Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.05.2022 16:38
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva tədbiri açıq elan edərək Azərbaycanın dövlətçilik tarixində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının müstəsna hadisə olduğunu vurğulayıb. AXC-nin mədəni-maarif, elm, təhsil, iqtisadiyyat və müxtəlif sahələrdə həyata keçirdiyi islahatların önəmindən, Cümhuriyyət dövründə milli-mədəni irsin qorunması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.

İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Günay Bayramova isə “AXC-nin dayaqları: F.Xoyski” adlı məruzə ilə çıxış edib. Çıxışına AXC-nin yaranma tarixiylə başlayan məruzəçi demokratik Cümhuriyyətin yaranmasında xüsusilə seçilən M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və digərləri haqqında maraqlı faktları iştirakçılara çatdırıb.

İnstitutun Dəmir dövrü arxeologiyası şöbəsinin elmi işçisi Lola Hüseynova AXC-nin Maarif Nazirliyi tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 100 gəncin Türkiyə, Fransa, İtaliya, Almaniya, İngiltərəyə göndərilməsi və bolşevik istilasından sonra bu tələbələrin məşəqqətli həyatından danışıb. O, Avropada təhsilini bitirib gələn gənclərin “qırmızı terror”a məruz qaldığını deyib. Bildirib ki, maddi vəsaitlərinin tükənməsinə baxmayaraq, heç bir aclıq, heç bir yoxsulluq onları tərbiyə aldıqları “milli şüur” ruhundan uzaqlaşdıra bilmədi.

Sonra çıxış edən Dəmir dövrü arxeologiyası şöbəsinin kiçik elmi işçisi Cavid Bayramov Fransanın Avropa və Xarici işlər Nazirliyinin Diplomatik arxivində saxlanılan AXC dövrü ilə əlaqədar sənədlərdən bəhs edib. 1918-1920-ci illərdə İrəvanda xüsusi missiya ilə xidmət edən fransız arxeoloq, hərbçi Anan Pudebardın Qarabağ, Naxçıvan, Zəngəzurla bağlı Fransa Müdafiə Nazirliyinə, Baş qərargaha göndərdiyi hesabatlar və digər anti-Azərbaycan hərəkətlər haqqında məlumat verib.

Sonda Nigar Mustafayeva AXC dövründə yaradılan İstiqlal Muzeyinin az müddət fəaliyyət göstərməsinə və aprel istilasından sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasına baxmayaraq, sonraki dövrdə muzeylərin yaranması üçün təməl rolunu oynadığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: