Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2022 15:52
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində Oksford Universiteti ilə aparılan birgə tədqiqatların ilkin nəticələrinə dair iclas keçirilib

Seysmoloji Xidmət Mərkəzində Oksford Universiteti ilə aparılan birgə tədqiqatların ilkin nəticələrinə dair iclas keçirilib

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Böyük Britaniyanın Oksford Universiteti ilə mərkəz əməkdaşlarının Azərbaycan ərazisində apardıqları birgə tədqiqatların ilkin nəticələrinə dair iclas keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü və Oksford Universitetinin təmsilçisi, professor Rəşid Cavanşir, Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker, Oksford Universitetinin əməkdaşları Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları Heill Marshall, Ben Johnson və  İan Pierce, AMEA-nın Yer Elmləri bölməsinə daxil olan elmi müəssisə və təşkilatların nümayəndələri və mərkəz əməkdaşları iştirak ediblər.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinın əməkdaşları ilə bir aya yaxın müddət ərzində Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Salyan və Şirvan rayonlarında birgə tədqiqatlar aparıblar. Birgə tədqiqatların aparılmasında məqsəd Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker AMEA və Oksford Universiteti arasında həyata keçirilən birgə tədqiqatların uzun müddətli olduğunu bildirib. Onun sözlərinə görə, Oksford Universiteti Qlobal Naviqasiya Sistemləri Vasitəsi ilə (GNSS) Cənubi Xəzər hövzəsi və Azərbaycan ərazisində zəlzələlərin öyrənilməsi, Azərbaycan ərazisində seçilmiş zonalar üzrə paleseysmoloji tədqiqatların aparılması və aktiv tektonik qırılmaların müəyyən edilməsi istiqamətlərində RSXM-lə birgə uzun müddətli tədqiqatlar aparmaq niyyətindədir. Artıq tədqiqatların ilkin mərhələsi başlayıb. Ümumilikdə, ilkin tədqiqatlar 23 gün davam edib və bu müddətdə seçilmiş rayonlar üzrə dron çəkilişləri olub. Paleseysmik tədqiqatlar məqsədi ilə xəndəklər qazılıb, seysmik cihazlarla qırılma sahələrində və palçıq vulkanlarının ətrafında ölçmə işləri aparılıb. O, Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında da danışıb.

Daha sonra Oksford Universitetinin əməkdaşları Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları  İan Pierce və  Ben Johnson RSXM əməkdaşları ilə birlikdə aparılan tədqiqatların ilkin nəticələri və alınmış nəticələr haqqında təqdimatlarla çıxış ediblər. Hər iki məruzəçi tədqiqatlar zamanı alınmış yeni nəticələrdən danışarkən bu istiqamətlərdə araşdırmaların davam etdiriləcəyini qeyd ediblər. Həmçinin bu tədqiqatlardan alınmış nəticələrə dair birgə elmi məqalələrin yazılması da nəzərdə tutulur.

AMEA və Oksford Universitetinin təmsilçisi Rəşid Cavanşir isə bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri də birgə yeni elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi və Azərbaycanın gənc alim və mütəxəssislərinin Oksford Universitetində elmi tədqiqatlara cəlb olunması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə aparılan tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu tədqiqatlar nəticəsində yeni nəticələrin əldə olunacağına inandığını bildirib.

İclas birgə tədqiqatların ilkin mərhələsndə iştirak edən RSXM əməkdaşlarının Oksford Universiteti tərəfindən sertifikatla təltif olunması ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: