Mayın 13-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşüb.
Görüş Akademiyanın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının davamı olaraq baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, ölkəmizdə ideoloji işlərin həyata keçirilməsində, Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, arxeologiyası, mədəniyyətinə dair tədqiqatların aparılmasında Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük vəzifələr düşür və bu bölmələrin əməkdaşları ötən illərdə bunun öhdəsindən layiqincə gəliblər.
Akademik Arif Həşimov AMEA-nın gələcək inkişafı ilə bağlı Akademiya üzvlərinin də üzərinə böyük vəzifələr düşdüyünü, onların eyni zamanda qərar qəbuledici şəxslər olduqlarını vurğulayıb. Qeyd edib ki, görüşdə səsləndiriləcək təkliflər ümumiləşdirilərək AMEA-nın Ümumi yığıncağının qərar layihəsinə salınacaq və gələcək fəaliyyət planımızı əks etdirəcək.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ümumi yığıncaqdan öncə elmi müəssisələrə müraciətlərin edildiyini, elmin inkişafı və gələcək fəaliyyət planı ilə bağlı kollektiv təkliflərin yığılaraq akademik-katibliyə təqdim olunduğunu diqqətə çatdırıb. Akademik həmin təkliflərin və bugünkü iclasda səsləndiriləcək fikirlərin ümumilikdə AMEA-nın inkişafına kömək edəcəyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva isə Akademiyanın cəmiyyətdə nüfuzunun artırılması ilə bağlı fərdi və kollektiv şəkildə təbliğat işlərinin gücləndirilməsinin önəmini qeyd edib. Həmçinin bildirib ki, AMEA-da islahatların aparılması və təkmilləşdirmə işlərinin həyata keçirilməsi vacibdir.
Akademik Nailə Vəlixanlı isə arxeoloji tapıntıların Tarix Muzeyinə təqdim olunması, Elm Tarixi Muzeyinin yaradılması barədə təkliflərini səsləndirib.
Görüşdə, o cümlədən akademik Teymur Kərimli də çıxış edərək humanitar sahədə tenderlərin keçirilməsi qaydasının yumşaldılması, elektron kitabxanaların təkmilləşdirilməsi ilə bağlı zəruri avadanlıqların alınması və digər təkliflərini təqdim edib.
“Elmsiz heç bir dövlət, cəmiyyət inkişaf edə bilməz. Akademiyanı necə yeniləşdirməliyik? AMEA-da yeni istiqamətlər müəyyənləşdirməli və onunla addımlamalıyıq. Çıxış yolu islahatlardadır”, - deyə AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxışında diqqətə çatdırıb. O, Akademiyada çıxan jurnalların çapı və dövriliyi məsələsində problemlərin olduğunu, bu prosesin davam etməməsinin varislik ənənəsini pozacağını söyləyib.
AMEA-nın müxbir üzvü Şahbaz Muradov isə bəzi şöbələrin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb, eyni zamanda Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən ictimai fikrin formalaşdırılmasına diqqəti çəkib.
Tədbirdə çıxış edən akademik Kamal Abdullayev AMEA-nın ilk növbədə xalqımız və cəmiyyət qarşısında öhdəliyi olduğunu bildirib. Qeyd edib ki, mövcud problemlərdən çıxış üçün Akademiyanın daxili potensialı var və bunu doğru istiqamətə yönləndirmək lazımdır. Onun sözlərinə görə, bu gün ölkəmizdə qədim dillərə və mədəniyyətlərə qarşı münasibət ürəkaçan deyil, qədim latın, yunan, avesta və sanskrit dillərini bilən mütəxəssis çatışmazlığı var. O, Akademiyanın öz potensialından bu sahədə istifadə edə biləcəyini söyləyib, həmçinin elmlər arasında inteqrasiya prosesinin artmasından irəli gələrək humanitar sahədə müştərək laboratoriyaların yaradılmasına ehtiyac olduğunu deyib.
AMEA-nın müxbir üzvü Qorxmaz İmanov isə iqtisad elminə dair bölmə və yaxud sektorun yaradılması, kadr hazırlığı, elmtutumlu layihələrdə alimlərin yaxından iştirakı və s. təkliflərini təqdim edib.
Daha sonra çıxış edərək təkliflərini səsləndirən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə elmi jurnalların səviyyəsinin qaldırılması və beynəlxalq indekslər alması, yalançı jurnallarda məqalə çapı ilə bağlı mübarizənin gücləndirilməsi və mobil tipli layihələrin təşkil olunmasının vacibliyini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Tehran Mustafayev isə elm sahələri arasında inteqrativ prosesin gücləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.
Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib, elmi yeniliklərin mütəmadi olaraq AMEA-nın Videosalnamə studiyasının “İnnovativ Texnologiyalar” verilişi, “Elm” qəzeti, “Elm və həyat” jurnalı və Science.gov.az portalı vasitəsilə ictimaiyyətə təqdim olunduğunu söyləyib. Həmçinin qeyd edib ki, bu gün alimlərin həyata keçirmək istədikləri bir çox layihələrin texniki-iqtisadi əsaslandırmasına ehtiyac var və bu sahədə iqtisadçı alimlər zəruri köməkliyi göstərə bilər.
Akademik Arif Həşimov alimlərimizin və elmi məktəblərin qorunmasına diqqəti çəkib, bu cür görüşlərin mütəmadi keçiriləcəyini deyərək iclasa yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.