AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyev Gəncə şəhərində keçirilən “AQRO: Beynəlxalq Kənd Təsərrüfatı Konqresi”ndə iştirak edib.
Alimin həmmüəllif kimi təqdim etdiyi “Torpaq tədqiqatlarında spektral əksetdirmə qabiliyyətindən istifadə mümkünlüyü” adlı məqalədə görünən elektromaqnit dalğaları diapazonunda (450-750 nm) torpaqların işığın əksetdirmə intensivliyinə təsir edən onun tərkib hissələri olan humusdan, qranulometrik tərkibdən, duzluluqdan, karbonatlıqdan asılılıq xassələri müəyyənləşdirilib. Nəticədə alınan məlumatlardan, kosmik şəkillərdən əldə olunan torpaq xassələrinə aid təsvirlərin aydınlaşdırılmasında istifadə mümkünlüyü müəyyənləşdirilib.
Tədbir çərçivəsində təşkil edilən elmi görüşlərdə bitkilərin rayonlaşmasında torpaqların coğrafi yayılma xüsusiyyətlərinə uyğun növbəli əkin sisteminin təşviqi, laborator cihazlarla yerinə yetirilən elmi işlər və s. haqqında müzakirələr və fikir mübadiləsi aparılıb.
Gələcəkdə uyğun müəssisələrin əməkdaşları ilə birgə torpaq coğrafiyası istiqamətində müştərək işlərin aparılması qərara alınıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.