AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sahibkarlar üçün əlverişli innovativ biznes mühitinin yaradılması istiqamətində strateji hədəflərinə doğru inamla irəliləyən müəssisələrdəndir. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.
Texnoparka yeni qəbul olunmuş inkubator-rezidentlərdən olan “Troniq” MMC-nin baş direktoru Anar Nəbiyev müəssisənin əsas fəaliyyət istiqamətləri, təqdim etdiyi innovativ məhsullar və YTP-nin həmin müəssisə üçün yaratdığı imkanlar barədə suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Anar müəllim, bildiyimiz kimi, “Troniq” MMC yerli cihaz və avadanlıqların istehsalını həyata keçirir. Müəssisənin təqdim etdiyi texnoloji məhsullar barədə məlumat verməyinizi istərdik.
- Müəssisəmiz yeni fəaliyyətə başlamasına baxmayaraq, böyük nailiyyətlərə imza atıb. Müəssisədə 12 nəfər proqramçı və 5 nəfər mexaniki işçi olmaqla 17 nəfər çalışır. Təcrübəli mütəxəssislərimiz informasiya texnologiyaları və texniki sahələrdə ən yüksək biliyə malikdirlər. “Troniq” MMC-də texnoloji inkişafın sınaqdan keçirilməsi üçün bünövrənin modernləşdirilməsinin tam və kompleks yanaşması mövcuddur. Bütün avadanlıqlar və proqram təminatlarımız keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.
“Troniq” MMC-nin əsas fəaliyyət istiqamətlərinə qurğu və cihazların əsasını təşkil edən və onların hərəkətə gətirilməsində mühüm rol oynayan plataların istehsalı və onlar üçün süni intellekt əsaslı proqram təminatının yazılması, istənilən mürəkkəblik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayiət edilməsi, süni intellekt sistemləri vasitəsilə mürəkkəb sistemlərin qurulması, müəssisələrin idarəetmə sistemi və milli proqram təminatının qurulması daxildir.
Müəssisənin təqdim etdiyi LED lampa ətraf-mühit üçün zərərsizdir və tərkibində civə, ultrabənövşəyi, infraqırmızı şüalanma yoxdur. Bu lampalar ənənəvi halogen lampalara uyğun şəkildə dizayn edilib və heç bir yanğın təhlükəsi mövcud deyil.
Bundan başqa, təqdim etdiyimiz ODTV xidməti internet üzərindən televiziya kanallarının yayımını nəzərdə tutur. Bu texnologiyadan istifadə zamanı kabel, antenna, şəbəkə üsullarından istifadə tələb olunmur. ODTV xidməti “Smart box” vasitəsilə həyata keçirilir ki, bununla da telefon və ya planşetdə televiziya kanallarını izləyə bilərsiniz.
Qeyd olunanlarla yanaşı, dezinfeksiyaedici robot, insanabənzər robot, 12 zona üzrə sensor məlumatlarını oxuyaraq Cloud, Mobil APP və SMS xəbərdarlıq xidməti üzərindən həm mühafizə xidmətlərinə, həm də mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” proqram təminatı, şifahi və şifahi olmayan ünsiyyətin geniş funksionallığına malik, mətnin şəklini çəkməklə həmin mətni elektron mətnə çevirən interaktiv mobil xidmət robotu da təqdim etdiyimiz uğurlu texnoloji məhsullar arasında yer alıb. Qeyd edim ki, insanabənzər robot kitabxanalarda oxuculara lazım olan kitabların çatdırılması, eləcə də onlara kitablar barədə məlumat verilməsi məqsədilə istifadə oluna bilər.
- Bir qədər də süni intellekt əsaslı “Seit-uv” robotu barədə məlumat verərdiniz. Bu innovativ robot hansı imkanlara malikdir?
- Süni intellekt əsaslı proqram təminatları bir çox üstünlüklərə malikdir. Bu həllər iş prosesində insan faktorunu aradan qaldırır. Bunlardan biri olan “Seit-uv” robotu yoluxucu xəstəliklərin, virusların, o cümlədən COVID-19-un, göbələklərin, bakteriyaların, sporların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanıb. Robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malikdir.
Robot dezinfeksiya işlərini insanları və cihazları kimyəvi maddələrlə zəhərlənmə riskinə məruz qoymadan ultrabənövşəyi lampa vasitəsilə həyata keçirir. Qeyd edim ki, “Seit-uv” robotu ultrabənövşəyi şüalarla işlədiyindən ərazidə insanın olduğunu gördükdə fəaliyyətini dayandırır.
Bu robotdan ictimai iaşə müəssisələrində dezinfeksiya işlərinin aparılması məqsədilə istifadə etmək mümkündür.
- YTP-nin rezidenti olmaq “Troniq” MMC-yə hansı üstünlüklər qazandırdı?
- AMEA və YTP tərəfindən “Troniq” MMC-yə böyük etimad və dəstək göstərilir. Biz də bu etimadı doğrultmağa çalışırıq. Müəssisə texnoparkın incubator-rezidenti kimi bir çox üstünlüklərdən faydalanır. Bunlara müxtəlif vergi və gömrük güzəştləri daxildir. Bu güzəştlər Azərbaycanda fəaliyyət göstərən bütün texnoparklara aiddir. Lakin YTP-də investorların qeyd olunan güzəştlərdən əlavə, böyük bir elmi resursa əlçatanlığı da var. Texnopark vasitəsilə Akademiyanın müxtəlif elmi müəssisələri ilə əlaqəli işləmək imkanı çox böyük üstünlükdür. Başqa sözlə, texnopark institutlar, eləcə də investorlara birgə fəaliyyət üçün çox əlverişli platformadır.
Müşahidələrimə əsasən deyə bilərəm ki, YTP daha çox inkubator-rezidentləri texnoparka cəlb etmək üçün məqsədyönlü işlər həyata keçirir, müxtəlif layihələr icra edir.
Bu günlərdə YTP-də 1500 kv.m ərazini əhatə edən plata və LED lampaların istehsalı ilə məşğul olacaq zavodumuzun tikintisi işlərinə başlanılacaq. Cari ilin sonunadək bu zavodun istifadəyə verilməsi planlaşdırılır. Burada plata və LED lampaların istehsalının həyata keçirilməsi ilə yerli proqram təminatı əsasında “smart TV box”ların, modemlərin idarəetmə sistemlərinin işlənilməsi mümkündür. Yerli modemlərin istehsalı kənardan ölkəmizə müdaxilələrin də qarşısını alacaq.
Zavoddda, həmçinin dəzgahlar vasitəsilə robot hissələrinin, “injection” avadanlıqları ilə plastik materialların istehsalı, “CNC” dəzgahlarının istehsalı və s. işlərin aparılması nəzərdə tutulur.
- Anar müəllim, necə hesab edirsiniz, “Troniq” MMC “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında hansı səviyyədə təmsil olundu? Ziyarətçilər tərəfindən daha çox hansı innovativ məhsullarınıza maraq göstərildi?
- “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən sərgidə yer alan AMEA pavilyonunda müəssisəmiz də öz məhsullarını uğurla nümayiş etdirdi. Sərgi ziyarətçiləri təqdim etdiyimiz innovativ həllərə böyük diqqət göstərdilər, xüsusilə “Seit-uv” robotu böyük maraqla qarşılandı.
Bununla yanaşı, festival Türkiyənin müvafiq qurumları və şirkətləri ilə əmkdaşlıq əlaqələrinin qurulması baxımından da böyük imkanlar açdı. Belə ki, qardaş ölkənin bir neçə qurumu məhsullarımızla yaxından tanış olmaq istəklərini ifadə etdilər və hazırda bu istiqamətdə danışıqlar aparılır.
Vurğulamaq istərdim ki, “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı yerli proqram təminatlarının hazırlanmasının önəmini bir daha göstərdi. Qeyd etmək yerinə düşər ki, “Troniq”in istehsal etdiyi bütün avadanlıqlar və proqram təminatları ən yüksək texnoloji tələblərə cavab verir və məhsullarımız keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.
- Yaxın zamanda “Troniq” MMC tərəfindən YTP-də daha hansı layihələrin təqdim olunması planlaşdırılır?
- Hazırda “Troniq” MMC-nin əsas hədəfi YTP-də robototexnika istehsalı ilə məşğul olmaqdır. Bildiyiniz kimi, robototexnika istehsalında fizika böyük rola malik sahələrdəndir. Düşünürəm ki, bu məqsədlə AMEA-nın institut və təşkilatları, xüsusən Fizika İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icra edilməsi daha səmərəli nəticələrin əldə olunmasına imkan verəcək. Qeyd olunan işlərin həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər etmişik. Müəssisə bu istiqamətdə işlərə başlamaq üçün tələb olunan süni intellektə, müvafiq avadanlıqlara və s. imkanlara sahibdir.
Bununla bərabər, “Troniq” MMC olaraq hər zaman öz üzərimizdə yorulmadan çalışır və tətbiq olunan süni intellektin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər görürük.
Qeyd edim ki, “Troniq” MMC kadr hazırlığı sahəsində də uğurla fəaliyyət göstərir və əsas məqsədlərindən biri bu sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsidir. Müəssisə tərəfindən hazırlanan gənc mütəxəssislərin yaxın zamanda YTP-də fəaliyyətə başlaması nəzərdə tutulan zavodumuzda işlə təmin olunması imkanları da mövcuddur.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.