Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət
10.05.2022 11:56
  • A-
  • A
  • A+

Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət

Azərbaycan Respublikasında XX əsrin sonu milli şüurun oyanışının yeni mərhələsi ilə xarakterizə olunur. Soy-kökünə, milli tarixə qayıdış tarixi tədqiqatların istiqamətinə də təsir göstərdi. Yeni tarixi tədqiqatlar dalğası başladı. Elmi və publisistik yazılarda tariximizə olan yad münasibət tənqid olunur, təhrif və saxtalaşdırılmalar arxiv sənədlərinə əsasən təhlil edilirdi. Azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət də yeni  məzmun aldı. Sistemsiz, dağınıq elmi araşdırmalara baxmayaraq, mövzunun tədqiqi dövrün ictimai-siyasi axarı ilə uzlaşırdı. Qafqazın geosiyasi durumu tarixə nəzər salmağı, azərbaycan-türk xalqının aborigen xalq olaraq regionda əsas etnik amil kimi varlığının isbatını vacib edirdi. Soyqırımı və deportasiyalar tarixinə müraciət təkcə elmi müstəvidə deyil, dövlət səviyyəsində də aktuallaşdı.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Ermənistan arasında Qarabağ müharibəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.

Azərbaycan xalqının təxminən otuz illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu öndərin adı ilə bağlıdır. 1993-cü ilin iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Bu Azərbaycan xalqının tarixinə sözün həqiqi mənasında böyük hərflərlə yazılan qayıdış idi. Heydər Əliyev görüləcək işlərin miqyas və çətinliklərini qabaqcadan görərək xalqın təklifini qəbul etdi. Özü də sakit, təmkinlə böyük vədlər vermədən qəbul etdi. İşin rəsmi tərəfi 1993-cü il iyunun 15-də Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə öz həllini tapdı.

Heydər  Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə sədr seçiləndən sonrakı ilk çıxışında demişdir: “Ali sovetin sədri kimi xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.

Bu çıxışdan sonrakı tarixi dövrə nəzər saldıqda bu ifadələrin müasir Azərbaycan cəmiyyətinin, dövlətinin simasında reallaşdırılmasının əyani şahidi oluruq.

Şübhəsiz, bu qayıdışın məna və əhəmiyyəti ondadır ki, Heydər Əliyevin qayıdışdan əvvəlki 24 illik fəaliyyəti dövründə və qayıdışdan sonra gördüyü işlər tarixçi nəsillərin həmişəlik tədqiqat obyekti olacaqdır. Bu yazımızda isə biz diqqəti əsasən Heydər Əliyev dühasının fəaliyyəti müddətində həm bir azərbaycanlı, həm bir tarixçi, həm də bir siyasətçi olaraq tarixən azərbaycanlıların başına gətirilmiş müsibətlərə, soyqırım və deportasiyalara münasibəti məsələsinə yönəltməyə çalışacağıq.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. XIX-XX əsrlərdə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım törədilmiş, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar etmişlər. Yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz ata-baba yurdundan didərgin salınmış, Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilmişdir. Məlumdur ki, Rusiya və İran imperiyaları arasında Azərbaycana sahib olmaq uğrunda XIX əsrin birinci rübündə amansız və uzun sürən işğalçılıq müharıbələrinin nəticəsi olaraq Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan iki imperiya arasında bölündü. Üstəlik çar və İran imperiyaları arasında bölüşdürülmədən sonra da Azərbaycan onların içərisində də 4-5 yerə parçalanıb: Şimali Azərbaycanın böyük bir hissəsi olan Zəngəzur Ermənistana verilmiş, qalan hissəsi də Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan Muxtar Respublikası və s. haqqında akademik Yaqub Mahmudov yazır: “Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında-keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə  “Erməni vilayəti” yaradıldı.”

Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının bir formasına çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Sonralar  tarixi dovr 30-cu illərin ağir represiyaları ilə müşayət olunaraq Azərbaycanin ziyalı genofondunun məhvinə nail olunmuş, bunun ardınca 1948-53-cü illər azərbaycanlıların kütləvi deportasiya dalğası, 80-ci illərdən başlayaraq Dağlıq Qarabağ probleminin yenidən süni şəkildə qızışdırılması, 1990-cı il 20 yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı demək olar ki, bu faciələrin pik nöqtəsi oldu.

Tarixin  acı sürprizləri olan bu faciələr qara və böyük hərflərlə tariximizin səhifələri yazılsa da nədənsə heç kim bu acı səhifələri açıb oxumaq və eləcə də böyüməkdə olan nəslə oxutmaqda maraqlı deyildi. Bu həqiqətlərin üstündən sükutla keçilirdi. Lakin hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu kimi bu tarixi həqiqətlərin də açılıb ağardılmasının zamanı gəldi. Bütün bu müsibətlər Heydər Əliyev dühasının cəsarəti, siyasi iradəsi sayəsində hüquqi qiymətini tapdı.

Sovet illərində Ermənistanda antiazərbaycan siyasəti davam etdirilirdi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başlamışdı. XX əsrin 50-60-cı illərində Moskvanın köməyi ilə Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən Azərbaycanda erməni lobbisi yaradıldı. Dağlıq Qarabağda millətçilik dərinləşir, ermənilər Yuxarı Qarabağdakı azərbaycanlıları açıq-aşkar  sıxışdırırdılar. 1967-ci ildə Xankəndində azərbaycanlılara divan tutuldu, bir neçə azərbaycanlı qətlə yetirildi. Həmin dövrdə respublika rəhbərliyi  laqeyd mövqe tutaraq “xalqlar dostluğunu” möhkəmləndirmək üçün tədbirlər görürdü. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də qərar verərək sərhəd rayonlarında 2 min hektardan artıq Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin iyulunda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi. Məhz Heydər Əliyevin bu kimi xidmətləri çox olub. Akademik Yaqub Mahmudov Ulu öndər haqqında yazır: “Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki “rəhbərlərin” tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi “Azərbaycan” möhürü özümüzə qaytarıldı.”

Düzdür, hələ sovet  hakimiyyəti dövründə xalqımızın cəsarətli oğulları Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Şəhriyar və başqaları Azərbaycan həqiqətlərinin açıqlanması, ikiyə bölünmüş Azərbaycanın insanları arasında heç olmasa mədəni əlaqələri inkişaf etdirmək üçün əllərindən gələni edirdilər. Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi işləyərkən 1981-ci ildə onun təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyası sistemində - Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi bölməsi, Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı üzrə katiblik yaradılmışdı. Beləliklə, 40 ildən çox müddət ərzində bizim üçün az qala unudulan Azərbaycan həqiqətlərinin üzə çıxarılmasının və eləcə də Azərbaycan xalqının özünüdərk, həmrəylik hissinin güclənməsinə zəmin yaradaraq sonrakı tarixi hadisələrin gedişinə güclü təkan verdi. Məhz bu addımın məntiqi davamı olaraq, 1989-cu ilin noyabrında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsinin qərarı ilə “Sərhəd hərəkatı” adı ilə bir sıra siyasi aksiyalar həyata keçirildi və nəticədə SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri söküldü. Beləliklə, 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəyliyi bayramına cevrildi ki, bu da öz ideya mənbəyini məhz dahi Lider Heydər Əliyevin uzaqgörən təfəkküründən götürürdü və bu təfəkkürün siyasi uzaqgörənliyi tarix üçün elə də uzun olmayan bir müddətdə öz real bəhrəsini verməyə başlamışdı. 1990-cı ilin noyabrın 5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan-Türk Dərnəkləri Qurultayında 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriliyi irəli sürüldü.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də aşağıdakı qərarı qəbul etdi: “Hər il dekabr ayının 31-i dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü qeyd edilsin.”

Yuxarıda adı çəkilən qərardan sonra dünyada yaşayan azərbaycanlılar, onların hansı dövlətlərin ərazisində yaşamaları və s. barədə məlumatlar toplanmağa başlanmışdır. Əsas odur ki, bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini gücləndirmişdir.

1992-ci il martın 10-da Sədərəkdə sərhəd bölməsində Heydər Əliyevin Ermənistan Ali Sovetinin sədri Babken Araktsyanla görüşü zamanı bütün sərhəddə sabitliyə və təhlükəsizliyə əməl olunması qərara alınması, Mehri rayonu ərazisindən keçən Bakı-Naxçıvan sərnişin qatarlarının təhlükəsizliyinin təmin edilməsi və s. məsələlər barəsində əldə edilən razılıq Heydər Əliyev şəxsiyyətinə ümidi daha da gücləndirir, hakimiyyətdəki siyasi qüvvələrdə isə qısqanclıq hissi doğururdu. Heydər Əliyev hətta B.Araktsyanın Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları olmaması etirafına da nail olmuşdu. Bütün bunları gözə alan hakimiyətdəki siyasi qüvvələr Heydər Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə süni maneə yaradaraq, prezident vəzifəsinə namizədliklə əlaqədar konstitutsiyadakı yaş həddi ilə bağlı maddəni əsas götürdülər və bu məddənin ləğvi ilə bağlı Bakıda və Naxçıvanda keçirilən kütləvi aksiyalara baxmayaraq, fəaliyyətsizlik nümayiş etdirdilər. Lakin tarixin sonrakı gedişində həmin siyasi qüvvələr xalqın dövlətin taleyinin ən ağır məqamlarında hakimiyyəti həll olunmamış problemlərlə birlikdə Heydər Əliyevin üzərinə ataraq,  siyasi səhnədən uzaqlaşmağa məcbur etdi. Yenidən siyasi hakimiyyətə qayıdandan dərhal sonra Heydər Əliyev Xocalı soyqırımının matəm günü elan olunması haqda Milli Məclisə təkliflə müraciət etdi və 1994-cü ilin fevral ayında Milli Məclis “Xocalı soyqırımının törədildiyi 26 fevral gününün matəm günü elan olunması haqqında” qərar qəbul etdi. Sonralar bu məsələyə laqeyd münasibətdən bəhs edən Heydər Əliyev Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə demişdir: “Bilirsiniz ki, Xocalı soyqırımı 1992-ci il fevralın 26-da olubdur. 1993-cü il fevral ayının 26-da bu soyqırımın birinci ildönümü idi, o yaranın hələ tamamilə qanlı vaxtı idi. Nə üçün bəs Xocalı soyqırımı günü elan olunmadı? Niyə! Bunun böyük tarixi əhəmiyyəti var, böyük siyasi əhəmiyyəti, böyük mənəvi əhəmiyyəti var. 1994-cü ildə 26 fevral ərəfəsində mən təklif verdim bizim Milli Məclisə. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı, Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür, faciə günüdür. Bunu biz qanunla qəbul etdik. Bunu bir ildən sonra etməyənlər də yəqin ki, həmin bu cinayətin iştirakçıları olublar ki, bunu etməyiblər. Buna sadəcə etinasızlıq kimi, yaxud diqqətsizlik kimi yanaşmaq olmaz. Əgər diqqətsizlik də varsa, bu qədər diqqətsizlik olarmı? Öz millətinin aqibətinə, millətinin taleyinə bu qədər də laqeydlik, biganəlik ola bilərmi? O adamlar indi orda-burda danışırlar, qəzetdə cürbəcür şeylər yazırlar, cürbəcür böhtanlarla məşğuldurlar. Bəzisi qaçıb Moskvada gizlənib, bəzisi, nə bilim, dağlarda gizlənib, bəzisi burada müxalifətdədir. Bu gün onların heç birisinin mənəvi haqqı yoxdur danışmağa. Onların başdan-ayağa hamısı Azərbaycan xalqının qarşısında etdikləri cinayətə görə cavabdehdirlər, cavab verməlidirlər. Bu gün də cavab verməsələr, sabah verəcəklər.”

Heydər Əliyev bu soyqırımdan əziyyət çəkən, hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində də səylərini əsirgəməmişdir. Heydər Əliyev demişdir: “Təkcə ayın 25-26-sı deyil, bundan sonra da ümumiyyətlə, Xocalı soyqırımı, Xocalı faciəsi ilə əlaqədar mətbuatda, televiziyada ardıcıl verilişlər verin. Qoy insanlar gəlsinlər, öz təəssüratlarını danışsınlar. Məsələn, bu kişi deyir ki, iki oğlu həlak olubdur. Qoy gəlsin danışsın, bunun dərdini eşitsinlər, bunun özü də müəyyən mənəvi təskinlik alacaqdır. İndi belələri çoxdur, hamı ola bilər. Ona görə də mən ümumi göstəriş verirəm və bu, olacaqdır, mətbuatda da ardıcıl getməlidir, bizim televiziya və radioda da verilməlidir. Bir də deyirəm, ağsaqqallar, vəzifəli adamlar, hamınız birlikdə oturun məsləhətləşin bu işi. Son gündə o prosesdə olan adamları, fərqlənən adamları, layiqli adamları təqdim edin, mən prezident kimi orden və medallarla təltif etməyə hazıram. Əgər o vaxt çox böyük qəhrəmanlıq göstəriblər, lakin onların xidməti unudulubsa, Milli Qəhrəman adı verməyə də hazıram, bunları etməyə hazıram. Yəni, “hazıram” deyəndə, bu, mənim borcumdur. Çünki o qəhrəmanlar özləri buna layiqdirlər.”

Bunun ardınca, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev nəinki yaxın tarixi dövrdə eləcə də əsrin əvvəllərində baş vermiş faciələrin də hüquqi-siyasi qiymətini alması istiqamətində fəaliyyətini davam etdirmiş, keçmişdə hüquqları pozulmuş insanlara bəraət verilməsi barədə tədbirlər görmüşdür. Bu baxımdan onun “Siyasi represiya qurbanlarına bəraət verilməsi haqqında” 1996-cı il martın 15-də verdiyi fərman xüsusi əhəmiyyət kəsb edir. Qanunda göstərilir ki, 1920-ci il aprelin 28-dən başlayaraq, Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə represiyalara məruz qalmışdır. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində törədilmiş represiyaların qurbanlarına bəraət verilməsi, onların siyasi, sosial və vətəndaş hüquqlarının bərpa edilməsi, həmçinin özbaşınalığın və başqa nəticələrinin aradan qaldırılması üçün hüquqi əsasların müəyyən edilməsidir. Qanunun bəraət verilməsi qaydasına aid olan hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi represiyaya məruz qalmış bütün şəxslərə şamil edilir.  Bu qanunun qəbulu minlərlə xalq düşməni damğası vurulmuş günahsız insanların gec də olsa hüquqlarının bərpası və mənəvi rahatlığa qovuşması demək idi.

Keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində növbəti və deyərdim ki, ən vacib addımlardan biri 1918-ci il mart soyqırımını öz siyasi qiymətini tapması oldu. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümumilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Məhz bütün bunları nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martın Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi haqqında” fərman verib. Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” 

Və elə bu vaxtdan da ümumi sayı 50 milyon olan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının günü kimi qeyd edir. Bu məsələyə münasibətdə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycanın təəssübkeş lideri Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günüdür. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.”

Sözsüz ki, bir neçə səhifədən ibarət bu məqalədə Heydər Əliyev şəxsiyyətinin bu məsələlərlə bağlı fəaliyyətini tam və dolğun şəkildə təsvir etmək mümkünsüz bir məsələdir. Nəzərə alsaq ki, müasir Azərbaycan tarixinin təqribən yarım əsrə bərabər bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır və onun fəaliyyəti ölkəmizin həyatının bütün sferalarında olduğu kimi sahədə də çox zəngindir. Onda bu mövzunun böyük bir monoqrafiyanın tədqiqat obyekti olduğu aydınlaşır. Lakin biz bu məqalədə yalnız bu dahi şəxsiyyətin soyqırımı və departasiya məsələlərilə bağlı fəaliyyətinə qısa da olsa bir səyahət etməyə və bu fəaliyyətin ən önəmli məqamlarına qısaca şərh verməyə çalışdıq. Tədqiqatımızın nəticəsi olaraq, Heydər Əliyevin yaranmış müxtəlif tarixi məqamlarda şəraiti düzgün qiymətləndirib, siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında reaksiya verməsinin, xalq və dövlət naminə düzgün qərarlar verməsinin şahidi oluruq. Həmin qərarlar bu günkü Azərbaycan dövlətinin də siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rola malikdir. Prezident İlham Əliyevin də apardığı xarici siyasətin əsas amalı Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının xalqımıza qarşı törətdikləri cinayətlərin cəzasına nail olmaqdır.

Leyla HÜSEYNOVA, AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: