Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2025 09:38
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin 2025-ci ildə ilk iclası olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq Rəyasət Heyəti və kollektiv üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

Gündəliyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələri əhatə edib.

Məsələ ilə bağlı danışan akademik İsmayıl Hacıyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Akademik Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi əhəmiyyətindən, Konstitusiyasında ölkənin əsas qanununda əksini tapmış ümumi müddəalardan, insan və vətəndaşlara verilən hüquq və azadlıqlardan, dövlət hakimiyyəti və digər məsələlərin demokratik əsaslarla təsbitindən danışıb.

Çıxışı zamanı ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladan Bölmə sədri qeyd edib ki, Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qazandığı parlaq qələbə və birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağda erməni separatizmə son qoyulmuş suverenliyimiz tam təmin olunmuşdur.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir Azərbaycan ziyalısı, o cümlədən Naxçıvan Bölməsi alimləri qarşısında da müvafiq vəzifələr müəyyənləşdirir.

Daha sonra çıxış edən bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov AMEA Naxçıvan Bölməsi Rəyasət Heyəti və elmi tədqiqat institutlarının birillik fəaliyyəti ilə bağlı hazırlanmış İş planları barədə məlumat verib.

Rəyasət Heyəti, həmçinin bölmədə çalışan bəzi əməkdaşların Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması məsələsini müzakirə edərək müvafiq qərarlar qəbul edib.

İclasda AMEA-nın Naxçıvan Bölməsinin doktorant və dissertantlarının attestasiyası məsələsinə baxılıb, 1 nəfər işlə təmin olunub.

Bəzi cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: