AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan E.Mədətli çıxışında Azərbaycan-Pakistan əlaqələrinin qurulmasından, iki qardaş ölkə arasında olan dərin dostluq bağlarından söz açıb. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi səkkiz illik fəaliyyəti və iki ölkə arasında qurulan əlaqələr haqqında ətraflı məlumat verib.
Kitab haqqında danışan E.Mədətli qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələlərinin qələmə alındığını qeyd edərək bildirib ki, 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla, qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışıb.
Sonra Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi çıxış edərək Pakistanla Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışıb, iki ölkənin qarşılıqlı əlaqələrinə toxunub və bu əlaqələrin gündən-günə daha da möhkəmləndiyini bildirib. O, Eynulla Mədətlinin təqdim edilən kitabının ölkələrimizin diplomatik əlaqələrinin 30 illiyinə ən yaxşı hədiyyə olduğunu vurğulayıb.
Sonra Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, f.e.d., professor Rəbiyyət Aslanova, f.e.d., professor Rəna Mirzəzadə, f.e.d., professor Adil Əsədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr və xarici siyasət kafedrasının rəhbəri, hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Namiq Əliyev, Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Mübariz Ağalarlı, f.e.d. Füzuli Qurbanov, tarix üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir Cavanşir Axundov, tarix elmləri doktoru, professor Şahin Fazil, tədqiqatçı İradə Qədirova və digər qonaqlar çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Musa Qasımlıdır. Nəşrlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının rəhbəri, hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Namiq Əliyev rəy verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.