Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.06.2022 09:10
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub

Professor Abbas Seyidov Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov iyun ayının 27-də Qədim Qəbələ şəhərinin Səlbir və Qala ərazilərində olub.

Səfər zamanı o, şəhərin Səlbir ərazisində Azərbaycan arxeoloqlarının, həmçinin Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının 2009-2019-cu illər ərzində Antik və orta əsrlər dövrünə aid aşkara çıxardıqları tikili qalıqları, müdafiə divarları, istehsalat və məişət qurğuları, qəbirlər, şəhərin su təchizatı sistemi ilə yerində tanış olub.

Antik və İlk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d., dosent Ceyhun Eminli və Azərbaycan-Koreya beynəlxalq arxeoloji ekspedisiyasının Koreya heyətinin rəhbəri, professor Kim Jonq İl Səlbir ərazisində aparılan tədqiqatlar haqqında geniş məlumat verib və gələcəkdə nəzərdə tutulan tədqiqatlar barədə fikir mübadiləsi aparıblar.

Abbas Seyidov arxeoloji araşdırmaların nəticələrini müsbət qiymətləndirib və gələcəkdə də Səlbir ərazisində tədqiqatların miqyasının genişləndiriləcəyini vurğulayaraq, görüləcək işlərə institut tərəfindən hər cür dəstəyin veriləcəyini bildirib.

Qeyd edək ki, 2009-2019-cu illər ərzində Səlbir ərazisində 5000 m2-dən artıq ərazidə arxeoloji tədqiqatlar aparılıb və 2000 m2-dən artıq ərazi konservasiya edilib.

Qədim Qəbələ şəhərinin Çaqqallı, Səlbir və Qala, həmçinin ətrafda olan Kamal təpəsi, Şəhidlər qəbirstanlığı, Bayır şəhər kimi digər arxeoloji sahələr də daxil olmaqla, ümumilikdə 430 ha-dan artıq ərazi keçən əsrin 70-ci illərində qoruq ərazi kimi qeydə alınıb. Hal-hazırda da Qəbələ Dövlət Tarix-Bədii Qoruğu nəzdində dövlət tərəfindən mühafizə olunur.      

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: