Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi münasibətilə Naxçıxan şəhərində “Heydər Əliyev: “Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir”” mövzusunda elmi sessiya keçirib.
Öncə muzey əməkdaşları Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü, daha sonra Hüseyn Cavidin məzarı üzərində ucaldılmış memarlıq-xatirə kompleksini - Hüseyn Cavid məqbərəsini ziyarət ediblər. Sonra tədbir iştirakçıları Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev-muzeyində olub və elmi sessiya öz işinə başlayıb.
Sessiyada məruzə edən Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Ümummilli lider Heydər Əliyevin böyük söz ustası Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi sahəsində misilsiz xidmətlərindən danışıblar.
G.Babaxanlı bildirib ki: “İlk dəfə Respublika rəhbərliyinə gəldiyi dövrdə, ötən əsrin 70-ci illərində Heydər Əliyev öz məruzələrində Hüseyn Cavidin adını Azərbaycan ədəbiyyatı qarşısında xüsusilə böyük xidmət göstərmiş sənətkarların sırasında fəxrlə çəkmişdir. Səksəninci illərin əvvəllərindən isə Ümummilli lider Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, kommunist rejimi tərəfindən repressiya edilmiş şairə layiqli qiymətin verilməsi işinə nəzarəti intensiv olaraq gücləndirmişdir. Şairin nəşinin Sibirdən Vətənə gətirilməsi, 1981-ci ildə 100 illik yubileyinin keçirilməsi haqqında qərarın qəbul edilməsi, yubiley çərçivəsində Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradılması haqqında sərəncamların verilməsi onun şairin xatirəsinin əbədiləşdirilməsinə qayğısının nəticəsi idi. Qlobal siyasi kataklizmlərdən sonra 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkədə ikinci dəfə ali hakimiyyətə gələn Heydər Əliyev həmin ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə tarixi görüşündə Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı ilə bağlı gördüyü işləri xatırlatmış, onun irsinin öyrənilməsinin vacibliyini gündəmə gətirmiş, dövrün filoloji fikrini Hüseyn Cavidin əsərlərinin akademik nəşrinə yönəltmişdir.
10 iyun 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin yanında tarixi müşavirə keçirilmiş və 14 illik fasilədən sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər yenidən müzakirə olunmuş və dərhal öz həllini tapmışdır. Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, onun Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilməsi, ədibin yaşadığı binanın 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin Ev Muzeyi adlandırılması məsələsi həll olunmuşdur.
Ulu öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsini açmış və özünün də dediyi kimi, 15 il əvvəl qəbul etdiyi qərarın icrasına nail olmuşdur. Bununla da hər kəs Heydər Əliyevin milli mədəniyyət məsələlərindəki qətiyyətinin bir daha şahidi olmuşdur.
Heydər Əliyev 23 oktyabr 2002 ci il tarixində “Hüseyn Cavidin 120 illik yubileyi haqqında” Sərəncam imzalamış, 24 oktyabr 2002-ci il tarixində Hüseyn Cavidin 120 illik yubileyi günündə Azərbaycan xalqının Ümummilli lideri Hüseyn Cavidin Ev Muzeyini ziyarətə gəlmiş və yenidənqurulmadan sonra muzeyin açılış lentini kəsərək, ekspozisiya ilə tanış olub, muzeyin rəy kitabına ürək sözlərini yazmış və gələcək fəaliyyəti üçün tövsiyələrini vermişdir. Bu gün də muzey öz işində Ulu öndərin tövsiyələrini rəhbər tutur. Şairin əsərlərinin nəşri, tədqiqi və təbliği istiqamətində əzmkarlıqla çalışır”.
Sonra Hüseyn Cavidin Naxçıvandakı Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova öz məruzəsində diqqəti Heydər Əliyevin böyük Cavid şəxsiyyətinə və sənətinə olan xüsusi rəğbətinə yönəldib, Ulu öndərin Cavidlər ailəsinə göstərdiyi qayğının da məhz buradan qaynaqlandığını bildirib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin son nəşrlərini Hüseyn Cavidin Naxçıvandakı Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanovaya təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.