Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2022 15:28
  • A-
  • A
  • A+

“Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq konfrans keçirilib

“Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirib.

Onlayn baş tutan konfrans ölkə başçısının Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamının, eləcə də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Şuşanın tarixindən bəhs edən akademik 30 ilə yaxın müddətdə şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər olduğunu və nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun bu üzgünlüyə son qoyduğunu bildirib. Bu böyük Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirən G.Baxşəliyeva onların ruhuna hörmət və ehtiramını ifadə edib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Alim AR Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə “Şuşa ili”nə töhfə olaraq Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab layihəsindən danışıb. Professor vurğulayıb ki, kitab ilk dəfə ictimaiyyətə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və “Zəfər Qurultayı” adlanan tədbirdə təqdim edilib. Elm Tarixi İnstitutunda “Şuşa ili” ilə bağlı görülmüş digər işlər haqqında da məlumat verən M.Seyidbəyli daha sonra “Yusif Vəzir Çəmənzəminli və onun “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabı” adlı məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edib.

ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin moderatorluğu ilə davam edən konfransda Elm Tarixi İnstitutunun baş elmi işçisi, akademik Validə Əlizadə “Ecological-economic aspect of environmental protection in Karabakh”, AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Shusha as a population longevity hotspot”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə “Şuşa şəhərində sosial infrastruktur layihələrinin həyata keçirilməsı (1954−1963)”, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə “Azərbaycanın siyasi və mədəni həyatında Ağabəyim ağa Cavanşir”, Şərqi Akdeniz Universitetinin beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru İsfəndiyar Həşimov “The Liberation of Shusha from Armenian Occupation as the Solution to Nagorno-Karabakh Conflict”, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi “Тема “Года Шуши” в патриотическом воспитании молодежи в национальном музее истории Азербайджана НАНА”, həmin şöbənin baş mütəxəssisi Nigar Əhmədli “Натаван – 190” və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “İkinci Qarabağ müharibəsində Fransanın rolu və mövqeyi” mövzusunda məruzələrini təqdim ediblər.

Konfransda Azərbaycan diaspora nümayəndələrindən İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy, diaspor məsələləri üzrə ekspert, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi, tarix üzrə fəlsəfə doktoru Yahya Babanlı da iştirak edərək, mövzu ətrafında fikirlərini bildiriblər.

Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, milli-mənəvi və sosial-mədəni irsi, ekomühiti, iqlim xüsusiyyətləri, ədəbiyyatı, incəsənəti, memarlığı, fəlsəfəsi və digər aspektlərdən araşdırıldığı konfrans sual və müzakirələrlə davam edib.

Qeyd edək ki, xarici ölkələrdən də iştirakçıların qatıldığı konfransa müvafiq olaraq tezis və məqalələr də təqdim edilib. Təqdim edilən bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: