Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2024 20:54
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra institutlarının YAP ərazi partiya təşkilatlarına sədrlər seçilib

AMEA-nın bir sıra institutlarının YAP ərazi partiya təşkilatlarına sədrlər seçilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə YAP Yasamal rayonu “İstiqlaliyyət küç.8” (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) və YAP Yasamal rayonu “İçərişəhər, 8-ci Kiçik qala döngəsi, 31” (AMEA Folklor İnstitutu) ünvanları üzrə ərazi partiya təşkilatlarının hesabat-seçki iclası keçirilib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdir müavini, YAP Yasamal rayon AMEA Rəyasət Heyəti üzrə ərazi partiya təşkilatının sədri Vüsal Zülfüqarov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katib vəzifəsini icra edən Aynur Hacıqədirli, AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, qeyd edilən ünvanlar üzrə partiya üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının müasir və müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yer tutduğunu vurğulayıb, partiyanın təşkilatlanmasında və siyasi-ideoloji cəbhədə AMEA-nın ərazi təşkilatlarının və tanınmış alimlərin fəal və ardıcıl iş apardıqlarını diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının işində fəallığı ilə seçilən elm adamları və mütəxəssislərin önə çəkilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini qeyd edən sədr YAP və onun fəallarının dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə hər zaman öndə getdiyini vurğulayıb.

Daha sonra iclasda YAP Yasamal rayonu “İstiqlaliyyət küç.8” (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) və YAP Yasamal rayonu “İçərişəhər, 8-ci Kiçik qala döngəsi, 31” (AMEA Folklor İnstitutu) ünvanları üzrə ərazi partiya təşkilatının sədri vəzifəsinə seçkilər keçirilib.

YAP Yasamal rayon AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üzrə ərazi partiya təşkilatının sədri vəzifəsinə institutun elmi katibi vəzifəsini icra edən tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin, YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri vəzifəsinə isə institutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d İlhamə Qəsəbovanın namizədliyi irəli sürülüb.

Açıq səsvermə keçirildikdən sonra qeyd olunan namizədlər YAP ərazi partiya təşkilatlarının sədri vəzifələrinə seçiliblər.

A.Hacıqədirli və İ.Qəsəbova göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirib və yeni sədr vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün var qüvvə ilə çalışacaqlarını söyləyiblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yeni sədr seçilmiş şəxslərə uğurlar arzulayıb və onların fəaliyyətinə bundan sonra da zəruri dəstəyin göstəriləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: