Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.06.2022 12:02
  • A-
  • A
  • A+

İstanbul Universiteti Kitabxanasının əməkdaşları MEK-lə tanış olublar

İstanbul Universiteti Kitabxanasının əməkdaşları MEK-lə tanış olublar

Türkiyənin İstanbul Universiteti Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, əməkdaşlardan Gülsüm Akalan və Gülcan Çakır hər iki kitabxana arasında əməkdaşlıq körpülərinin yaranması üçün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı qonaqlarla görüşərək 100 ilə yaxın yaşı olan, ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan Akademiyanın elmi kitabxanasının çoxşaxəli fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

Görüş əsnasında MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qonaqları kitabxananın Sərgi salonu, Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, həmçinin Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların sistemli şəkildə toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış edərək, onlara geniş informasiya verib.

MEK-in mübadilə fondundan qonaqlara Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin nəfis tərtibli III cildlik əsərləri hədiyyə edilib.

Sonda qonaqlar kitabxana ilə tanışlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasını təqdirəlayiq hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: