Bakı şəhəri Nizami rayonunun 210 №-li məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda olublar.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə baş tutan tədbirdə məktəblilər əvvəlcə müəssisənin fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
İnstitutun GAMŞ sədri Bəyimxanım Hüseynova şagirdlərə gənc alimlərin fəaliyyəti, apardıqları elmi-tədqiqat işləri, müxtəlif layihələrdəki iştirakı haqqında məlumat verib.
Sonra onlar institutun kitabxanasında yeni çap edilmiş coğrafiyaya aid kitablar, atlas və xəritələrlə tanış olublar. Xəritəçilik və coğrafi informasiya şöbəsində gənc coğrafiyaçılar GİS mütəxəssisi Elvin Soltanovun şöbənin fəaliyyəti haqqındakı məlumatını dinləyib, onun nümayiş etdirdiyi müasir texnologiyalar vasitəsilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izləyiblər.
Daha sonra tədbir qurumun akt zalında davam edib. Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov şagirdlərlə görüşüb, onlara Coğrafiya İnstitutunda görülən işlər, coğrafiya elmindəki yeniliklər və nailiyyətlər haqqında ətraflı məlumat verib, onları maraqlandıran suallara cavablar verib.
İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Etibar Bədəlov isə şagirdlərə əhali coğrafiyası ilə bağlı məsələlər haqqında danışıb.
Kiçik Akademiyanın üzvləri öz növbəsində məktəbdə gördükləri işlər, akademiyanın fəaliyyəti haqqında məlumat veriblər.
Sonda məktəbin coğrafiya müəllimi Səkinə Hüseynova tədbirin təşkilinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirib. Belə tədbirlərin mütəmadi keçirilməsinin şagirdlərin dünyagörüşünün artmasında və peşə seçimində oynadığı rolu xüsusi olaraq vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.