Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.04.2022 16:42
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində oxunması zəruri olan kitablar siyahısından “Qoca və dəniz” əsəri müzakirə olunub

Naxçıvan Bölməsində oxunması zəruri olan kitablar siyahısından “Qoca və dəniz” əsəri müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Filologiya” ixtisası tələbələrinin iştirakı ilə kitab müzakirəsi keçirilib.

Oxunması zəruri olan kitablar siyahısından Ernest Heminqueyin “Qoca və dəniz” əsərinə həsr olunan müzakirəni institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov açıb. Alim çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasında mühüm rolundan bəhs edib. Oxunması zəruri olan kitablar siyahısında yer alan və sonradan əlavə olunan kitablar haqqında ümumi məlumat verərək, dünya şöhrətli Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığına nəzər salıb.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ədəbiyyat dənizinin qoca qəvvası - Ernest Heminquey” mövzusunda çıxış edib. Yazıçının həyatını və yaradıcılığını əhatəli şərh edən tədqiqatçı E. Heminqueyin “Əlvida, silah!”, “Əcəl zəngi”, “Qoca və dəniz” və digər məşhur əsərlərinin məğzi, ideya-bədii xüsusiyyətləri, ilə bağlı təhlil aparıb. “Qoca və dəniz” povestinin oxucuya təlqin etdiyi fikirləri təhlil edərək əsərdə təzahür edən bəzi mətnaltı fikirləri müzakirə iştirakçılarının diqqətinə çatdırıb. Qoca balıqçı Santyaqonun hiss və duyğularının ustalıqla əksi, əsərin təsvir xüsusiyyətləri, baş qəhrəmanın simasında oxuculara aşılanan əməksevərlik, gələcəyə inam, yaşamaq həvəsi kimi məsələlərdən söz açıb.

Onomastika şöbəsinin böyük laborantı Aysel Behbudlu “Qoca və dəniz” əsərinin ekran həyatı” haqqında nümayiş etdirdiyi təqdimatda yazıçının yaradıcılığına, “Qoca və dəniz” povestinin məzmununa nəzər salıb. O, əsərin süjet xətti əsasında müxtəlif illərdə ekranlaşdırılmış filmləri, həmin filmlərin ssenari və personajlarını müqayisəli təhlil edib. Təqdim olunan video-material üzərində müzakirə aparılıb.

Maraqlı keçən müzakirədə NDU-nun “Filologiya” ixtisası üzrə I kurs tələbəsi Jalə Hüseynova “Santyaqonun mübarizəsi: qələbə, yoxsa məğlubiyyət?” mövzusunda etdiyi çıxışında obrazların mənəvi dünyası, əsərdə oxuculara çatdırılan fikirlər, povestin gənclərin dünyagörüşünün, təxəyyülünün inkişafındakı önəmindən danışıb.

Sonda E.Heminquey yaradıcılığı, eləcə də “Qoca və dəniz” əsəri ətrafında geniş müzakirə aparılıb, maraq doğuran məsələlər cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: