Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.06.2022 14:35
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə kurqanların virtual muzeyi yaradılıb

Azərbaycanda ilk dəfə kurqanların virtual muzeyi yaradılıb

Azərbaycan arxeologiyası tarixində ilk dəfə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən arxeoloji çöl tədqiqat işlərinin nəticələrinə dair V-KAP -Virtual Kurqan Arxeoloji Parkı - Virtual Muzey yaradılıb. Muzeyin yaradıcıları dosent Bəxtiyar Cəlilov, professor Nikola Laneri, Kyara Pappalardo, Lola Hüseynova, Luka Pappalardo, Lorentso Kreskioli, Sergio Cüzeppedir.

Muzeyin inventarlarının bir qismini Bəxtiyar Cəlilov tərəfindən 2012-ci ildən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində Uzun Rəmə çölündə tədqiq olunan kurqanlar, onlardan tapılan artefaktlar təşkil edir. 2018-ci ildən etibarən bu abidələr B.Cəlilov və N.Lanerinin rəhbərliyi ilə Azərbaycan və İtaliya mütəxəssislərindən ibarət beynəlxalq arxeoloji ekspedisiyanın GaRKAP (Gəncə Regionu Kurqan Arxeoloji Parkı) layihəsi çərçivəsində araşdırılıb. Muzeydə, həmçinin GaRKAP layihəsi müddətində əldə olunmuş məzar hədiyyələri, kurqanların virtual turu, fotoşəkillər, 3D təsvirlər və arxeoloqlar tərəfindən qazılmış qəbir kameraları və materiallar haqqında tarixi məlumatlarla birlikdə, peyk görüntülərindən əldə edilən ərazinin real və naviqasiya xəritəsi nümayiş olunur.

V-KAP Azərbaycanın mədəni irsinin təbliği ilə yanaşı, onların turizm məkanlarına çevrilməsini təşviq edir. Bununla yanaşı, V-KAP məhdud hərəkətlilik şəraitində ənənəvi turizm marşrutlarına daxil edilməsi çətin olan kənd və marjinal ərazilərin arxeoloji irsinə çıxışın yeni yolunu təbliğ edir. Eyni zamanda, oyunu xatırladan istifadəçi interfeysi, V-KAP arxeoloji mənzərə və tapıntılarla qarşılıqlı əlaqənin əyləncəli üsuluna üstünlük verəcək, istifadəçiləri Kür-Araz icmalarının eramızdan əvvəl IV minilliyin ortalarında, İlk Tunc dövründə yaşanmış dünyasına maraqlı səyahətə cəlb edəcək, onların dəfn adətləri ilə tanış olacaqlar. Muzey Azərbaycan və ingilis dillərindədir.

Virtual Kurqan Arxeoloji Parka linkdən keçid etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: