Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2022 16:31
  • A-
  • A
  • A+

Azərbaycanın neft-kimya və kimya sənayesinin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu olub

Azərbaycanın neft-kimya və kimya sənayesinin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu olub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun YAP Ərazi təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, Ulu Öndər tarixən Azərbaycanın xilaskarı olub: “İstər respublikamıza birinci rəhbərliyi dövründə, istərsə də müstəqillik illərində hakimiyyətə yenidən qayıdışı zamanı vətənimizin böyük çətinliklərdən xilas edilməsində böyük rol oynayıb. Buna səbəb onun uzaqgörənliyi, qətiyyəti, inadkarlığı, vətəni hədsiz sevməsi idi”.

V.Fərzəliyev vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyini öz üzərinə götürən ümummilli lider respublikamızın parçalanmasının qarşısını aldı.

Ulu Öndərin elmimizə böyük diqqət və qayğı göstərdiyini deyən V.Fərzəliyev qeyd edib ki, Ümummilli Lider ikinci dəfə hakimiyyətə gələndən sonra 1993-cü ildə ilk görüşünü AMEA-nın binasında alimlərlə keçirib.

Onun sözlərinə görə, Azərbaycan alimlərinin, o cümlədən özünün beynəlxalq təşkilatların eksperti kimi xarici ölkələrdə çalışması Ulu Öndərin dəstəyilə mümkün olub: “SSRİ rəhbərliyi adətən ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək başqa ölkələrdən mütəxəssisləri irəli çəkirdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız digər respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir? Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil. Ümummilli Liderin tövsiyələrinə uyğun olaraq, AMEA-nın neft-kimya təmayüllü elmi tədqiqat institutları və o cümlədən Aşqarlar Kimyası İnstitutunda aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb”.

Sonra YAP İdarə Heyətinin üzvü, institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın kimya sənayesində rolu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, bütün sahələrdə olduğu kimi, respublikamızda təşəkkül tapmış kimya sənayesinin inkişafında və Azərbaycanın neft-kimya və kimya sənayesi ölkəsi kimi tanınmasında, bu günə gəlib çatmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və xidmətləri olub: “Kimyalaşma devizi altında bütün ittifaq respublikalarında kimya müəssisələri tikilib istifadəyə verilirdi. Ancaq SSRİ rəhbərliyi Azərbaycanla digər respublikalar arasında fərqli, belə demək mümkünsə, ögey münasibət bəsləyirdi. O zaman kimya müəssisələrinin istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində, respublikanın kimya sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə ziddinə olurdu”.

Ə.Sucayevin sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı: “Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu”.

Tədbirdə, həmçinin müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı təqdimatla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: