Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.06.2022 09:33
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda türkiyəli alimlərlə görüş keçirilib

Şərqşünaslıq İnstitutunda türkiyəli alimlərlə görüş keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli alimlər – Ankara Yıldırım Bəyazit Universitetinin İslam elmləri fakültəsinin ərəb dili bölməsinin professoru, Dr. Yaqub Civelek və İstanbul Yıldız Universitetinin professoru, Dr. Süleyman Doğanla görüş keçirilib.

Türkiyəli alimlər əvvəlcə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Akademik G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.

Professor Yaqub Civelek isə Şərqşünaslıq İnstitutunda aparılan elmi araşdırmalar haqqında aldığı məlumatlardan məmnunluğunu bildirərək, Türkiyədə ərəb dili və ədəbiyyatı sahəsində görülən işlərdən danışıb.

Daha sonra türkiyəli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Akademik G.Baxşəliyeva Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirərək, bunun elmi əlaqələrdə də əks olunduğunu qeyd edib. O, Şərqşünaslıq İnstitutunun bir çox Şərq və Qərb ölkələrinin, xüsusilə də Türkiyənin elm və təhsil müəssisələri ilə sıx əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb.

Professor Yaqub Civelek Türkiyədə ərəb dili və ədəbiyyatı sahəsində həyata keçirilən təhsil və elm siyasəti haqqında danışaraq, bu sahədə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Professor Süleyman Doğan isə öz növbəsində Türkiyədə aparılan elmi tədqiqatlar haqqında danışıb.

Daha sonra Şərqşünaslıq İnstitutunun icraçı direktoru, f.ü.f.d. Ruhəngiz Cümşüdlü, Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Laura Orucova, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı, Təhsil şöbəsinin müdiri, f.ü.f.d. Lalə Bayramova və başqaları türkiyəli alimlərə ərəbşünaslıq sahəsində apardıqları tədqiqatlar barədə məlumat veriblər. 

Sonda Yaqub Civelek və Süleyman Doğan Şərqşünaslıq İnstitutunun əməkdaşlarını maraqlandıran sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: