Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Teknofest Azərbaycan” əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında böyük imkanlar açır
27.05.2022 15:40
  • A-
  • A
  • A+

“Teknofest Azərbaycan” əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında böyük imkanlar açır

Texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdirildiyi “TeknofestAzərbaycan” festivalı Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutundan əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açır. Biofizika İnstitutunun festivalda təqdim etdiyi süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Bu fikirləri Biofizika İnstitutunun elmi işçisi Arzu Aydəmirova Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında deyib.

O bildirib ki, layihə Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi tərəfindən hazırlanıb, süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verir. Hətta inkişaf etmiş ölkələrdə ağciyər xərçəngi üçün skrininq metodu mövcud deyil: “Ağciyər xərçəngi xəstələrinin səmərəli müalicəsi üçün xəstəliyin erkən aşkarlanması son dərəcə vacibdir ki, bu da effektiv skrininq metodlarının yaradılmasını zəruri edir. Hazırda geniş istifadə olunan diaqnostik metodlar – kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya və pozitron emissiya tomoqrafiyası sözügedən xəstəliyin aşkarlanması üçün mükəmməl vasitələr hesab olunsa da, bu üsulların çox baha olması xəstəliyin aşkarlanmasında geniş tətbiq edilməsinə imkan vermir”.

Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan verir. Hazırda modelin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

AzərTac

  • Paylaş: