taktikasını, mərdliklərini görüb heyrətləndikləri və yaralı erməni əsgərin Parisin “Le Monde” qəzetinin müxbirinə etiraf etdiyi kimi... “Mən Şuşada ancaq kölgə görürdüm. Qaranlıqdan kölgələr çıxır, bıçağı boğazımıza çəkir, sonra qaranlığa batırdılar. Heç nə edə bilmirdik. Lap yaxından güllə atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də yıxılan. Elə bil ruhlarla döyüşürdük...”

Yeddi mərdimizin də qutsal amal - düşmənə əsir düşməmək, hərbi sirri, kəşfiyyatın məqsədini gizli saxlamaq uğrunda qeyri-adi ölüm taktikası düşməni şaşırtmış, həm də onlarda “Yurdu bunca sevmək, uğruna ölmək də olarmış...” heyrətini doğurmuşdu...

Ulu Öndər Heydər Əliyev bu qəhrəman Vətən övladlarının, hərbi kəşfiyyatçıların nəşlərinin düşmən tərəfdə qalmaması üçün ardıcıl danışıqlar aparıb və gərgin səyləri nəticəsində onları geri alıb. Bu şəhidlərin hər biri Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib və Bakıdakı II Fəxri xiyabanda dəfn olunub. Ulu Öndər ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistan məhkəməsinin barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da əsirlik həyatından xilas edir.

Bəli, Xocavənddə silahla və əməllə yazılmış bu qəhrəmanlıq dastanı Azərbaycan hərbçilərinin Vətənə olan sonsuz bağlılığının və yüksək sədaqətinin, ölümün gözünə dik baxmağın, “Öncə Vətəndir!” səslənişinin içəriyini dərindən dərk edərək əməldə gerçəkləşdirməyin əyani nümunəsidir.

2024-cü il aprelin 12-də şəhidlik şərbətini içərək şəhadətə ucalan o yeddi əfsanəni dünyaya bəxş edən anaları, doğmaları, o döyüşün yeganə şahidi, həm də elə “canlı şəhid”i olan Aqil Əhmədov, əməliyyatın komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, media mənsubları, araşdırmaçı jurnalist, səkkiz kəşfiyyatçının həyat və fəaliyyətindən bəhs edən “Yeddi şəhid, bir şahid” kitabının müəllifi Jalə xanım Cəfərova və digər şəxslər Xocavənd rayonunun Hadrut qəsəbəsində əfsanəvi kəşfiyyatçılarımızın şəhadətə ucaldıqları yerdə xatirəsini anıb, fotoları əks olunmuş lövhənin qarşısına gül dəstələri düzüb, şəhid qəhrəmanların xatirəsini yad edib, duyğularını sözlərə, kəlmələrə çeviriblər...

Hadruta bizi gətirən yol boyu cəsurlar doğub böyütmüş ana və bacıları seyr edirdim... Öncəki gedişləri zamanı bütün yolu ağlayaraq başa vuran bu fədakarlar 12 aprel günü səfərində nisbətən sakit, rahat idilər. İçlərində təlatümlər burulsa da, bu təlatümlər zahirlərində görünmürdü... Sanki oğullarının, bütün şəhidlərin, əsir torpaqlarımızın qisasının alınması, qələbəmiz onların daim sızıldayan yaralarına məlhəm olmuş, yanan ürəklərinə su səpmişdi. 

Şəhid Dinar Mustafayevin bacısı düşüncələrini dilə gətirir və hər kəsi duyğulandırır: “Dinar Xocalı faciəsi baş verəndə 9-cu sinifdə oxuyurdu. Evimizin arxasında qəbristanlıq var. Dinar qəbristanlığa baxıb deyirdi ki, ora hamı gedəcək, amma mən başqa cür gedəcəm... Onun dediyi kimi oldu, Dinar son mənzilə qəhrəman kimi, şəhid kimi üz tutdu. Bir bacı kimi qardaşımın şəhid olmasına üzüntü keçirirəm, amma içimdə bir rahatlıq da tapıram ki, bu gün torpaqlarımız azad olunub və mən də azad Hadrutda, Şuşada, Xankəndidəyəm...”

Xocavənddə gedən qeyri-bərabər döyüşün, gücün, iradənin, Vətən sevgisinin oxa dönərək düşmənin bağrına sancılmasına bənzəyən savaşın yeganə şahidi Aqil Həsənov peşəkar hərbçi təmkini ilə dedi ki, 8 nəfərin güclü düşmənlə bacarması qeyri-mümkün idi və döyüş sursatımız da qurtarırdı... Şəhid olmaqdan başqa yolumuz yox idi. Əgər yaralanıb əsir düşməsəydim, mən də öz döyüşçü qardaşlarımla birlikdə o dairədə şəhid olardım... Qəhrəman döyüşçülərimiz cənab Ali Baş Komandanın rəhbərliyi altında birləşərək qisasımızı aldılar. Doğma yerlər bu gün azaddır və bizlər rahatlıqla doğma torpaqlarımızda gəzə bilir, havasını udur, suyunu içir, könüldolusu rahat nəfəs alırıq... Zəfərimiz əbədi olsun!...

Şəhid ailələri ilə işləyən bir sıra QHT rəhbərləri də Xocavənd qəhrəmanlarının anım mərasimində qəhrəmanların ailə üzvlərinin yanında idilər. İki bacısının doğuluşundan 10 il sonra dünyaya gələn və ailəyə oğul övladı sevincini yaşadan 44 günlük Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası, “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın söylədikləri həm qürur, həm də heyrət doğurucu bir örnək idi. Tünzalə xanım oğlunu məhz Vətən üçün, onu əsir Qarabağ torpaqlarının erməni işğalından azad edənlərin sırasında görmək üçün böyütdüyünü və bu işin namus, şərəf işi olduğunu sakit, ləngərli səsi ilə diqqətimizə çatdırdı: “Tanrının əmanəti idi mənə oğlum. Tanrı dərgahına da qovuşdu... Mən o igid oğullarımızla fəxr edirəm! Arzu edirdim ki, bir gün Xankəndiyə gəlim və ermənilərə ucadan səslənim ki, mən buradayam, doğma Xankəndidəyəm!” - sözlərini elə içdən, ürəkdən söylədi ki, içimdən: “Allahım, Azərbaycan qadını, Türk anası tarixi qürurunu necə şərəflə qoruyub saxlayıbmış! Tünzalə xanım kimi anaları olan oğullar, əlbəttə, şəhidlik şərbətini içməyi məğlub damğası ilə yaşamaqdan üstün tutacaqdılar və məhz yeni tarix yazacaqdılar!..”

Kiçikyaşlı məktəbli balaların söylədiyi Vətən, qəhrəmanlıq motivli şeir parçaları hər kəsin qəlbində qürur, iftixar hissləri, eyni zamanda kövrək duyğular yaratdı... Çox maraqlı, həm də düşündürücü bir məqam isə budur ki, Aprel ayı mistik aydır Azərbaycanımız, Xalqımız, Ordumuz üçün... Belə ki, Böyük Zəfərimizin başlanğıcı, qələbəmizin soraqçısıdır, 2016-cı ilin Aprel döyüşləri...

Böyük zəfərimizin başlanğıcı, qələbəmizin soraqçısıdır, 2016-cı ilin Aprel döyüşləri...

2023-cü ilin 23 aprel günü 8 noyabr 2020-ci il Zəfərini məzmunca tamamlayan real tarixə çevrildi... 2023-cü il aprelin 23-də Azərbaycan cəmi bir neçə saat ərzində Laçın rayonunda-Ermənistanla şərti sərhədində öz postunu-sərhəd-buraxılış məntəqəsini qurdu... Bu, ərazi bötövlüyümüzün təmin olunmasının təntənəsi idi.

7-10 Aprel tarixində isə haqqında bəhs etdiyimiz Xocavənd əməliyyatı baş vermişdi... Xocavənddə şəhadətə ucalan şəhid kəşfiyyatçılarımızı ziyarət etdikdən sonra isə möcüzə şəhər Şuşaya yollandıq, şəninə şeirlər yazılan, mahnılar qoşulan İsa bulağından su içdik... Və... Xankəndiyə üz tutduq... Xankəndidə yaşadığım anların sözlə ifadəsi mümkünsüz... Ürəyim quş təkin çırpınır, fərəhdən yuvasına sığmırdı... Zəfərimiz, Qarabağ torpaqlarımız bütünləşdi. Həmişə qəlbimin dərinliklərində möhtəşəm qələbəmizi Xocalısız, Ağdərəsiz, Əsgəransız, Qarabağımızı bütöv sana bilmirdim. Bir qanadımın qırıq olduğunu, o gözəlim yerlərin çat-çat olub göynədiyini, öz əzəli-əbədi sahiblərinin intizarını çəkdiyini düşünürdüm. O qutsal yerlərimizi azğın düşməndən geri aldıq 23 saatlıq unikal Antiterror əməliyyatı ilə... 28-30 il boyunca erməni qəsbkarlığının alnımıza vurduğu məğlubiyyət damğasını, qara ləkəni o qədər möhtəşəm döyüşlərlə sildi ki! Bu yolda şirin canından keçən igidlərimizin, ölümləri ilə ali məqama ucalan şəhidlərimizin ruhu şad olsun!

İndi Qarabağ Universiteti!!!nin qarşısından keçib mərkəzi meydanda dalğalanan üçrəngli bayrağımızın altında dayanıb “Qarabağ Azərbaycandır!” şüarı və “Xankəndi” yazılmış, Ali Baş Komandanımızın da izlədiyi Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşdığı futbol meydançasını qürurla seyr edirəm...

İçimdən elə nidalar boy verirdi ki! Uca Tanrım, kərəminə şükür! Var ol, Xankəndini, Xocalını da öz əzəli sahibinə qovuşduran Cənab Ali Baş Komandan! Min yaşa, öz unikal Şuşa zəfəri ilə dünya hərb sənətində yeni səhifə açan, mümkünsüzü mümkün edən şanlı, şövkətli, müzəffər Ordumuz! Yaşa, əbədi var ol, Qarabağ savaşında yeni tarix yazan mərd Azərbaycan Xalqı!

Yol boyu bahar günəşinin ilıq şüaları altında yaşıllaşan, bar verən ağacları çiçək açan, torpağının bağrına erməni cəlladlarının vurduğu yaraları yavaş-yavaş sağalan azad Xocalıdan, Ağdərədən, Əsgərandan, Ağdamdan keçib möhtəşəm qələbəmizin bütün xalqımıza və sakinlərinə yaşatdığı sevinc duyğuları ilə cilvələnən baş şəhərimizə-Bakıya gəlirik.

Nə xoş bizlərin halına ki, artıq Şuşadan birbaş Xankəndiyə gələ bilirik... Qarabağdan Rusiyanın sülhməramlı qüvvələrinin təyin olunmuş vaxtdan - beş ildən bir il tez çıxarıldığının şahidi oluruq... Axı, Vətən oğlu, Vətən qızı üçün torpaqlarını azad görməkdən böyük mutluluq yoxdur və ola da bilməz...

Bu qutsal səfərdə iştirakım üçün şərait yaradan, azad və bütöv Qarabağı, özəlliklə azadlığına yenicə qovuşan Xankəndini, Xocalı və Əsgəranı görməyimə vəsilə olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və əməyi keçənlərin hər birinə ürəkdən təşəkkür edir, şükranlığımı bildirirəm...

Və bütün səfər boyu şəhid analarını, hərbçilərimizin qəhrəmanlıqlarını dinləyərkən o igid oğulların şəhid olma anını təsəvvür edirdim... Həqiqətən də onlar bir gül baxçasına girərcəsinə bu qara torpağı qucaqladılar. Vətən torpağını əzizləyə-əzizləyə üzərində addımladır, uğrunda göz qırpmadan vuruşdular. Ölümə belə qalib gəldilər, əbədi yaşamaq haqqını qazandılar. Namərd gülləsi ilə vurulan yerdə ucaldılar. Nəsillər bir-birini əvəz edəcək, amma bu qəhrəmanlar sıra dağlar kimi xoşbəxt Qarabağda daim var olacaqlar. Çünki... “Bu Vətən, toprağın qara bağrında sıra dağlar kimi duranlarındır...”.

Esmira FUAD, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: