AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Bişkek şəhərində MDB alimlərinin IV Forumu çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayevlə görüşüblər.
Z.Eminov görüş zamanı bildirib ki, türkdilli xalqları birləşdirən ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər qarşılıqlı səmərəli fəaliyyət üçün bizə əsas verir. Türkdilli xalqların bir-birini daha yaxından tanıması regional əməkdaşlığı genişləndirir ki, bu da gələcəkdə türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə səbəb olacaq.
Baş direktor AMEA-nın Coğrafiya İnstitutunun bu sahədəki fəaliyyətini qeyd edərək institut alimlərinin hazırladıqları “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi haqqında məlumat verib və kitabın rus dilində çap olunmuş 1-ci və 2-ci cildini institut adından Akademiya prezidentinə hədiyyə edib.
Hədiyyəyə görə təşəkkürünü bildirən M.Cumatayev türkdilli, eləcə də digər dövlətlərin elmi müəssisələri arasında elmi-mədəni, iqtisadi-siyasi və s. əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini, onların həyata keçirilməsi üçün konkret addımlar atıldığını dilə gətirib.
Görüşdə, həmçinin Dilçilik İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyası arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalq proqramlar çərçivəsində müştərək layihələrin həyata keçirilməsi üzrə geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.