Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

18.04.2022 15:35
  • A-
  • A
  • A+

Şuşanın Xan sarayı Qarabağın əsl sahiblərinin kim olduğunu sübut edir

Şuşanın Xan sarayı Qarabağın əsl sahiblərinin kim olduğunu sübut edir

1828-ci il fevralın 10-da çar Rusiyası ilə Qacarlar dövləti arasında Türkmənçay müqaviləsinin imzalanmasında mühüm rol oynayan rus yazıçısı və diplomatı A.S.Qriboyedov çar I Nikolaya məktubunda yazırdı: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadır ki, bir neçə on il yaşadıqdan sonra dünyaya səs salacaqlar ki, bura bizim qədim ata-baba torpağımızdır”. Türkmənçay müqaviləsinin 15-ci maddəsinin müəllifi də A.S.Qriboyedov idi. Bu maddəyə əsasən ermənilərin Qacarlar dövlətindən, o cümlədən Azərbaycanın cənubundan və İrandan Qarabağ bölgəsinə köçürülməsi nəzərdə tutulurdu. Hazırda Avropa ölkələrinin, Türkiyənin, İranın, Gürcüstanın və Ermənistanın arxivlərində ermənilərin Qarabağa gəlmə yadelli etnik ünsür olduğunu sübut edən sənədlər saxlanılır. Məhz bu arxiv sənədləri təsdiq edir ki, XVIII əsrin ortalarında Qarabağ xanlığının paytaxtı kimi inşa edilmiş Şuşa şəhəri ermənilər üçün yad şəhərdir, ermənilər Qarabağa yalnız son iki yüz il ərzində xarici ölkələrdən köçürülüblər. Ümumiyyətlə, etibarlı mənbələr və qədim xəritələr ermənilərin Qafqaz regionunun yerli xalqı olmadığını sübut edir.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərinin 1992-2020-ci illərdə 28 illik işğalı dövründə ermənilər buradakı tarixi-mədəni abidələri yerlə-yeksan etdilər. Ermənilərin Şuşaya nifrətinin əsas səbəbi bu şəhərdəki memarlıq abidələrinin Azərbaycan türklərinə məxsus olması idi. XVIII əsri ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa qalasının əsası qoyulanda burada yalnız Azərbaycan türkləri yaşayıb və onların yaşayış evləri, məscid və mədrəsələri inşa edilib. XIX əsrin birinci yarısında çar Rusiyası tərəfindən ermənilərin Qarabağa köçürülməsinədək Şuşada ermənilərə aid heç bir memarlıq abidəsi mövcud olmayıb. 1752-ci ildə Qarabağ xanı Cavanşir türk tayfasından olan Pənahəli xanın əmri ilə Şuşa qalasının inşa olunması zamanı burada Xan sarayı inşa edilib. Pənahəli xanın sarayı və ya Qarabağ xan sarayı adı ilə tanınan bu möhtəşəm memarlıq kompleksi əslində Qarabağın, eləcə də Şuşanın əsl sahiblərinin kim olduğunu bir daha sübut edir. Rus rəssamı Vasili Vereşagin 1865-ci ilin yazında Şuşada Cıdır düzündə azərbaycanlılar tərəfindən göstərilən bir tamaşanın rəsmini çəkib, arxa fonda isə Şuşa qala divarlarını və Qarabağ xan sarayını təsvir edib. Bu sarayda Pənahəli xan öz ailəsi ilə birlikdə yaşayıb, Qarabağ xanlarının ailə üzvlərinin bir çoxu məhz burada doğulub boya-başa çatıb. Qarabağ xanlığında Pənahəli xandan sonra hakimiyyətə gələn onun oğlu İbrahimxəlil xan bu sarayın yaxınlığında yeni bir xan sarayı inşa etdirib. Bu saray isə İbrahimxəlil xanın sarayı adı ilə məşhurdur. XIX əsrin sonlarında nəşr edilən bir açıqcada İbrahimxəlil xanın sarayı təsvir edilib və bu tarixi abidə Şuşa xan sarayı adlandırılıb. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən xan Şuşa qalasının cənub-şərqində sıldırım qayanın üzərində ailəsi ilə birlikdə yaşadığı yeni saray inşa etdirib. Müxtəlif mənbələrdə, eləcə də XIX əsrdə qələmə alınan “Qarabağnamə”lərdə bu memarlıq abidələrinin hər biri Qarabağ xan sarayı adı ilə qeyd edilsə də, bu saraylardan yalnız ilk inşa olunanı, yəni Pənahəli xanın XVIII əsrin 50-ci illərində Şuşada tikdirdiyi Xan sarayı Qarabağ xan sarayı adı ilə daha çox tanınıb. 1992-ci ilin mayında Şuşanı işğal edən ermənilər buradakı bir çox memarlıq abidəsi kimi Qarabağ xan sarayını da viran etdilər.

“2020-ci ilin payızında 44 günlük Vətən savaşında qalib gələn Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra şəhərin tarixi və mədəni abidələri də erməni vandalizmindən xilas edildi. Bu gün Şuşada quruculuq və abadlıq işləri aparılır. İnanırıq ki, Azərbaycan türkünün doğma şəhəri olan Şuşa yaxın gələcəkdə yenidən öz görkəmli simasına qovuşacaq və bütün türk dünyasının mədəniyyət mərkəzinə çevriləcək”, - deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

AzərTac

  • Paylaş: