Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“TEKNOFEST Azərbaycan” -  Dünya türkün gücünü görsün, yerini bilsin
03.06.2022 10:12
  • A-
  • A
  • A+

“TEKNOFEST Azərbaycan” - Dünya türkün gücünü görsün, yerini bilsin

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak ediblər.

Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildən artıqdır ki, Azərbaycan xalqı azad, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh o qədər də möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də Türkiyə və Azərbaycan ordularının Azadlıq meydanında hərbi paradını izlədik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Tarixi “Şuşa Bəyannaməsi”ni imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı aramızdakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə ifadə etmişdir:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan, Türkiyə.

 

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan, Türkiyə.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu.

Bu gün Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

Azərbaycanın uğurlu inkişafı isə Ulu Öndərin layiqli davamçısı, Heydər Əliyev məktəbi keçmiş cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.

İnanırıq ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!

Bayram Xudayarov, AMEA-nın Fizika İnstitutunun əməkdaşı, YAP Yasamal rayon təşkilatının  üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: