Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.04.2022 10:53
  • A-
  • A
  • A+

Azərbaycan və Qazaxıstanın elm və təhsil sahələrinə dair perspektivli layihələr hazırlanacaq

Azərbaycan və Qazaxıstanın elm və təhsil sahələrinə dair perspektivli layihələr hazırlanacaq

AMEA-nın Neft və Qaz İnstitutu ilə Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndəsi arasında görüş keçirilib.

Görüşdə Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyev və Qərib Calalov, baş mütəxəssis Mehman Yusifov və Qazaxıstan Milli Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, t.e.d. prof. Gülnaz Moldabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə malikdir. Onun sözlərinə görə, azərbaycanlılar və qazaxları eyni kökləri, mədəniyyətləri, qədim ənənələri birləşdirir. Həmçinin bu xalqları dil və din eyniliyi də yaxın edir. O, Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin, xüsusilə də neft-qaz sahəsində gücləndirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra akademik Gülnaz Moldabayeva Azərbaycan və Qazaxıstan arasında əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olduğunu vurğulayıb. O, təmsil etdiyi elm və təhsil müəssisəsinin neft-qaz mühəndisliyi, geologiyası və s. sahələrdə apardığı tədqiqatlar haqqında məlumat verib. Bu istiqamətlərdə birgə tədqiqatların hər iki tərəf üçün elmi və iqtisadi cəhətdən faydalı olacağını söyləyib. O, həmçinin qeyd edib ki, Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssislərinin böyük rolu olub.

Sonda AMEA-nın Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumda müəssisələrin əməkdaşlarının və professor-müəllim heyətinin mübadiləsi, tələbə və doktorant mübadiləsi, elmi-tədqiqat təcrübəsi, birgə təhsil proqramlarının təşkili nəzərdə tutulub.

Bundan əlavə, tərəflər birgə elmi tədqiqat fəaliyyəti, akademik görüşlərin və elmi tədbirlərin təşkili, dövlət, beynəlxalq, ictimai və özəl fondlar və təşkilatlar tərəfindən elan edilən qrant müsabiqələrində birgə iştirak etməyi planlaşdırırlar.

Eyni zamanda, elmi məlumatların, materialların və biliklərin mübadiləsi, birgə nəşrlərin dərc etdirilməsi, müəssisələrin eksperimental və laborator imkanlarından istifadəsinin təşkili də əsas elmi əməkdaşlıq istiqamətləri olacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: