Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat Muzeyinin əməkdaşı beynəlxalq dəyirmi masada məruzə edib
12.04.2022 16:25
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyinin əməkdaşı beynəlxalq dəyirmi masada məruzə edib

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Ermitaj” muzeyində ənənəvi “Muzey və mədəni turizm problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Sayca iyirminci olan dəyirmi masanın bu dəfəki “Mədəni iqtisadiyyat aynasında muzey və mədəniyyət turizmi” mövzusu ətrafında mühazirələr dinlənilib, müzakirələr aparılıb.

İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva da iştirak edib.

Nailə Əliyeva tədbirdə “Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinin (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialının) 2020-ci ildə fəaliyyəti” adlı məruzə ilə çıxış edib.

Məruzəçi ümumilikdə rus ədəbiyyatının Azərbaycanda muzey səviyyəsində təmsil olunduğu və əsasən Sergey Yeseninin həyat və yaradıcılığını əks etdirən muzeyin gördüyü işlərdən söz açıb, əvvəllər Sergey Yeseninin ev-muzeyi kimi fəaliyyət göstərən filialın 2010-cu ildən Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzinə çevrildiyini qeyd edib. N.Əliyeva mərkəzin son illər Rusiya muzeyləri ilə qarşılıqlı əməkdaşlığının genişləndiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.

Mühazirə böyük maraqla qarşılanıb və sonra Nailə Əliyeva dəyirmi masa iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: