Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun alimləri Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Bağça-Məktəb-Lisey Kompleksində olublar.
Səfərin məqsədi Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandumun imzalanması olub. Memorandumu Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov imzalayıb.
Əməkdaşlıq memorandumu çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji marifləndirmə, botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin bu prosesə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulub.
Məktəbin direktoru və müəllim-şagird heyətinin iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun alimləri tərəfindən yaşıllaşdırma, qida təhlükəsizliyi və ekoloji marifləndirməyə dair ustad dərsləri keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşürlar məktəbin kitabxanasına təqdim olunub. “Sabahın alimləri” müsabiqəsində iştirak edəcək şagirdlər üçün layihələr təqdim edilib və onlar tədqiqatlara cəlb olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.