27 sentyabr Azərbaycanda Anım Günüdür. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!
Bu tarix doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. 2020-ci il 27 sentyabr tarixi uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. Həmin tarixdə Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu. 27 sentyabrdan başlayan əkshücum əməliyyatı nəticəsində Rəşadətli Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, o cümlədən Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. 10 noyabr tarixində imzalanmış bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana təhvil verildi. Beləliklə də rayonun işğal edilmiş 73% ərazisi, həmçinin Ağdam şəhəri azad olundu. Həmin üçtərəfli bəyanata əsasən, 25 noyabr tarixində Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 26 avqust 2022-ci il tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Azərbaycan öz torpaqlarına sahib çıxdı. Lakin, bütün bunlar sülh masasında yox, müharibə meydanında həll edildi. Müharibə hər iki tərəf üçün ağır itkilər, ölüm, humanitar fəlakət deməkdir. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, həmçinin 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Belə ki, buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20%-ni itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi!
Təəssüflər olsun ki, rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri zaman-zaman ortada olduğu halda, dünya monoetnik dövlətə çevrilmək siyasəti ilə hərəkət edən Ermənistanın Azərbaycanın iqtisadiyyatına, mədəni irsinə vurduğu miqyasagəlməz zərəri, 150 minə yaxın azərbaycanlının deportasiyasını, 300 minə yaxın insanı öz yurd-yuvalarından didərgin salmasını, şəhərləri, kəndləri dağıtmasını, günahsız insanları qətlə yetirməsini görmürdü. 30 il ərzində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. 26 fevral 1992-ci il tarixində Ermənistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirdi. Xocalı Soyqırımı zamanı 613 nəfər, həmçinin 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var idi. O cümlədən, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı və ermənilər tərəfindən dağıdıldı. Bu vandalizmə görə məsuliyyət var idi, amma heç bir beynəlxalq təşkilat, dövlət Ermənistandan bunun hesabatını istəmədi.
Həmçinin, münaqişənin həlli üçün yaradılan bütün platformalar, formatlar əslində formal xarakter daşıdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin qoltuğundakı portfeldə real həll modeli daşınmadı; onların bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi. Təəssüf ki, dəyişən heç nə yoxdur. Erməni silahlı qüvvələrinin bu ilin 12 sentyabr təxribatlarına beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin yanaşması göstərir ki, Ermənistanın maraqlarını qorumaq, erməni xalqının təəssübünü çəkmək siyasəti bu gün dünənkindən daha güclü şəkildə davam edir.
Hər zaman beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan isə həm müharibədən sonra imzalanmış üçtərəfli bəyanata, həm Avropa İttifaqı səviyyəsində aparılan son danışıqların məzmununa xələl gətirəcək heç bir addım atmır. Ona görə ki, Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərini pozmağa çalışır. Lakin unudur ki, Azərbaycan işğaldan qurtardığı torpaqlarında cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini atıb. Bu təməli sərhəd təxribatları əsla sarsıda bilməz.
Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da Müzəffər Xalq və Qalib Dövlət kimi əbədi yaşayacaq.
Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.