Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan aliminin “Müqayisəli hüquqşünaslıq” kitabı ABŞ-da nəşr olundu
05.04.2022 14:03
  • A-
  • A
  • A+

Azərbaycan aliminin “Müqayisəli hüquqşünaslıq” kitabı ABŞ-da nəşr olundu

Təqdirəlayiq hal kimi oxucularımızın nəzərinə çatdırırıq ki, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun “Müqayisəli hüquqşünaslıq” adlı dərsliyi Amerika Birləşmiş Ştatlarında ingilis dilində nəşr olunmuşdur.

Sözsüz ki, bu tanınmış Azərbaycan aliminin əsərinə verilən yüksək dəyər nümunəsi olmaqla yanaşı, bütövlükdə Azərbaycan Respublikasının hüquq ictimaiyyəti üçün də əlamətdar hadisədir. Belə ki, böyük elmi nailiyyətləri və demokratik ənənələri ilə seçilən Amerika Birləşmiş Ştatları kimi böyük bir dövlətdə başqa hüquq sisteminə aid olan ölkədən olan müəllifin əsərinə diqqət yetirilməsi və onun nəşr olunması, öz-özlüyündə, nadir hadisədir.

Qeyd etmək lazımdır ki, müqayisəli hüquqşünaslığın ayrıca elmi-hüquqi fənnə çevrilməsi müstəqillik dövrünə təsadüf edir. Bundan əvvəl mövcud olmuş ideoloji münasibətlər müxtəlif hüquq sistemlərinin obyektiv müqayisəsinə və hüquqi təcrübənin konstruktiv mübadiləsinə mane olurdu ki, bu da SSRİ-də aparılan müqayisəli hüquq tədqiqatlarını xeyli dərəcədə məhdudlaşdırırdı.

SSRİ-nin süqutundan sonra ölkənin dövlət-hüquq strukturunun əsaslarının tamamilə dəyişdirilməsi, tamamilə yeni hüquq sisteminin qurulması və bununla əlaqədar olaraq, xarici qanunvericilik təcrübəsinə müraciət edilməsi ölkəmizdə də müqayisəli hüquqşünaslıq elminin inkişafını zəruri etmişdir.

Mübahisəsizdir ki, hörmətli professorumuz Habil Qurbanovun öz aktuallığı ilə seçilən və böyük zəhmət tələb edən belə bir mövzuya müraciət etməsi, olduqca faydalı bir dərs vəsaitini tamamlamağa nail olması və eyni zamandə, onun əsərinin ölkəmizin hüdudlarından kənarda dəyərləndirilərək nəşr olunması hər birimiz üçün fərəhli haldır.

Mövzunun aktuallığı hər şeydən əvvəl onunla müəyyən olunur ki, müstəqil hüquq sisteminin transformasiyası və onun daim yenilənən ictimai-siyasi və iqtisadi şəraitə uyğunlaşdırılması kimi mürəkkəb prosesdən keçən hər bir dövlət üçün müqayisəli hüquqşünaslıq mühüm rol oynayır. Belə ki, bu sahədə oxşar problemlərin həlli nəticəsində digər ölkələrin əldə etdiyi təcrübə prinsipial əhəmiyyət kəsb edir.

Müqayisəli hüquqşünaslıq (müqayisəli hüquqi tədqiqatlar) kifayət qədər gənc, lakin intensiv inkişaf edən akademik fənndir. Son onilliklərdə beynəlxalq hüquq sahəsində mütəxəssislərə tələbat əhəmiyyətli dərəcədə artmışdır. Qeyd etməliyik ki, ənənəvi “Xarici ölkələrin hüquq sistemləri” adlanan, əslində isə müasir hüquq sistemlərinin ümumi nəzəriyyəsi kimi mövcud olan fənni tədris etmədən belə mütəxəssislər hazırlamaq mümkün deyil. 

Bütün bunlar belə deməyə əsas verir ki, müqayisəli hüquqşünaslıq hüquq sistemlərini, o cümlədən onların tərkib elementləri və fərqli cəhətlərini, eləcə də onun elementlərinin bir sistemdə necə birləşdiyini öyrənən akademik fəndir.

Dərslik “Müqayisəli hüquqşünaslıq” fənninin əsas müddəalarını əks etdirir və post-klassik elm çərçivəsində aktual olan müqayisəli hüququn qnoseologiyasına dair müəllifin mövqeyini təqdim edir.

Dərslikdə müqayisəli hüquqşünaslığın təşəkkülü və inkişafı tarixi, onun cəmiyyət həyatındakı rolu və əhəmiyyəti, funksiyaları ilə bağlı məsələlərə toxunulur. Milli hüquq sistemlərinin təsnifatı problemlərinə və əsas hüquq sahələrinin xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Eləcə də beynəlxalq və milli (daxili) hüquq arasında nisbət məsələlərinə baxılır. Dərslik xarici və yerli materialın, eləcə də müxtəlif ölkələrin müqayisəli hüquqşünaslıqdan istifadə təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi əsasında yazılmışdır.

Müqayisəli hüquq kursu gələcək mütəxəssislərdə hüquq münasibətlərinin tənzimlənməsi sahəsində geniş dünyagörüşünün formalaşması üçün zəruri əsasdır. Belə ki, digər ölkələrin qanunvericilik təcrübəsi və onların əldə etdiyi nailiyyətlər milli hüquqşünasları daim maraqlandırır. Müqayisəli hüquqşünaslıq, alimlərin və təcrübi işçilərin həmişə istifadə etdiyi xarici hüququ öyrənmək üsuludur.

Hazırda dünyada ictimai həyatın bir çox sahələrində inteqrasiya prosesləri intensivləşir. Bu hüquqi reallığı da əhatə edir. Dünya birliyi və ayrı-ayrı dövlətlər ümumi hüquq prinsiplərinin vacibliyini qəbul edir və müxtəlif hüquq sistemlərinin yaxınlaşmasını dəstəkləyir. Milli qanunvericiliyin inkişafı sahəsində təcrübənin öyrənilməsinə və qarşılıqlı istifadəsinə, hüquqi məlumatların və elmi ideyaların mübadiləsinə maraq artır.

Təqdim olunan dәrs vәsaitindә müqayisәli tәһlillәr әsasında dünyanın müxtәlif dövlәtlәrinin һüquq sistemlәrinin ümumi vә spesifik cәһәtlәrindәn, onların oxşar vә fәrqli xüsusiyyәtlәrindәn danışılmaqla yanaşı, ayrı-ayrı ölkәlәrin, dövlәtdaxili qurumların və dövlәtlәrarası birlәşmәlәrinin һüquq sistemlәrinin sәciyyәvi xüsusiyyәtlәri vә müsbәt cәһәtlәri nәzәrdәn keçirilir. Eyni zamanda, əsər dövrümüzün əsas hüquq sistemlərinin mənşəyi və təkamülü məsələlərini ortaya qoyur və tələbə auditoriyasını hüququn qavranılmasına müxtəlif yanaşmalarla tanış etmək məqsədi daşıyır.

Hazırda müəllif həmin dərsliyin azərbaycan dilində olan variantını çapa hazırlayır.

Dәrs vәsaiti һüquq fakültәlәrinin tәlәbәlәri, doktorantlar, müәllimlәr vә müqayisәli һüquqşünaslıqla maraqlanan digər oxucular üçün nәzәrdә tutulur.

Olduqca çətin, lakin faydalı bir elmi yaradıcılıq işinin öhdəsindən gəlmiş professor Habil Qurbanovu təbrik edir və hüquq elminin inkişafına həsr olunan gələcək fəaliyyətində ona böyük uğurlar diləyirik.

Nazim CƏFƏRLİ, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri, h.e.d., professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: