AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində onminlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.
G.Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Akademik ermənilərin tək indiki Azərbaycan Respublikasının ərazisində deyil, həmçinin Cənubi Azərbaycanda da kütləvi qırğınlar, soyqırımı törətdiklərini qeyd edib.
G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb. O, institutda ermənilərin törətdikləri soyqırımlara, işğalçı siyasətinə aid onlarla kitabın işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdikləri soyqırımlar Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin Azərbaycan, rus, ingilis, türk dillərində çoxsaylı kitablarında əksini tapıb. Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən bir sıra kitablar yazılıb, iranlı müəlliflərin bu mövzuda əsərləri fars dilindən tərcümə edilib. Şərqşünaslıq İnstitutunun əməkdaşı Həsən Səfərinin farsdilli mənbə və qaynaqlar əsasında yazdığı “Cənubi Azərbaycanın: 1918-ci il soyqırımı” monoqrafiyasında Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsi araşdırılaraq təhlil edilib. G.Baxşəliyeva institutda bu mövzuda çap olunan digər kitablardan da danışıb.
1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı çoxsaylı kitabların müəllifi, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi tədbirdə çıxış edərək ötən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törədilən soyqırımlar barədə ətraflı məlumat verib.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri isə 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsindəki Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalmasından danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.