Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkı öz məhsulları ilə “TEKNOFEST”də AMEA-nı layiqli təmsil etdi
03.06.2022 18:41
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı öz məhsulları ilə “TEKNOFEST”də AMEA-nı layiqli təmsil etdi

AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.

Qeyd edib ki, bu festival ölkəmizdə texnologiyaların və innovasiyaların inkişafına təkan verən, eləcə də Azərbaycan və Türkiyənin qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış mötəbər tədbir kimi tarixdə qalacaq.

“YT Parkı fəaliyyətə başladığı ilk gündən etibarən qarşısına elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirməyi, elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi məqsəd qoymuşdur. Yüksək Texnologiyalar Parkı elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sahibkarlar üçün əlverişli innovativ biznes mühitinin yaradılması yolu ilə strateji hədəflərə doğru irəliləyir, həmçinin AMEA-nın elmi-texnoloji əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır, - deyə o bildirib.

Vurğulayıb ki, Yüksək Texnologiyalar Parkı “TEKNOFEST” çərçivəsində keçirilən sərgidə yer alan AMEA-nın pavilyonunda 5 rezidentinin təqdim etdiyi innovativ məhsullarla iştirak edib: “Yüksək Texnologiyalar Parkına rezidentlərin seçilməsini texnoparkın Eksertlər Şurası həyata keçirir. AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin sədrlik etdiyi Şura rezident namizədlər tərəfindən təqdim olunan yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yaradılıb. Şura eyni zamanda innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsini, onların tətbiqinə dair təkliflərin hazırlanmasını həyata keçirir. Sərgidə AMEA-nın yüksək səviyyədə təmsil olunmasında texnoparkın rezidentləri - “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “İnkor”, “Proline Chemicals” və “Troniq” MMC-nin böyük rolu olub”.

Onun sözlərinə görə, sərgidə təqdim olunan məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları, xüsusi qatqılar, gübrələr, dərman preparatları yer alıb. Bu məhsulların böyük bir qismi AMEA-nın müvafiq institutlarında aparılmış tədqiqatların nəticəsi olaraq ərsəyə gəlib.

“Sevindirici haldır ki, sərgidə bu innovativ məhsullara olduqca böyük maraq göstərildi, pavilyona böyük ziyarətçi axını müşahidə olundu. Hesab edirəm ki, Yüksək Texnologiyalar Parkı öz məhsulları ilə AMEA-nı sərgidə layiqli təmsil etdi və AMEA-nın Türkiyənin müvafiq qurumları ilə əlaqələrin yaradılmasında, birgə innovativ layihələrin icra olunmasında körpü rolunu oynadı”, - V.Abbasov bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: