Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev elm və təhsilin inkişafına daim prioritet istiqamət kimi yanaşıb
10.05.2022 10:36
  • A-
  • A
  • A+

Heydər Əliyev elm və təhsilin inkişafına daim prioritet istiqamət kimi yanaşıb

Ümummilli lider Heydər Əliyev müdrik siyasəti, yorulmaz fəaliyyəti ilə Azərbaycan tarixində silinməz izlər qoyub, müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, respublikamızın ağır, çətin sınaqlardan uğurla çıxması üçün xilaskarlıq missiyasını ləyaqətlə həyata keçirib, ölkəmizin sosial-iqtisadi inkişafına, təhsil, elm və mədəniyyət sahələrinin tərəqqisinə misilsiz töhfələr bəxş edib.

Dahi şəxsiyyətin fəaliyyətində elm, təhsil və mədəniyyətin inkişafı prioritet istiqamətlərdən biri idi. Ümummilli lider Azərbaycanın ölkələr, dövlətlər arasında seçilib-sayılmasında, nüfuz qazanmasında bu məsələnin nə qədər önəm daşıdığını yaxşı bilirdi. Ona görə də gəncliyin yüksək təhsil almasına, maariflənməsinə, fundamental və humanitar elmlərə yiyələnməsinə mühüm önəm verirdi. Eyni zamanda, elmin və təhsilin tərəqqisinə əngəl törədən problemlərin həllini də diqqətdə saxlayır, bu yöndə respublikanın intellektual resurslarını gücləndirməyi, təhsil infrastrukturunu möhkəmləndirməyi qarşıya mühüm vəzifə kimi qoyurdu. Məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisinin, həmçinin müasirləşdirilməsinin geniş vüsət alması, ixtisaslı kadrların hazırlanması məqsədilə müəyyən layihələrin reallaşdırılması bunun bariz ifadəsi idi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ayrı-ayrı bölgələrində 800-ə yaxın məktəb tikilməsi, ali məktəblərin ümumi sayını 12-dən 17-yə, tələbələrin sayının 70 mindən 100 minə qədər artması da elmə və təhsilə göstərilən qayğıdan xəbər verirdi.

Ümummilli lider fəaliyyətində xalqın gələcəyini nəzərə alaraq, milli kadr potensialının getdikcə gücləndirilməsinə xüsusi diqqətlə yanaşırdı. Bu məqsədlə hər il azərbaycanlı gəncləri təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə xeyir-dua verərək göndərirdi. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlının göndərilməsi, hər il xaricə 800 tələbə yola salınması məhz qeyd edilən siyasətin parlaq ifadəsi idi. Müdrik rəhbər xalqın təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra da elm və təhsil potensialının gücləndirilməsini diqqət mərkəzində saxladı. Bu məqsədlə hazırlanan əhatəli islahatlar proqramı əsasında Ulu öndər ilk olaraq, 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” sərəncam imzalayaraq, bu sahədə təkmil qanunverici bazanın formalaşdırılmasını, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılmasını qarşıya önəmli, təxirəsalınmaz vəzifə kimi qoydu. Xatırladım ki, adı çəkilən sərəncamda yaradılması nəzərdə tutulan komissiya fəaliyyətə başladıqdan qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nı hazırladı, eyni zamanda, bu dəyərli sənədin cəmiyyətdə əhatəli müzakirəsi uğurla aparıldı və proqram 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi. Həmin proqramın uğurla icrası nəticəsində Azərbaycanda təhsil sistemi milli təhsil ənənələri əsasında beynəlxalq standartlara uyğunlaşdırıldı. Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafında ən böyük tarixi xidmətləri sırasında yeni əlifbaya keçilməsi latın qrafikalı əlifbanın gerçəkləşdirilməsi, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplayan abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi də mühüm əhəmiyyət daşıyırdı.

Dahi şəxsiyyətin 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini vurğulayaraq, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirdi. Bu tarixi görüşdən başlayaraq, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı. Bəli, Ümummilli lider bu sahədə də verdiyi vədə sadiq qaldı, Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilməsi ilə bağlı 15 may 2001-ci il tarixli fərman imzaladı və bununla da bu elm ocağının elmimizin inkişafındakı rolunu rəsmən təsdiqlədi.

Yeni istiqamətlərə uyğun olaraq Heydər Əliyevin hakimiyyəti dövründə bir çox təhsil ocaqlarının adları dəyişdirildi. Milli Münasibətlər İnstitutunun adı dəyişdirilərək Beynəlxalq Münasibətlər, Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun adı isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlandırıldı. Demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoyan müstəqil Azərbaycan dövləti üçün insan hüquqları və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması mühüm məsələlərdən biri idi. Bu məqsədlə Heydər Əliyevin sərəncamı ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı...

Ulu öndər elm və təhsilin inkişafına belə həssas münasibət bəsləməklə, ciddi diqqət yetirməklə Azərbaycanın tərəqqisinin əsasını şərtləndirirdi, bu, həm də dahi şəxsiyyətin ölkənin inkişafının insanların yüksək təhsil alması, maariflənməsi ilə bağlı olması qənaətindən irəli gəlirdi. Ümummilli lider, eyni zamanda, respublikamızın iqtisadiyyatının gücləndirilməsini elm və təhsilin inkişafı ilə paralel aparırdı. Başqa sözlə, iqtisadiyyatın inkişaf yolu elm və təhsildən keçməklə Azərbaycan dünyada tanınır, nüfuz qazanırdı.

Emin BAĞIROV, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

“Xalq qəzeti”

  • Paylaş: