Martın 29-da AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə keçirilmiş görüş Koreya mətbuatında geniş işıqlandırılıb.
Koreya mətbuatında dərc olunan materiallarda STEPI (Koreya Elm və Texnologiya Siyasəti İnstitutu) və YT Park arasında beynəlxalq texnoloji innovasiyalar üzrə əməkdaşlıq layihəsi çərçivəsində texnoparkın əməliyyat potensialının və rəqabət qabiliyyətinin əsas təlim proqramları vasitəsilə gücləndirilməsi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılması və inkişafına dəstək verilməsi, həmçinin əməliyyat təcrübəsinin artırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Materialda vurğulanıb ki, 40-a yaxın Koreya-Azərbaycan texnoloji innovasiya ekspertlərinin və əlaqədar şəxslərin iştirak etdiyi seminar STEPI-nin prezidenti, professor Mi Ok Munun açılış nitqi ilə başlayıb. Professor Mi Ok Mun icra olunacaq layihənin YT Parkda texnologiyaların kommersiyalaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, proqramın Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinə mühüm töhfə verəcəyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, seminarda “2022-2024-cü illər üçün K-İnnovasiya layihəsinə ümumi baxış”, “AMEA YT Park və STEPI arasında əməkdaşlığın nailiyyətləri və təsirləri”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılmasının vəziyyəti”, “Texnologiyaların kommersiyalaşdırılmasının rolu və idarəçiliyi”, “Universitet və tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması proqramları”, eləcə də “Koreya universitet və tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması proqramları” mövzularında məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.