Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.03.2022 15:56
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda təcrübəçi tələbələrlə görüş keçirilib

Ədəbiyyat İnstitutunda təcrübəçi tələbələrlə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Qərbi Kaspi Universitetindən olan təcrübəçi tələbələrlə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı görüş keçirib.

Görüşdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə bütün şəhidlərimiz, o cümlədən soyqırımı qurbanları ehtiramla yad edilib. Tarixin bir də belə faciələri təkrar yadımıza salmaması üçün keçmişi yaxşı öyrənməyin, hadisə və faktları gələcək nəsillərə dəqiq və obyektiv çatdırmağın vacibliyi vurğulanıb.

Təcrübəçi tələbələrə Ədəbiyyat İnstitutunun prioritet istiqamətləri, əsas fəaliyyət prinsipləri, elmi tədqiqat işlərinin mahiyyəti haqqında məlumatlar verilib. Son illər institutda görülən işlər, yeni dövrləşdirmə konsepsiyası əsasında yazılan, artıq 6 cildi işıq üzü görmüş 10 cildlik “Azərbaycan Ədəbiyyatı tarixi” çoxcildliyi, “Sənətkarın elmi pasportu”, “Mühacirət ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar, institutda hazırlanan müxtəlif ensiklopediyalar, jurnal və məcmuələrə dair bilgilər verilib.

Tədbir tələbələri institutun ayrı-ayrı şöbələrinin fəaliyyət istiqamətləri haqqında maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: