Aprelin 6-da Şərqşünaslıq İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın İctimai Elmlər Bölməsinin (İEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə növbəti görüşü olub.
Tədbiri giriş sözü ilə açan akademik Arif Həşimov AMEA-nın 6 bölməsinin elmi ictimaiyyətilə keçirilən görüşlər zamanı verilmiş təkliflər əsasında Rəyasət Heyəti tərəfindən 1 aprel 2022-ci il tarixində “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərarın qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, irəli sürülən təkliflər və sözügedən qərar növbəti illərdə Akademiyada idarəetmənin və strukturun optimallaşdırılmasında, eləcə də elmi potensialın və elmi nailiyyətlərin qorunmasında mühüm rol oynayacaq.
Tədbirdə daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov, Hüquq və İnsan Haqları İnstitutunun icraçı direktoru, iqtisad üzrə fəlsəfə doktoru Fuad Hüseynov, İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov və Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək təkliflərini səsləndiriblər. Təkliflərdə istedadlı kadrların əməyinin qiymətləndirilməsi, Elm muzeyinin yaradılması, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun regional mərkəzlərinin bərpası, arxeoloji ekspedisiyaların maliyyələşdirilmə mexanizminə yenidən baxılması, kimyəvi spektral analizlərin aparılması üçün Akademiyada müvafiq laboratoriyanın formalaşdırılması, elmi jurnalların özünü maliyyələşdirmə mexanizmi, AR Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin genişləndirilməsi, onlarla birgə tədbirlərin təşkili və s. qeyd olunub.
Səsləndirilən təkliflərlə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” ölkə başçısının Sərəncamından irəli gələrək Nazirlər Kabineti tərəfindən “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası” təsdiqlənib. Onun sözlərinə görə, bu sənədlər dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi qaydasını müəyyənləşdirir. Akademik Arif Həşimov sözügedən sənədlərin verdiyi imkanlardan irəli gələrək Rəyasət Heyətində aidiyyəti mütəxəssislərin iştirakı ilə mövcud avadanlıqlardan istifadə etməklə Azərbaycanda hansı tədqiqatların aparılmasının mümkünlüyü mövzusunda görüşün keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Akademik Arif Həşimov həmçinin AMEA-nın aprelin 27-də keçirilməsi planlaşdırılan Ümumi yığıncağında xaricdə yaşayan alimlərimizin də iştirak edəcəyini və yığıncaq çərçivəsində 27 mart - Elm Günü ilə bağlı yekun tədbirin də baş tutacağını söyləyib. Qeyd edib ki, Ümumi yığıncaq çərçivəsində Elm Gününün qeyd olunması xaricdə yaşayan soydaşlarımıza Azərbaycanda elmə yaradılan şəraitlə tanış olmağa imkan yaradacaq, həmçinin yaşadıqları ölkədə bu əlamətdar günü keçirib, ənənə formasına salmağa stimul verəcək.
Tədbirdə daha sonra çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva bildirib ki, 2020-ci ildə Akademiyanın Rəyasət Heyəti tərəfindən dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində çalışan həmyerlilərimizlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadə üçün AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul olunub. O qeyd edib ki, hazırda Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin Elmi diasporla iş sektoru xaricdə yaşayan 100-ə yaxın azərbaycanlı alimlə sıx əlaqədədir və Rəyasət Heyəti aparatının İnformasiya şöbəsi ilə birgə həm onların, həm də digər soydaşlarımızın elmi nailiyyətlərinin təbliği istiqamətində mühüm işlər həyata keçirilir.
Sonda çıxış edən akademik Arif Həşimov Azərbaycan elminin inkişafına töhfə verə biləcək bu səpkili kollegial görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.