Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2022 16:18
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov bildirib ki, Azərbaycan xalqı mayın 10-nu tarixi bir gün kimi qeyd edir. Son günlər ölkəmizin müxtəlif təşkilatlarında H.Əliyevin xatirəsinə həsr olunan silsilə yubiley tədbirləri keçirilir. X.Zeynalov dünya səviyyəli siyasi xadim Heydər Əliyevin ölkəmizin dövlətçilik tarixində parlaq səhifə açan bənzərsiz bir şəxsiyyət olduğunu, eyni zamanda elm, təhsil, mədəniyyət və incəsənətə diqqət və qayğısını əsirgəmədiyini, hər zaman bu sahədə çalışan insanları qiymətləndirdiyini vurğulayıb.

Sonra X.Zeynalov “Ulu öndər rəssamların dostu və hamisi” mövzusunda məruzə ilə çıxış edib. X.Zeynalov öz çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyev rəssam və heykəltəraşların əsl hamisi olub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Səttar Bəhlulzadəyə Dövlət mükafatı verilib. Heydər Əliyev SSRİ Xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun da yaradıcılığına böyük qiymət verirdi. 1995-ci il 21 may tarixində Heydər Əliyev Tahir Salahovu qəbul edərkən onun sənətinə çox böyük qiymət verdi. Ulu öndər Toğrul Nərimanbəyovun sənətini də daim yüksək qiymətləndirib. 1998-ci il mayın 12-də o, Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli rəssamın konsertində iştirak etdi və onun vokal yaradıcılığını rəssamlıq yaradıcılığı kimi yüksək qiymətləndirdi. Həmin tədbirdə Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti, professor İhsan Doğramacı da iştirak edirdi. Ulu öndər daima Azərbaycan rəssamlarının yaradıcılığını yüksək qiymətləndirib, onlara diqqət və qayğı göstərib. O, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə və başqaları ilə görüşüb, onların sərgilərində iştirak etmiş, əsərləri barədə dəyərli fikirlər söyləyib.

Daha sonra Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusu ilə məruzə edib. Ü.Talıbzadə qeyd edib ki, görkəmli dövlət xadimi, dünyaca məşhur müdrik siyasətçi H.Əliyev ictimai həyatın bütün sahələri üzrə zəngin biliyə malik olan dahi şəxsiyyət kimi tanınır. Musiqini dərindən duyan bir şəxsiyyət kimi o, musiqi sənəti haqqında nəzəri mahiyyət daşıyan fikirlər söyləyib. Bəstəkarlarımızın hər bir yeni əsəri, premyerası, yaradıcılıq gecəsi həmişə Ulu öndərin diqqət mərkəzində olub, Heydər Əliyev daim musiqi xadimlərimizin fəaliyyətlərini yüksək qiymətləndirib, eləcə də onları xalqın mədəni inkişafı yolunda daha böyük qüvvə ilə çalışmağa, yeni əsərlər yaratmağa sövq edib.

Azərbaycanın görkəmli ziyalılarını, incəsənət xadimlərini, adlı-sanlı alimlərini yüksək qiymətləndirən H.Əliyev, hər zaman onların himayəçisi olmuş və həmin şəxsiyyətlərin yubiley tədbirlərinin keçirilməsinin təşəbbüskarı olub.

Müstəqillik dövründə ölkəmizin musiqi həyatında Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev mədəniyyət və incəsənətin inkişaf proseslərinin parlaq təşkilatçısı kimi musiqi xadimlərinə də dəstək olaraq, onların qarşısında geniş yaradıcılıq imkanları açmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: