Misirin “Əl Diplomasi” və İordaniyanın “Əl Ənbat”, “Oroba”, “Cohina”, “Şaab” portallarında görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunmuş məqalə yayımlanıb.
Məqalədə Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətləri olmuş görkəmli alimin həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Məqalənin müəllifi, şərqşünas Həşim Məmmədov ərəbdilli oxucuların diqqətinə çatdırıb ki, Aida İmanquliyeva şərqşünaslıq elmində yeni təhlil istiqamətini müəyyənləşdirib, bu sahədə ilk dəfə Qərb və Şərq arasında müqayisəli metodun tətbiqi ilə tədqiqatların effektivliyini artırıb, ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyub. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunub ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatının həmin aspektdə öyrənilməsi üçün mühüm zəmin yaradır.
Yazıda qeyd olunub ki, görkəmli şərqşünas alim ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edib və həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb. Onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır.