Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun  Prezident İlham Əliyevin müharibə dövründə fəaliyyətinə həsr edilmiş yeni  nəşrləri
07.06.2022 11:45
  • A-
  • A
  • A+

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun Prezident İlham Əliyevin müharibə dövründə fəaliyyətinə həsr edilmiş yeni nəşrləri

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılması şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Yarandığı dövr ərzində MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun profilinə uyğun komplektləşdirilməsi həyata keçirilmiş, bu mövzuda MEK-in kitabsaxlayıcılarında mövcud olan kitablar burada toplanmışdır. Ümumilikdə fondda 932 nüsxə kitab vardır.

Qarabağ müharibəsi qəhrəmanları fondunda toplanmış digər kitablar isə ölkəmiz qələbə qazandıqdan sonra bu mövzuda nəşr olunmuş əsərlərdir. Ədəbi çevrədə belə bir deyim var: “Müharibə haqda ən yaxşı əsərlər müharibə bitdikdən sonra yazılır”. 44 günlük Vətən müharibəsində qazanılmış qələbəni yaşatmaq, bu qələbənin qazanılması uğrunda canından keçmiş qəhrəmanların taleyini, döyüş yolunu   gənc nəslə çatdırmaq məqsədilə müxtəlif qələm sahibləri - şairlər, yazıçılar, alimlər, tədqiqatçılar olduqca maraqlı və dəyərli nəşr nümunələri ərsəyə gətirmişlər. Fonda bu mövzuda 2020-2021-ci illərdə çap olunmuş 140 dan çox yeni kitab daxil olmuşdur.

İkinci Qarabağ müharibəsində qazanılmış qələbə ölkəmiz üçün böyük tarixi əhəmiyyətə malikdir. Çox vacib məqamlardan biri  Prezident İlham Əliyevin bu tarixi, möhtəşəm, bənzərsiz və şanlı qələbəyə necə nail olması - Milli Zəfərin necə qazanılmasıdır. Əlbəttə, torpaqlarımız döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməniləri məhv etməsi, nəticəsində azad olundu. Lakin Prezident İlham Əliyevin milli maraqlara və bəşəri dəyərlərə söykənən siyasi xətti Azərbaycanı tarixi zəfərə aparan amil oldu. Yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata keçirilən uğurlu və ardıcıl strateji siyasətin məntiqi nəticəsidir. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizin başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.

Müharibə dövrünün müasirləri və iştirakçıları – tarixçilər, siyasətçilər, iqtisadçılar, məmurlar, hərbçilər müharibənin gerçəklərinin gələcək nəsillərə çatdırılması üçün bu məsələni obyektiv araşdırmış və müxtəlif sanballı kitablar çap etdirmişlər. Bu kitablarda Ali Baş Komandan,  Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə nümayiş etdirdiyi böyük dövlət xadimi və mahir sərkərdəlik qabiliyyətləri işıqlandırılmışdır. Mərkəzi Elmi Kitabxananın Qarabağ qəhrəmanları fondunda  bu mövzuda olan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “44 günlük diplomatiya dərsləri”, “Vətən müharibəsi və tarixi şəxsiyyət faktoru”, “Zəfərə aparan yollar”, “Böyük qayıdış”, “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq”, “Vətən müharibəsinin 44 günlük zəfər salnaməsi”, “Zəfər memuarları”, “Heydər Əliyev - İlham Əliyev: Azərbaycançılığın zəfər yolu” və s. kitabları qeyd etmək olar.

Bu kitablardan “Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” adlı toplu xüsusi qeyd edilməlidir. Ümumilikdə 237 sənədi əhatə edən topluya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə xalqa müraciətləri, müsahibələr, tarixi qələbə münasibətilə keçirilmiş paraddakı nitqi, ölkə rəhbərinə ünvanlanmış teleqramlar, Prezidentə müraciətlər, Fərman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat  konfransının materialları, “Şuşa Bəyannaməsi” və bu münasibətlə Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatları toplanmışdır. Toplunun əsasını 2020-ci ilin sentyabrın 27-dən 10 noyabra- Zəfər paradınadək  davam edən 44 günlük müharibə dövrü təşkil edir. Yalnız kitab sonda Prezident İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün 2021-ci il fevralın 26-da keçirilən tarixi  mətbuat konfransının materialları və “Şuşa Bəyannaməsi” ilə tamamlanmışdır.

Bu mövzuda  fərqlənən dəyərli əsərlərdən biri AMEA-nın müxbir üzvü, Misir Mərdanovun “Zəfərə aparan yol” kitabıdır. Kitab Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr edilmişdir. Nəşrdə tarixi zəfərlə bütün dünyaya ölkəmizin gücünü, haqq ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən İlham Əliyevin bir şəxsiyyət kimi formalaşmasında, dünyanın əhəmiyyətli liderlərindən birinə çevrilməsində əhəmiyytəli rolu olan məktəblərdən və həmin məktəbləri bir qədər də zənginləşdirərək yaratdığı liderlik məktəbindən bəhs edilir.

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna 2021-ci ildə daxil olmuş kitablar içərisində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” və “Vətən müharibəsi tarixi” kitablarını xüsusi qeyd etmək olar. “Böyük qayıdış” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərinə dair sənəd və materiallar toplanmışdır. Bu sənəd və materiallar Böyük Qələbədən sonrakı yenidənqurma və qayıdış proqramının həyata keçirilməsi sahəsində görülən geniş fəaliyyətinin tam mənzərəsini yaratmağa imkan verir. İki hissədən ibarət kitabın birinci hissəsi 16 noyabr 2020-ci il-9 oktyabr 2021-ci il dövrünü əhatə edir. 

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı 27 sentyabr 2020-ci ildə başlamış  və tarixi qələbə ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr olunmuşdur. Kitabda Birinci Qarabağ müharibəsindən, onun məğlub olma səbəblərindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Qarabağ probleminin həlli istiqamətindəki fəaliyyətindən və ordu quruculuğundan bəhs edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılmış, İkinci Qarabağ müharibəsi dövrü Zəfər salnaməsi və diplomatiyası tədqiq edilmişdir.

Oxucular bu kitablar vasitəsilə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin Zəfər salnaməsi ilə ətraflı tanış ola bilərlər.

Səyyarə MƏMMƏDOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: