Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir.
Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün ICOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.
Hər il olduğu kimi, bu il də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü təşkil olunub.
Bu gün muzeyi çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfərə yaxın təşkil edib.
Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.