AMEA-nın İdarərəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclası keçirilib.
İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdən irəli gələn ilk məsələni diqqətə çatdıran Ə.Abbasov cari ilin 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” festivalında İdarəetmə Sistemləri İnstitutunun iştirakının nəticələrindən söz açıb. Qeyd edib ki, festival çərçivəsində keçirilən sərgidə iştirak edən AMEA-nın elmi müəssisələrindən biri 2 eksponatla təmsil olunan İdarəetmə Sistemləri İnstitutu idi. Akademik Yüksək Texnologiyalar Parkının rezidenti “Elm və Texnologiya Parkı” MMC, Xüsusi Konstruktor Bürosu, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun birgə hazırladığı pilotsuz uçuş aparatları üçün uçuş idarəedicisinin və “Elm və Texnologiyalar Parkı” MMC-də istehsal olunan “Şahin” müşahidə təyinatlı PUA-ların da festivalda nümayiş etdirildiyini diqqətə çatdırıb.
Ə.Abbasov bildirib ki, sərgidə mikrokompüterin təqdimatı və real uçuş aparatı virtual şəkildə nümayiş olunub, İSİ-nin alimləri tərəfindən əldə olunan texnoloji nailiyyətlər, elmi və innovativ yeniliklər müvafiq istiqamətdə fəaliyyət göstərən mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.
Akademiyanın festivalda iştirakının nəticələrinə həsr olunan AMEA Rəyasət Heyətinin hesabat xarakterli xüsusi iclasından bəhs edən Ə.Abbasov “TEKNOFEST Azərbaycan” çərçivəsində İSİ-nin yerli və xarici beynəlxalq şirkətlərlə yeni əməkdaşlıq əlaqələrinin yarandığını, yeni elmi istiqamətlərin və perspektivlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ olan 2023-cü il üçün institutda aparılacaq elmi tədqiqat işlərinin planından bəhs edib. Alim institutun mövcud prioritet elmi istiqamətləri üzrə müxtəlif tədqiqatların, layihələrin, təyin olunmuş zaman çərçivəsində sistemli və səmərəli şəkildə həyata keçirilməsi, uğurlu nəticələrin əldə olunması baxımından fəaliyyət planının önəmini vurğulayıb, gələcək hədəflərdən söz açıb.
Ə.Sadıqov, həmçinin İSİ-nin “Scopus”, “Web of Science” və digər bu qəbil beynəlxalq elmmetrik bazalarında korporativ profili və əməkdaşların şəxsi profillərinin yaradılması haqqında məruzə edib. Sözügedən məsələnin institutun elmi fəaliyyətinin populyarlaşdırılması baxımından önəmini vurğulayan alim bu barədə statistik məlumatlar və möcud problemləri diqqətə çatdırıb.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, institut əməkdaşlarının qarşısında duran vəzifələrdən bəhs edilib və məsələnin həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
Daha sonra institutun elmi katibi Zəhra Əzizova çıxış edərək İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevaya 5311.01 “Müəssisələrin təşkili və idarə olunması” ixtisası və Fövqəladə hallarda idarəetmə laboratoriyasının aparıcı elmi işçisi, r.ü.f.d. Ramin Zeynalova 1203.01 “Kompüter elmləri” ixtisası üzrə dosent elmi adının verilməsi məsələsi barədə məruzə edib. Z.Əzizova əməkdaşların elmi, pedaqoji fəaliyyəti və nüfuzlu elmi bazalarda dərc olunan əsərləri barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mövzu ətrafında fikirlər səsləndirilərək gizli səsvermə keçirilib və məsələnin Ali Attestasiya Komissiyasına təqdim olunması barədə yekdilliklə qərar qəbul edilib.
Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva institutun qiyabi doktorantı Zümrüd Rəhmanovaya möhlət verilməsi haqqında çıxış edib, fikir mübafiləsi aparılaraq açıq səsvermə yolu ilə qərar qəbul edilib.
Sonda akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.